Saakaşvili: Beş dəqiqəyə islahatlar. Epizod 2. Təhsil islahatı
10 Dekabr 2019
Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi.
Keçmiş prezident dəyişikliklər istəyən digər postsovet ölkələrinə, ilk növbədə indi yaşadığı Ukraynaya kömək məqsədi ilə “Beş dəqiqəyə islahatlar” adı altında silsilə videoçarxlar hazırlayıb.
- Mən bunları keçmişəm, - deyir Saakaşvili. – Ona görə də məsləhətlərimi verə, öz qələbələrimdən və uğursuzluqlarımdan danışa bilərəm.
Keçmiş prezidentin islahatlar yolunda mənfi və müsbət təcrübəsinin indiki şəraitdə Azərbaycan üçün də çox faydalı olduğunu düşünərək, onun son dərəcədə maraqlı çıxışlarını kiçik ixtisarlarla təqdim edirik.
Saakaşvili: Beş dəqiqəyə islahatlar
Epizod 2. Təhsil islahatı
... Ölkənin təhsil sisteminin dağılmasını izləmək çox acıdır.
Yeri gəlmişkən, bizdə Gürcüstanda da vəziyyət tamamilə eyni cür idi. Həqiqətdə təhsilin keyfiyyəti faciəvi şəkildə aşağı düşmüşdü. Bu halda biz nə etdik? İlk növbədə biz “Kənar Müstəqil Qiymətləndirmə” adlanan yeni qəbul qaydaları tətbiq etdik, daha sonra köklü şəkildə bütün təhsil sistemini dəyişdik. Biz tələbələrə vauçer (onların dövlət hesabına təhsil almasına imkan verən maliyyə sənədi – PK) verdik və özəl məktəblərin, özəl və dövlət universitetlərin hüquqlarını bərabərləşdirdik. Bu o deməkdir ki, ümumi imtahanda müəyyən bal toplamış tələbə özəl və ya dövlət universitetləri arasında özü seçim edir. Tələbə öz seçimini edir, “səs verir”, dövlət isə imtahanda əldə etdiyi nəticəyə əsasən ona vauçer verməyə, təhsilinə pul ayırmağa borcludur.
Bir sözlə, biz pulu məmurlara, rüşvətxor rektorlara deyil, tələbələrə veririk. Rektorluqlar, universitetlər isə bərabər şərtlərlə “təhsil bazarına” çıxırlar: dövlət və ya özəl, fərq etməz. Yeri gəlmişkən, bu qaydaları biz məktəblərdə də tətbiq etdik. Beləliklə, artıq valideyn, şagird, tələbə daha yaxşı təhsil verən müəssisəyə “səs verir”. Onlar elə universiteti seçirlər ki, həmin təhsil ocağının diplomu ilə daha yaxşı işə düzəlmək, daha yüksək səviyyə qazanmaq olar.
Bu sistem ona gətirib çıxardı ki, Gürcüstanda universitetlərin reytinqində ilk onluqda aparıcı yerləri özəl məktəblər tutdular. Nə üçün? Çünki, onlar məsələyə daha praqmatik yanaşdılar. Onların böyük inzibati-təsərrüfat xərcləri yoxdur, binaları daha müasirdir. Bu binaları saxlamaq daha az xərc aparır, hətta bu binaların isidilməsi belə ucuz başa gəlir. Bir sözlə, biz bu işə daha praqmatik yanaşdıq.
Dövlət, əlbəttə, bu məsələdə özünü kənara çəkmədi, bizim xüsusi proqramlarımız mövcud idi. Məsələn, biz Gürcüstanda hər orta məktəbə Amerikadan bir ingilis dili müəllimi gətirdik, uşaqlar amerikalı müəllimlərlə ünsiyyətdə olmaq, dili birbaşa onlardan öyrənmək imkanı qazandılar. Yeri gəlmişkən, bu, bizə baha başa oturmadı. Kifayət qədər çoxlu könüllülər var idi. {Başqa yerlərdə} bu sistemi tətbiq etmək daha rahatdır. Çünki, {məsələn,} Ukraynanın Amerikada və Kanadada böyük diasporu var. Onlar böyük məmnuniyyətlə tarixi vətənlərinə gəlib dərs deməyə razı olarlar.
Biz dövlətin adından hər bir məktəbliyə kompüter verdik və ora {elektron} kitablar yüklədik. Bu o deməkdir ki, məktəblinin nəinki müasir texnologiyaya əli çatır, hətta kompüterini evə apara bilir. Əgər məktəbli kasıb ailədəndirsə, o zaman bu həm də sosial bərabərlik məsələsidir: kasıb ailədən olan məktəbli bir neçə yüz dollar dəyərində olan kompüteri rahat evə apara bilər. Həmin kompüterləri də biz Gürcüstanda istehsal edirdik.
Biz əzbərçilik üzərində qurulmuş proqramlardan uzaqlaşdıq, daha geniş fikirləşmək, dərk etmək, dünyagörüşünü artırmaq imkanı verən proqramlara üz tutduq.
Biz müəllimlərə dedik: sizi işdən çıxarmırıq. Əgər imtahandan keçsəniz, öz sahəniz üzrə yeni təhsil metodları tətbiq etsəniz, məsələn, kompüter biliklərinizi artırsanız, əlavə xarici dilə yiyələnsəniz, sizi nəinki işdən kənarlaşdırmayacaq, hətta maaşınızı 3-4 dəfə artıracağıq. Bütün bu ixtisas mərhələlərini keçmiş müəllimlərin maaşlarını 200-300 dollardan 1000 dollara kimi qaldırdıq. Əlbəttə, biz bunu planlı və proqram şəklində həyata keçirdik, müəllimlərin həmin səviyyəyə yüksəlməsinə və ixtisaslaşmasına kömək üçün xaricdən mütəxəssislər dəvət etdik. Müəllimlər üçün gözəl, müasir hazırlıq mərkəzləri açdıq. Nəticədə yüksək ixtisaslı müəllimlərimiz yetişdi, onların maddi stimulları var idi. Bundan başqa, universitet bitirən ixtisaslı gənclər də müəllimliyə getməyə stimul qazanqılar. Çünki gördülər ki, ali məktəbi bitirən kimi 21-22 yaşlarında 1000 dollarlıq maaşla iş tapa bilərlər. Bir sözlə, müəllim heyəti cavanlaşmağa başladı. Yaşlı nəsildən olan müəllimləri isə işdən qovmurduq. Onlara seçim imkanı verirdik: ya elə bu 200-300 dollarlıq işinizdə qalın, ya da yaxşı pensiya paketi əldə edərək çıxın. Beləliklə, rəqabət, maddi stimul, şəffaflıq, ən əsası isə pulların rektorluq vasitəsilə xərclənməsi deyil, birbaşa şagirdlərə, tələbələrə verilməsi öz sözünü dedi və müsbət nəticə əldə olundu.
Gürcüstanda şagirdlərin məktəb üçün pul yığmaları ümumiyyətlə mümkün deyildi. Ancaq Odessada mən şoka düşmüşdüm. Müəllimlər və direktorlar kütləvi şəkildə şagirdlərdən, tələbələrdən yığdıqları pullar hesabına yaşayırdılar. Gürcüstanda bunun üstündə birbaşa həbs edərdilər. Ancaq biz həm də təhsil ocaqlarını lazımi qaydada təmin edirdik. Tələbələr, şagirdlər rüşvətə qurban verilməməlidirlər. “Biz sizi direktor təyin edək, bundan sonra gedin özünüzə pul tapın” demək olmaz! Xeyr! Belə olmamalıdır! Dövlət onları maliyyələşdirməlidir.
Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır. Ukraynada hər il 50 min gənc Polşaya təhsil almaq üçün gedir. Ayılmaq lazımdır! Əks halda Avropa bizim ən yaxşı tələbələrimizi əlimizdən alacaq. Biz isə əliboş qalacağıq. Nə üçün gənclər təhsil üçün ora gedirlər? Çünki, Kremençuqda özəl universitetdə oxumaq tələbəyə Varşavanın mərkəzindəki ən yaxşı biznes Akademiyada oxumaqdan baha başa gəlir... Mən hələ təhsilin keyfiyyətindən danışmıram. Bu səbəbdən biz gənclərimizi itiririk....
Gəlin vəziyyəti dəyişək!