Logo
news content
User
Kateqoriyalar

Analitika

Şantaj, yoxsa pul... – Rusiyaya loyallıq hansı anlama gəlir?
Belçika prezidenti Putinlə razılaşma imzalamağa və Rusiya ilə münasibətləri normallaşdırmağa çağırır

Avropa İttifaqı Ukraynada müharibə aparan Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlməli, sülhə nail olmalı və yenidən ucuz neft və qaz əldə etməlidir. Bu barədə Belçikanın baş naziri Bart De Vever “L Echo” nəşrinə müsahibəsində bildirib.

“Biz Rusiya ilə münasibətləri normallaşdırmalı və ucuz enerji daşıyıcılarına çıxışı bərpa etməliyik. Bu, sağlam məntiqdir”, – o qeyd edib.

De Veverin fikrincə, ABŞ-ın iştirakı olmadan Ukraynaya hərbi dəstək verilməsi və Rusiyanın iqtisadiyyatını zəiflətməyə yönəlmiş siyasət effektiv deyil: “Yalnız bir çıxış yolu qalır – razılaşma əldə etmək”.

Belçikanın baş naziri həmçinin bildirib ki, Avropa liderləri qapalı görüşlərdə onunla razılaşırlar, lakin “bunu açıq şəkildə deməyə heç kim cəsarət etmir”.

Biz Putinə qarşı sadəlövhlük göstərməməliyik, amma Avropanın maraqları naminə münaqişəyə son qoymalıyıq”, – De Vever vurğulayıb.

Bu bəyanat elə bir zamanda səslənir ki, Kreml özü Avropa İttifaqını Ukrayna üzrə sülh danışıqlarına cəlb etmək istəmir. Yüksək vəzifəli avropalı diplomatın bildirdiyinə görə, Fransa prezidenti Emmanuel Makronun fevral ayında Moskvaya səfər edən və Brüsselə danışıqlar masasında yer əldə etməyə çalışan müşavirləri kobud şəkildə rədd cavabı alıblar.

Avropa İttifaqında Putinlə dialoq məsələsində fikir ayrılıqları qalmaqdadır. Fransa, İtaliya və Macarıstan bu yanaşmanı dəstəklədiyi halda, Polşa, Litva, Latviya və Estoniya buna qəti şəkildə qarşı çıxır.

De Veverin bu açıqlaması Belçikanın xarici işlər naziri Maksim Prevo tərəfindən tənqid olunub.

Rusiya ilə dialoq aparmalıyıq? Bəli. Diplomatiyanın mahiyyəti də budur – razılaşmadığın tərəflə də danışıq aparmaq. Lakin dialoq münasibətlərin normallaşdırılması demək deyil. Bu, prinsipial fərqdir”, – o vurğulayıb.

Prevo xatırladıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakını rədd edir və maksimalist tələblər irəli sürür.

Belə olduğu halda, münasibətlərin normallaşdırılması barədə danışmaq zəiflik siqnalıdır və hazırda bizə hər zamankından daha çox lazım olan Avropa birliyini sarsıdır”, – o bildirib.

Prevo həmçinin qeyd edib ki, “Belçikanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır”.

Xatırladaq ki, De Vever Avropa Komissiyasının ötən il ölkəsində dondurulmuş Rusiya aktivlərindən Kiyevə kredit ayrılması üçün istifadəni nəzərdə tutan planını bloklamışdı.

De Veverin son açıqlamalarını şərh edən Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen xatırladıb ki, Avropa İttifaqı artıq Rusiya enerji daşıyıcılarının idxalından imtinanı qanunla təsbit edib.

Keçmişdə etdiyimiz səhvləri təkrarlamaq yanlış olardı. Gələcəkdə biz Rusiyadan bir molekul belə idxal etməyəcəyik”, – deyə o vurğulayıb.

Ukraynada müharibə başlamazdan əvvəl Aİ-nin qaz idxalında Rusiyanın payı 40%-dən çox idi. 2025-ci ildə bu göstərici təxminən 13%-ə düşüb, Rusiya neftinin payı isə 3%-dən aşağı enib.

Lakin Belçika baş nazirinin açıqlamaları göstərir ki, o, az qala sabahdan etibarən Rusiyanın Qərb enerji bazarlarına çıxışının məhdudlaşdırılması istiqamətində əldə olunmuş bütün nəticələri pozmağa hazırdır. Bu isə Rusiyaya Ukraynada yeni ərazilərin işğalını davam etdirmək, şəhərləri bombalamaq və nəticədə uşaqların, qadınların və yaşlıların həyatına son qoyan müharibəni maliyyələşdirmək üçün milyonlarla, milyardlarla avro qazandırmaq deməkdir.

Bu amansız və qeyri-insani müharibənin başlamasından artıq dörd il ötüb. Lakin bu fakt De Veverin “Rusiya ilə münasibətləri normallaşdırmaq” fikrini irəli sürməsinə mane olmur. Niyə? “Ucuz enerji daşıyıcılarına çıxışı bərpa etmək” üçün.

Belçika baş naziri üçün əsas məsələ məhz budur – başqa bir Avropa ölkəsində, Ukraynada hər gün insanların həyatını itirməsi yox. Üstəlik, o, bu yanaşmanı “sağlam məntiq” adlandırmaqdan da çəkinmir.

Sual yaranır: Avropa ölkələrində hakimiyyətə De Vever kimi siyasətçilərin gəlməməsi üçün daha nə baş verməlidir? Axı Putin 2025-ci ilin ikinci yarısından onları açıq şəkildə sınağa çəkir, müxtəlif Aİ ölkələrinə, o cümlədən Belçikaya pilotsuz aparatların göndərilməsi ilə onları qorxutmağa çalışır. Bununla o, faktiki olaraq növbənin onlara çatacağını göstərir.

Bəs bu siyasətçilərdə təcavüzkara qarşı “razılaşma əldə etməyin mümkünlüyü” barədə bu qədər sadəlövh inam haradan yaranır? Və bu düşüncə tərzini dəyişmək mümkündürmü?

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist, keçmişdə ABŞ Milli Demokratik İnstitutunda çalışmış Aleks Qriqoryevs bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, ilk növbədə qeyd edib ki, məhz strateji qeyri-müəyyənlikdən daha çox zərər görmüş və coğrafi baxımdan aqressiya mənbəyinə daha yaxın olan ölkələrdə sağlam düşüncənin yoxluğunu “sağlam məntiq” kimi təqdim etmək meylinin yaranması paradoksaldır.

Orbanı xatırlayın. Rusiya 1848-ci ildə Avstriya hakimiyyətinə qarşı Macarıstan üsyanını yatırdı, Birinci Dünya müharibəsində Macarıstanın məğlubiyyətinə töhfə verdi, İkinci Dünya müharibəsindən sonra ölkəni işğal etdi və 1956-cı ildə xalq üsyanını yenidən qanla boğdu. Amma Orban Putini sevir. Mən 1989-cu ildə onunla və FİDES liderləri ilə müsahibə almışdım. O zaman Rusiyaya belə “sevgi” yox idi.

Belçika isə 1937-ci ildə İngiltərə və Fransa ilə bütün müttəfiqlik əlaqələrindən imtina edərək Hitler Almaniyasından neytrallıq zəmanətləri qəbul etdi. Bu zəmanətlərə inandı, müharibəyə ciddi hazırlaşmadı və Almaniya hücum edəndə cəmi iki həftə yarım – 18 gün müqavimət göstərə bildi. Neytrallığın əsas tərəfdarı və təşəbbüskarı olan kral III Leopold kapitulyasiya elan etdi”, – ekspert xatırladıb.

Onun sözlərinə görə, Budapeşt Memorandumunu və nüvə dövlətlərinin, o cümlədən Rusiyanın Ukraynaya verdiyi təminatları da unutmaq olmaz.

Unutmayaq ki, Rusiyanın qazından imtina edən Avropa yox, məhz Rusiya qışda qaz təchizatını dayandıraraq Avropanı dondurmaq istədi. Belə olan halda, sağlam məntiq nədir – Rusiyadan asılı vəziyyətə düşmək, yoxsa əksinə, özünü riskə atmamaq üçün onunla bütün ticarət əlaqələrini dayandırmaq?

Qeyd etmək lazımdır ki, Belçikanın baş naziri həm öz xarici işlər nazirin, həm də digər Avropa liderləri tərəfindən ciddi tənqid olunub.

Nə etmək lazımdır? İzah etməyə və öyrətməyə davam etmək. Ən yaxşı müəllim isə elə Rusiyanın lideridir. O, bütün razılaşmaları sistemli şəkildə pozur, bütün “qırmızı xətləri” keçir və dəfələrlə bildirir ki, Ukrayna müharibəsi ilə dayanmaq niyyətində deyil. Bunu başa düşmək istəməyənlər var? Görünür, ya şantaj altındadırlar, ya da pul müqabilində belə mövqe tuturlar. Avstriyanın keçmiş xarici işlər nazirini xatırlayırsınız? Putinlə rəqs edirdi. Yaxşı məbləğə “rəqs etmişdi”, – Qriqoryevs bildirib.

Rauf Orucov