Logo
news content
User
Kateqoriyalar

Analitika

Saxta jurnalist vəsiqələrinin satışı...

Ülviyyə Şahin

Xəbər verildiyi kimi, polis karantin rejimində sərbəst hərəkət etmək üçün saxta jurnalist vəsiqələrinin satışına görə 2 nəfəri saxlayıb. Belə ki, daxil olan əməliyyat məlumatı əsasında paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə sərbəst hərəkətləri məhdudlaşdırılan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkarlanaraq götürülüb.

Qeyd edək ki, hələ bu hadisədən əvvəl Bakı Mətbuat Klubu (Press Klub) vətəndaşlara və KİV-ə müraciət etmişdi. Müraciətdə təəssüflə vurğulanırdə ki, “kütləvi informasiya vasitəsi” kimi qeydiyyatdan keçmiş və müvafiq rekvizitlərə malik bəzi fiziki-hüquqi şəxslər bundan sui-istifadə etməyə başlayıblar: “Saxta jurnalist vəsiqələrinin hazırlanması və hətta 20-30 manata satılması barədə sosial şəbəkələrdə xəbərlər dolaşır. Biz adi hallarda da, ekstremal vəziyyətlərdə də ictimai maraqlara xidməti, peşə şərəfi və ləyaqətini uca tutmalı olan professional media qurumlarına müraciət edirik. Profilaktik tədbirlərin əhəmiyyətini azaldan, eyni zamanda jurnalist adına ləkə gətirən belə əməllərin qarşısının alınmasına kömək edin. Saxtakarlara, şərəfli jurnalist vəsiqəsini alver predmetinə çevirənlərə isə müraciətin əhəmiyyətsizliyini başa düşürük. Biz dövlət orqanlarını söz və mətbuat azadlığını məhdudlaşdıran hər cür addımdan çəkindirməklə yanaşı, medianın üstün hüquqlarından çirkli pullar qazanmaq üçün istifadə edənləri şiddətli şəkildə qınayırıq.”

Jurnalist adına ləkə gətirən, onsuz da kifayət qədər problemlər içərisində olan medianın ictimai nüfuzuna daha bir zərbə vuran bu cür hallara qarşı necə mübarizə aparılmalıdır, nə kimi mexanizmlərdən istifadə etmək mümkündür? Suallarımızı media eksperti Ələsgər Məmmədliyə ünvanladıq.

Ə.Məmmədli bildirdi ki, saxtakarlıq edən kim olursa olsun, o, hüquqi baximdan məsuliyyəti daşıyır: “Bu cür əməl nəticə etibarilə sənədin saxtalaşdırılmasıdır, ona görə də bunun birbaşa jurnalistikaya aidiyyətiı yoxdur. İstənilən şəxs saxtakarlıq edə bilər. Mən bunu jurnalistikanın problemi kimi deyil, bir az fərqli, sırf cinayətkarlıq kimi görürəm. Jurnalistlərə gəldikdə isə, Azərbaycanda elə bir sistem yoxdur ki, hər kəs vahid bir mərkəzdə hazılanmış vəsiqələrlə hərəkət etsin. Azərbaycanda müxtəlif - online, offline media, qəzetlər, televizyalar var və hərəsi də öz əməkdaşlarına vəsiqələr verir. Bəziləri ümumiyyətlə, heç vəsiqə də verilmir, hətta əmək müqavilələri belə bağlanmır. Müstəqil, bəzən frilans əməkdaşlıq edirlər. Ona görə də Azərbaycanda demək olmaz ki, bütün jurnalistlərin vəsiqəsi var. Eyni zamanda, demək olmaz ki, bütün vəsiqəsizlər jurnalist deyil. Çünki bəzi jurnalistlər xarici media üçün frilans işləyirlər. Həmin xarici medianın Azərbaycanda qeydiyyatı yoxdur. Onların Azərbaycanda rəsmi olaraq vəsiqə vermək şansları da yoxdur. Amma buna baxmayaraq, jurnalist öz materiallarını həmin strukturda yayır. Bu baxımdan qanunvericilikdə jurnalistlərin fəaliyyətinin hansısa lisenziyalı fəaliyyət olmadığı göstərilib. Dolayısıyla istənilən şəxs jurnalistika fəaliyyəti ilə məşğul ola bilir. Bu yetərlidir ki, qarşı tərəfin tələbi olsun. Yəni onu işə götürən, ondan məlumat istəyən olsun. Bu aspektdən jurnalist olub, vəsiqəsi olmayan jurnalistlər də var ki, informasiya almaq hüququ həm də onlara aiddir.”

Ekspertin sözlərinə görə, Azərbaycan Konstitusiyasının 50-ci maddəsi, Avropa  Konvensiyasının 10-cu maddəsi hər kəsin informasiya almaq hüququnu təminat altına alıb: “Yəni “hər kəs” ifadəsinə sadəcə, vətəndaş və yaxud sadəcə qeydiyyatdan keçmiş jurnalist daxil deyil. Bu məsələləri də ayırmaq lazımdır.”