Logo
news content
User
Kateqoriyalar

Analitika

“Şahramanyanın hərəkətlərinə fikir verməyə dəyməz”
Sülh müqaviləsinin imzalanması prosesi pozula bilərmi?

“Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında fərman artıq mövcud deyil. Bunu “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında “prezident”in müşaviri Vladimir Qriqoryan bildirib.

Onun iddiasına görə, “prezident”in 19 oktyabr tarixli “fərmanı” buna əsas verir. Həmin “fərmana” əsasən “bütün hökumət, parlament üzvləri, Təhlükəsizlik Şurasının katibi, hüquq-mühafizə orqanları, Stepanapakert meri və inzibati ərazi rəhbərləri könüllülük əsasında vəzifələrini icra etməkdə davam edirlər”.

Samvel Şahramanyanın “fərmanında” o da qeyd olunur ki, 2023-cü il oktyabrın 1-dən sonra “DQR” adından verilən sənədlər etibarlıdır.

Qriqoryanın sözlərinə görə, “hesab etmək olar ki, cənab Şahramanyan sentyabrın 28-də imzaladığı fərmanı ləğv edib. Yəni, hökumət və bütün digər qurumlar 2023-cü ildən sonra da fəaliyyətini davam etdirəcək”.

Bütün bunlar Samvel Şahramanyanın sentyabrın 28-də “DQR”in buraxılması haqqında “fərmanını” ləğv edən yeni “fərmanı” imzalayacağı anlamına gəlirmi” sualına cavabında Qriqoryan iddia edib ki, “DQR”in buraxılması barədə “qərar” qanunsuzdur və “DQR” 2023-cü ildən sonra mövcud olacaq”.

“28 sentyabr tarixli fərman artıq yoxdur”, - o deyib.

Rəsmi İrəvan hələlik bu bəyanatı şərh etməyib. Bakı da hələlik bu iddiaya münasibət bildirməyib. Lakin bu bəyanatın Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin imzalanmasına olan ümidləri puça çıxara biləcəyi şübhəsizdir.

“Kimə sərfə edir” prinsipindən çıxış etsək, bu addımların arxasında Moskvanın dayandığını güman etmək olar. Xatırladaq ki, Bakı və İrəvan son günlər vasitəçilərin, yəni o cümlədən Moskvanın da iştirakı olmadan sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü bəyan edirdilər.

Sülh müqaviləsi danışıqlarının uğursuzluğu o demək olacaq ki, Bakı və İrəvan təkcə öz aralarında danışıqlar aparmamalı, həm də kömək üçün Rusiyaya müraciət etməlidirlər.

Xatırladaq ki, “DQR” və onun bütün strukturlarının 2023-cü ilin sonunadək buraxılması haqqında “fərmanın” dərc edilməsi Şaxramanyanın məsuliyyətdən azad edilməsi və Qarabağdan sərbəst çıxması üçün şərtlərdən biri idi.

Maraqlıdır, bu mövzu niyə indi birdən-birə aktuallaşıb? Bunun danışıqlar prosesinə hansı təsiri ola bilər? Axı, son vaxtlar hesab edilirdi ki, Qarabağ məsələsi artıq İrəvanla Bakı arasında gözlənilən sülh sazişinin gündəliyindən tamamilə çıxarılıb. İndi isə bu, qıcıqlandırıcı faktor kimi yenidən gündəmə gəlir. Qarabağdan qaçan separatçıların addımlarının arxasında Kremlin dayanması mümkündürmü?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev old.pressklub.az-a verdiyi açıqlamada bildirib ki, bu, Rusiya da, Fransa da və ya başqa qüvvə də ola bilər.

Fikrimcə, bu barədə düşünmək səmərəsiz olar. Hamıya yaxşı məlumdur ki, Azərbaycan və Ermənistan son aylar bir neçə dəfə sülh müqaviləsinin bağlanmasının yaxın gələcəkdə mümkün olması barədə fikirlər səsləndiriblər. Və təbii ki, Qarabağın keçmiş qeyri-qanuni rəhbərlərinin məhz indiki mövqeyi uyğunsuz səsləndi. Bunun indi baş verməsi boş yerə deyil. Amma hesab edirəm ki, sülh müqaviləsini imzalayacaq tərəflər “it hürər, karvan keçər” prinsipi ilə hərəkət etməlidir”, - deyə vəkil bildirib.

Ümumiyyətlə, 30 ildən çox müddətdə Azərbaycanın mövqeyi əyilməz olub – “DQR” kimi qurum yoxdur”, - deyə Ağayev xatırladıb.

Bu oyuncaq strukturu Ermənistan Respublikası yaradıb, Ermənistan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilib və Azərbaycan ərazisini tərk edərək Ermənistan gedənlərə də kompensasiya Ermənistan Respublikasının büdcəsindən ödənilir. Yəni, Ermənistan vətəndaşlarının vergiləri hesabına. Amma bu bizim problemimiz deyil.

Biz Qarabağ separatçılarını danışıqlar prosesinin subyekti hesab etməmişik və etməyəcəyik. “DQR”in bundan əvvəlki “mövcudluğu” da Azərbaycan üçün hüquqi baxımdan beynəlxalq prizmada heç nəyi dəyişmirdi. İndi isə heç danışmağa da dəyməz. Hesab edirəm ki, Şahramanyanın “fərmanını” ləğv edib-etməməsi ilə bağlı müzakirələr bizim üçün tamamilə mənasızdır. Bizim nöqteyi-nəzərimizə görə, belə “prezident” və “respublika” olmayıb və yoxdur. Və təbii ki, bu strukturun adından yayılan bütün aktlar əvvəlcədən əhəmiyyətsizdir. Düşünürəm ki, buna diqqət yetirməyə dəyməz. Çünki biz Şahramanyanın hərəkətlərinə diqqət yetirsək, belə çıxır ki, sülh müqaviləsinin imzalanmasını pozmaqda maraqlı olanların dəyirmanına su tökürük. Bunun arxasında kim olmasından asılı olmayaraq”, - deyə hüquqşünas yekunlaşdırıb.

Rauf Orucov