Saakaşvili: Beş dəqiqəyə islahatlar. Epizod 3. Səhiyyə islahatı
11 Dekabr 2019
Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi.
Keçmiş prezident dəyişikliklər istəyən digər postsovet ölkələrinə, ilk növbədə indi yaşadığı Ukraynaya kömək məqsədi ilə “Beş dəqiqəyə islahatlar” adı altında silsilə videoçarxlar hazırlayıb.
- Mən bunları keçmişəm, - deyir Saakaşvili. – Ona görə də məsləhətlərimi verə, öz qələbələrimdən və uğursuzluqlarımdan danışa bilərəm.
Keçmiş prezidentin islahatlar yolunda mənfi və müsbət təcrübəsinin indiki şəraitdə Azərbaycan üçün də çox faydalı olduğunu düşünərək, onun son dərəcədə maraqlı çıxışlarını kiçik ixtisarlarla təqdim edirik.
Saakaşvili: Beş dəqiqəyə islahatlar
Epizod 3. Səhiyyə islahatı
...90-cı illərin sonunda məndən əvvəl ölkə rəhbəri olmuş Şevardnadzenin Dünya Bankının köməyi ilə həyata keçirdiyi səhiyyə islahatı insanlara praktik olaraq heç bir yaxşı şey vermədi. Bu uğursuz islahatdan sonra biz Gürcüstanda səhiyyə sistemini köklü olaraq dəyişmək qərarına gəldik.
Yeni islahatın müəllifi Kaxa Bendukidze idi. Əlbəttə, kəskin qarşıdurma da oldu. Məsələn, məşhur əhvalatı danışım. Xəstəxanaların birində ölkənin hörmətli baş həkimlərindən biri Bendukidze ilə mübahisə etmişdi, hətta Bendukidze onu yeddinci mərtəbənin pəncərəsindən aşağı atacağı ilə hədələmişdi. Ətrafda araya girən insanlar olmasaydı, o, bu hədəsini həyata keçirə bilərdi.
Bendukidze nə etmişdi? Gürcüstanda çoxlu xəstəxanalar var idi. Çünki, Sovet İttifaqı həmişə kapitalist ölkələrlə müharibəyə hazır dayanmışdı və bu səbəbdən çoxlu sayda yaralı əsgər qəbul edə bilmək üçün böyük xəstəxanalar tikilmişdi. Həmin xəstəxanaların əksəriyyəti şəhərin mərkəzində yerləşirdi. Çox gözəl daşınmaz əmlaklar idi, amma, əlbəttə ki, pis vəziyyətə düşmüşdülər. Biz özəl səhiyyə şirkətlərinə müraciət edib dedik ki, bu binaları özünüzə götürə, sata, uçura, onları hotellərə çevirə və sair məqsədlər üçün istifadə edə bilərsiniz. Lakin bunun əvəzində Gürcüstanın göstərdiyimiz yerlərində müasir xəstəxanalar tikməyinizi istəyirik. Məsələn, altı xəstəxana üçün lot elan edəcəyik, sizə verdiyimiz nəhəng mərkəzi xəstəxananın müqabilində şəhərdə bir dənə, ətraf rayonlarda, yaxud kəndlərdə isə beş dənə xəstəxana tikəcəksiniz. Biz də öz növbəmizdə dövlət büdcəsi hesabına əhalinin 1/3 hissəsindən çoxunu sığortalayacağıq, sizə hazır sığorta bazarı yaradacağıq. İki il ərzində Gürcüstanda 150 elə müasir xəstəxanalar tikildi ki, onlardan hazırda Ukraynada heç bir dənəsi də yoxdur. Sonralar daha 50 xəstəxana tikildi, indi onların ümumi sayı 200-ü ötür. Bu xəstəxanalar Almaniya, Avstriya, Amerikadakı kimi xəstəxanalardır; hər xəstə üçün ayrıca palata, tualet, duş, rahat şərait, lazım olan cihazlar var, təchizat ən yüksək standartlara uyğundur. Çox kasıb bir kəndin sakini 3-4 gün ərzində bu yüksək standartlara cavab verən xəstəxanaya düşəndə özünü ən azından dördulduz hoteldə hiss edir. Sığorta isə onun həmin günlər ərzində bütün xərclərini ödəyir. Əlbəttə, bu həm də o deməkdir ki, artıq həkimlər gözlərini xəstələrin cibinə, əlinə dikmirlər, çünki maaşları 10 dəfələrlə artıb. Məsələn, mənim prezidentlik dövrümün sonuna yaxın oftolmoloqlar azı 10 min dollar, yaxşı cərrah rəsmi olaraq 6-7 min dollar, digər həkimlər də 10 min dollaradək maaş alırdılar. Təbii olaraq bu hal xəstələrin üzərindən stressi götürdü. Bizim xaricdə işləyən bir çox həkimlərimiz geri dönüb öz ölkələrində çalışmağa başladılar, çünki onların buradakı maaşları artıq Amerika və ya Qərbi Avropadakından az deyildi.Bu sistem tamamilə özəldir və yaxşı işləyir, dövlət isə sığorta ödənişini təmin edir. Pulu biz nə baş həkimlərə, nə Səhiyyə Nazirliyinə, nə də mütləq həmin vəsaitdən nəsə oğurlayacaq məmura vermirik. Biz pulu birbaşa pasientə veririk, pasient onu birbaşa özəl xəstəxanaya ödəyir, dövlət isə arbitr qismində çıxış edərək göz qoyur ki, xəstəxana real qiymətdən artıq tələb etməsin. Biz əvvəlcə əhalinin 30 faizini – öz xərclərini ödəyə bilməyən ən kasıb təbəqəsini sığortaladıq, işəgötürənlər isə əməkdaşlarını ayrıca sığortaladılar. Tədricən biz 100 faizlik baza paketinə keçməyi planlaşdırırdıq. Elə etmək istəyirdik ki, bütün kasıb təbəqələri tam sığortalayaq, elə hal olmasın ki, kimsə imkansızlığı ucbatından keyfiyyətli müalicə ala bilməsin. Nəticədə biz Şərqi Avropada ən yaxşı səhiyyə sisteminə malik olduq və bunu son vaxtlara qədər ən geridəqalmış bir bölgədə yaratdıq. ...Belə islahatları çox sürətlə, maksimum 3-4 ilə həyata keçirmək və Polşa, Çexiya, Macarıstandaki səhiyyə sistemindən də üstün sistem qurmaq mümkündür. Hətta Gürcüstandakı səhvlərdən dərs çıxararaq daha yaxşı nəticə əldə edə bilərsiniz. Bunun üçün sadəcə siyasi iradə və mövcud bürokratiyanın, beynəlxalq təşkilatların şıltaqlıqlarına fikir verməmək lazımdır. Yalnız pasienti fikirləşmək, pulu yalnız pasientə vermək və özəl sahibkarlığın azadlığını təmin etmək lazımdır. Bu halda əhali üçün pulsuz, keyfiyyətli səhiyyəmiz olacaq!(“Epizod 4. Xaricdə islahatlarımıza nə deyərlər: Beynəlxalq Vaiyuta Fondu ənliksiz-kirşansız” mövzusunda 5 dəqiqəlik söhbəti sabah oxuyun)