Seçkiqabağı piar, xəyanət, yoxsa... nə?
Paşinyan ordunu dəyişir – razı olanlar var, narazılar isə daha çoxdur
04 Noyabr 2025
Ermənistan hökuməti sıravi heyətin məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi qısa müddət ərzində Milli Məclisə təqdim ediləcək.
Ermənistan Müdafiə nazirinin müavini Arman Sarkisyan hökumətin iclasında bildirib ki, silahlı qüvvələrin sıravi heyətində xidmət müddətinin dəyişdirilməsi 2021–2026-cı illər üçün hökumət proqramına uyğun şəkildə həyata keçirilir.
“Bu qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək və müddətli hərbi qulluqçulara şamil olunacaq. Hökumətin 2025-ci ilin qış çağırışının keçirilməsi barədə qərar layihəsinə əsasən, qış çağırışı çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi prosesi 2026-cı il yanvarın 7-dən başlanacaq, yəni 18 aylıq hərbi xidməti 2025-ci ilin qış çağırışına cəlb ediləcək şəxslər keçəcək”, – Sarkisyan qeyd edib.
O bildirib ki, xidmət müddətinin azaldılması 2026-cı il yanvarın 1-dək xidmət edənlərə şamil olunmayacaq.
“Sıravi heyət üçün hərbi xidmət müddətinin azaldılması müqaviləli xidmətin cəlbediciliyinin artması və bu sahədə aparılan işlər sayəsində mümkün olub. Həmçinin bir sıra qanunvericilik təşəbbüsləri həyata keçirilib, hərbçilərin attestasiya proqramı fəaliyyət göstərir, “Vətənin müdafiəçisi” adlı proqram icra olunur, bu proqram üzrə benefisiarların sayı 4220 nəfərdir və artmaqda davam edir”, – Sarkisyan əlavə edib.
Onun sözlərinə görə, söhbət Müdafiə Nazirliyi ilə 5 illik müddətə xidmət müqaviləsi bağlamış müqaviləli hərbçilərdən gedir.
Nazir müavini əmin edib ki, bütün risklər nəzərə alınıb, proses çox mərhələli və idarəolunan şəkildə həyata keçiriləcək, heç bir problem yaranmayacaq.
Ermənistan Müdafiə Nazirliyi 2025-ci ilin sentyabrında məcburi hərbi xidmət müddətinin azaldılması və müqaviləli xidmət müddətinin artırılması barədə qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. Proqnozlara görə, dəyişikliklər qüvvəyə mindikdən sonra 2028-ci ildən etibarən məcburi hərbi xidmətin təşkili xərclərinin azalacağı gözlənilir.
Erməni KİV-lərinin məlumatına əsasən, Baş Qərargahın əksər nümayəndələri bu dəyişikliklərin əleyhinə çıxış edərək, ordunun say tərkibinin ciddi şəkildə azalmasının təhlükə yaradacağını bildiriblər.
Müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyanın fikrincə, hakimiyyət bu qərarı 2026-cı il seçkiləri ərəfəsində siyasi piar məqsədilə istifadə edir.
Müxalif düşərgənin digər nümayəndələri isə daha da irəli gedərək, bunu Paşinyan komandası tərəfindən atılmış “xəyanətkar addım” adlandırırlar. Onların məntiqinə görə, bu kimi qərarlarla Nikol guya Bakı və Ankaranın sifarişlərini yerinə yetirir.
Amma Ermənistan rəhbərliyinin bu qərarının arxasında nə durduğunu araşdırmaq yaxşı olar. Qərar Cənubi Qafqazda sülh prosesinə potensial təhlükə yaradır, yoxsa əksinə, töhfə verə bilər?
Bu mövzuda fikirlərini Pressklub.az-la bölüşən hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə bildirib ki, əslində, bəzi detallar istisna olmaqla, Ermənistanda çağırış sistemi prinsipal olaraq Azərbaycan modelinə, o cümlədən müqaviləli xidmət sisteminə çox bənzəyir.

“Müddətli xidməti başa vuran əsgərlərin orduda qalaraq aşağı zabit heyətinə – serjant, praporşik və s. kimi vəzifələrə keçmək imkanı var. Bu sistem özünü 2020-ci ildə, 44 günlük müharibə zamanı çox yaxşı göstərdi. Başqa sözlə, Ermənistan daxilində bəziləri hazırkı “Vətəndaş Müqaviləsi” hakimiyyətini xəyanətdə ittiham etsələr də, Azərbaycan nümunəsi göstərdi ki, belə tip ordu (məsələn, Azərbaycan ordusu) iki illik çağırış sistemi olan ordunu (Ermənistan ordusunu) uğurla darmadağın edə bilər.
Sözsüz ki, nə Bakı, nə də Ankara İrəvana bu cür tələblər irəli sürə bilməz. Onların tənqidləri yalnız Hindistandan və Fransadan silah alınması ilə bağlıdır. Bu, müəyyən mənada Azərbaycana birbaşa təhlükə yarada bilər. Baxmayaraq ki, Ermənistanın özü də bundan az əziyyət çəkməyəcək. Çünki Azərbaycan da hərbi büdcəsini artırıb. Silahlanma yarışında Ermənistan iqtisadi baxımdan davam gətirə bilməz. Əsgərin xidmət müddətinin 6 ay azaldılması büdcə üçün müəyyən maliyyə qənaəti yarada bilər, amma əgər bu qənaət bahalı idxal silahlarının alınması ilə müşayiət olunacaqsa, çağırışdakı azalma çox cüzi nəticə verəcək.
Ümumilikdə bu məsələdə ciddi qənaət effekti gözləmək düzgün deyil. Çünki bir nəfər 18 aydan sonra tərxis olunduqda, onun yerinə yeni çağırışçı gəlir və bu, ordunun ümumi say tərkibinə təsir etmir”, – ekspert izah edir.
Onun sözlərinə görə, bu sistemin Ermənistan baxımından müsbət tərəfi ondadır ki, daha çox kişi əhali hərbi hazırlıq keçəcək.
“Yəni hərbi hazırlıq görmüş ehtiyat qüvvə artacaq. Amma bunun özünü göstərməsi üçün azı 5 il lazımdır. Bu, toplanma effekti olan prosesdir – yəni hərbi təlim keçmiş, xidmət etmiş insanların sayı zamanla artmalıdır. Bunun üçün onları dövri şəkildə toplanışlara çağırmaq, təkrar hazırlıq keçirmək lazımdır.
Mən hesab etmirəm ki, bu dəyişikliklər Azərbaycana hansısa ciddi təhlükə yaradar. Biz sadəcə bu prosesi izləyəcəyik. Çünki vaxtilə biz də oxşar islahatı keçmişik və ilk illərdə hansı çətinliklər, mənfi cəhətlər yarana biləcəyini yaxşı bilirik. Ermənistan bu islahatla necə bacaracağına baxacağıq və lazım gələrsə, qabaqlayıcı tədbirlər görəcəyik”, – İsazadə bildirib.
Rauf Orucov