Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın “səssizliyinin” sirri

Rusiya Federasiyasının Azərbaycanın başladığı əks-hücum əməliyyatlarına reaksiyası gözlənildiyi kimi olmadı. Ən azı, bu barədə irəli sürülən ehtimallar hələlik özünü doğrultmayıb. Uzun müddət mediada, siyasi çevrələrdə aparılan təbliğatın əsas tezisləri özünü doğrultmuş olsaydı, indi Moskva Azərbaycanı dayandırmaq üçün müəyyən tədbirlərə cəhd etmiş olardı. Amma bu gün fərqli mənzərədir, hətta Fransanın Ermənistanı qorumaqda canfəşanlığı daha qabarıq görünür. Erməni ictimai rəyi də buna dəyər verməklə bərabər, Moskvanı qamçılayır, hətta strateji müttəfiqin ünvanına xəyanət ittihamları getdikcə artmağa başlayıb.

Bəs, Rusiya 27 sentyabrdan bugünə qədər nə edib?

  • Ermənistanı fasiləsiz olaraq silah, hərbi texnika ilə təmin etməkdə davam edib;
  • BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq, müharibənin qeyd-şərtsiz dayandırılmasını tələb edib;
  • Minsk Qrupunun digər həmsədrləri – ABŞ və Fransa ilə bərabər hərbi əməliyyatların dərhal dayandırılmasına, humanitar missiyanın həyata keçirilməsinə çağırıb;
  • Prezident Putin 3 dəfə Ermənistanın baş naziri Paşinyanın təşəbbüsü ilə cəbhədəki vəziyyəti onunla müzakirə edib;
  • Rusiya rəhbərliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fəal təmasdadır, situasiya müzakirə olunur;
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa və İran rəhbərliyi ilə də tez-tez telefon əlaqəsi saxlayır və s...
Bu siyahını xeyli uzatmaq olar, məlum olur ki, RF heç də sakit müşahidəçi mövqeyində dayanmayıb, bütün hərəkətləri daha çox Ermənistanın maraqları ilə uzlaşır. Bu gün səhər yayılan xəbərə görə, Paşinyanın müavini Mqer Qriqoryan Moskvaya konfidensial səfərə yollanıb, orada görüşlər keçirəcək. Şübhəsiz ki, bu səfər Putin-Paşinyan söhbətində razılaşdırılıb və konkret missiyası var.

Amma bütün baş verənlər Azərbaycan cəmiyyətində “Rusiya niyə sakit dayanıb” sualını gündəmdən çıxara bilməyib. Ölkə ictimaiyyətində Moskvadan hansısa mərhələdə bir zərbə gözləntisi mövcuddur. Bu isə özlüyündə daha çox müxtəlif təzyiqlərlə hərbi əməliyyatların dayandırılmasını ehtiva edir ki, ictimai rəy buna qətiyyətlə qarşı çıxır. İctimaiyyətdə belə bir fikir tam oturuşub ki, Azərbaycan Ordusunun apreldə (2016) və iyulda (2020) olduğu kimi dayanması çox yanlış olar.

Yenidən əsas suala qayıdaraq Rusiyanın bir qədər passiv, Ermənistanı da narazı salan siyasətinin səbəblərini izah etməyə çalışaq. Əvvəlcə mənzərənin dəqiq təsvirini verək:

  • Azərbaycan Ordusu hazırda beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində işğal olunmuş torpaqlarını azad etməyə çalışır. Bu, tamamilə beynəlxalq hüquqa uyğundur;
  • Dövlət sərhədlərində Ermənistana qarşı hər hansı əməliyyat aparılmır;
  • Ermənistan, habelə Dağlıq Qarabağdakı erməni əhalisi qəsdən vurulmur, baxmayaraq ki, düşmən ordusu dayanmadan Azərbaycanın yaşayış məntəqələrini atəş altında saxlayır;
  • Türkiyə Azərbaycana tam olaraq mənəvi-siyasi dəstək versə də, bu ölkəyə məxsus silahlı qüvvələr döyüş əməliyyatlarına cəlb olunmayıb. Bu barədə Ermənistan və onun dəstəkçiləri müxtəlif iddialar irəli sürsələr də, ortaya konkret faktlar qoyulmayıb.
Beləliklə, Azərbaycan hərbi əməliyyatlar aparmaqla bərabər, hər hansı xarici müdaxilə üçün bəhanələr və əsaslar yaratmayıb. Bakının mövqeyi bundan ibarətdir: 27 ildir torpaqlar işğal altındadır, bu müddətdə biz sülh danışıqları aparmaqla, münaqişənin dinc yolla nizamlanmasını gözləmişik. Lakin vasitəçilər ədalətli sülh planı təqdim etməyiblər, işğalçıya təzyiq göstərməyiblər. Ermənistanın yeni hökuməti isə danışıqlar prosesini pozub, Qarabağın Ermənistana aid olduğunu bəyan edib, habelə, orada məskunlaşdırma siyasətinə start verib. Beynəlxalq birlik Ermənistanın bu özbaşınalığına lazımi reaksiya verməyib. Azərbaycan isə beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazilərini hərbi yolla işğaldan azad etməyə qərar verib.

Bu situasiyada Rusiya nə edə bilər? Azərbaycana qarşı hərbi təcavüz mümkündürmü? Gürcüstan və Ukrayna ssenarisi işə salına bilərmi?

Bu suallara cavab tapmaq üçün Rusiyanın real vəziyyətinə, apardığı xarici siyasətə, o cümlədən Ermənistanın yeni rəhbərliyi ilə münasibətlərinə baxmaq lazımdır.

Moskva postsovet məkanında əvvəlki nüfuzunu xeyli itirib. Gürcüstan və Ukrayna ərazilərinin işğalındakı rolu ona qarşı ciddi beynəlxalq sanksiyalarla yanaşı, onu qonşular üçün də etibarsız tərəfdaşa çevirib. Xalqlar Rusiyaya neqativ yanaşırlar. Bu, sovet mirası üzərində hegemonluğa iddia edən Kreml administrasiyası üçün arzuolunmaz mənzərə yaradır. Hiss olunur ki, Rusiya rəhbərliyi də bu neqativ münasibətin fərqindədir. Belarusda davam edən inqilabi proseslərə Moskvanın son dərəcə ehtiyatlı yanaşması, kobud müdaxilədən çəkinməsi də bu ehtimalı təsdiqləyir. Bilirlər ki, problemi yeni Ukrayna böhranına çevirmək üçün resurslar yoxdur, Qərblə konfrontasiyanın dərinləşməsi yeni problemlər yaradır. Azərbaycanın həyata keçirdiyi əməliyyatlara sakit görünən reaksiya ilk növbədə bununla bağlıdır. Rusiya daha bir MDB ölkəsi ilə açıq düşmən olmaq istəmir, bu, onun xarici siyasət prioritetlərinə uyğun deyil. Çünki Azərbaycan qonşu ölkə olmaqla bərabər, coğrafi mövqeyi, təbii, siyasi, iqtisadi resursları ilə mühüm ölkədir. Onu birdəfəlik itirmək olmaz.

İkinci mühüm amil Türkiyənin Cənubi Qafqazda aktiv xarici siyasətə başlaması, regiondakı maraqlarını fəal şəkildə qorumasıdır. Moskva Ankaranın maraqlarını nəzərə almağa məcburdur, sərhədlərində yeni bir konflikt mənbəyi yaratmaq istəmir. Çünki buna ilk növbədə resursları çatmır, daha sonra Suriyada, Liviyada yaxın keçmişin təcrübələri var. Ərdoğan hakimiyyəti olduqca qərarlı xarici siyasət aparır və bu da öz nəticələrini verməkdədir. Azərbaycan üzərində Türkiyə ilə toqquşmaq isə perspektivsiz və mənasızdır. Rusiya yaxşı bilir ki, 10 milyonluq Azərbaycan xalqı işğal altındakı torpaqların azad olunmasını istəyir və Türkiyəni əsas müttəfiqi olaraq görür. Bu şəraitdə Türkiyə ilə münaqişəyə girmək Azərbaycanı birdəfəlik itirmək demək olacaq.

Rusiyanın müdaxiləsini “gecikdirən” daha bir amil Moskva ilə inqilabçı Paşinyan iqtidarı arasındakı soyuq münasibətlərdir. Qısaca yazaq ki, Paşinyan Rusiyaya bağlı qüvvələri təmsil etmir, iki il əvvəl o, Kremlin bütün cəhdlərinə rəğmən, Rusiyanın dəstəklədiyi Qarabağ klanını devirərək hakimiyyətə yiyələnib. Bu zaman Qərbdən, xüsusən ABŞ və Fransadan siyasi dəstək alıb. İki il ərzində Robert Köçəryan başda olmaqla, rusiyapərəst qüvvələri əzməyə çalışıb, parlamenti dəyişib, Qərblə əlaqələri gücləndirməyə çalışıb. Bütün bunlar Moskvada qıcıqla və müqavimətlə qarşılanıb. Rusiya indi Azərbaycanın apardığı hərbi əməliyyatlara revanş imkanı kimi baxır. Məlumdur ki, müharibənin 6-cı gününə qədər Ermənistan ordusu xeyli canlı qüvvə, saysız-hesabsız hərbi texnika və nəzarət etdiyi bəzi əraziləri itirib. Situasiya günü-gündən ağırlaşır, itkilər artdıqca Ermənistan cəmiyyətində Paşinyan iqtidarına qarşı etirazlar yüksəlir. Köçəryan-Sərkisyan ittifaqı ordunun keçmiş zabitləri, habelə klanın başqa üzvləri ilə birləşərək proseslərə müdaxilə etməklə, onu Paşinyan iqtidarının əleyhinə çevirməyə çalışır. Rusiyanın “səssizliyi” böhranı daha da dərinləşdirir. Proseslərin bu yöndə inkişafı Paşinyan komandasının iflasını sürətləndirəcək.

Rusiyadan Ermənistana cəbhədə situasiyanı kökündən dəyişəcək dəstəyin verilməməsinin başqa səbəbləri də var. Onlardan biri Türkiyə ilə Suriyadakına bənzər anlaşmanın əldə olunacağı ehtimalıdır. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri işğal olunmuş torpaqların qaytarılması, daha sonra bölgədə Rusiya ilə ortaq sülhməramlı missiyanın həyata keçirilməsini təklif etsə də, Moskvadan rədd cavabı verilmişdi. Ümumiyyətlə, Rusiya sülhməramlı missiyada özündən və KTMT-dən başqa bir qüvvəni təsəvvür etmək istəmir. Bu, hələlik belədir, cəbhədə situasiya dəyişdikcə, Moskvanın mövqeyində də dəyişikliklərin şahidi ola bilərik.

Burada Azərbaycanın mövqeyi də xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, prezident İlham Əliyev yalnız işğalda olan 7 rayon azad edildikdən sonra sülh danışıqlarına hazır olduğunu bəyan edib. Bu mövqe Türkiyə tərəfindən də tam şəkildə dəstəklənir. Azərbaycan ümumiyyətlə, ölkədə hər hansı xarici qoşunları görmək istəmir, indiki şəraitdə düşməni hərbi zərbələrlə sərhədlərdən geri atmağa çalışır ki, nə vasitəçilərə, nə də sülhməramlılara ehtiyac olsun. Bakı bu siyasəti uğurla davam etdirəcəksə, Rusiya da reallıqlarla barışmalı olacaq.

Turqut