Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın Qafqaz hekayəsi sona çatır
Azərbaycanın Qarabağ təcrübəsi ərazi iddialarının həlli baxımından Ukrayna, Moldova və Gürcüstana nümunə olacaq

Oleq Starikov 
Müdafiə və təhlükəsizlik sahəsində ekspert (Ukrayna)
Eksklüziv olaraq Press Klub üçün

Azərbaycanın Qarabağın dağlıq hissəsində lokal anti-terror tədbirlərinə başlamasından qondarma hakimiyyətin təslim olmasına qədər bir sutka vaxt keçdi. “Artsax hakimiyyətinin” bu qərarına hətta ərazidə Rusiya Federasiyasının qondarma sülhməramlı missiyasının olması da təsir etmədi. Xatırlayaq ki, Ukrayna hələ 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bəyan edib.

Ukrayna tərəfi nə o vaxt, nə də indi bu mövqeyindən dönməyib. Prezident Vladimir Zelenski vurğulayıb ki, son illər Ukrayna ilə Azərbaycan arasında həm geosiyasi, həm iqtisadi, həm də hərbi yardım sahəsində sıx əlaqələr qurulub və müasir üsullarla, o cümlədən PUA-lardan istifadə etməklə hərbi əməliyyatların aparılması təcrübəsi öyrənilib.

Qarabağdakı silahlı eskalasiya göstərdi ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya qoşunlarının sülhməramlı missiyasına bəslədiyi ümid boşa çıxıb. Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi təcavüzə, işğala başlamaqla özünü kifayət qədər zəiflədib və artıq KTMT çərçivəsində müttəfiqləri qarşısında birbaşa öhdəliklərini yerinə yetirə bilmir. Və bu təşkilatın mövcudluğu gözümüzün qarşısında öz mənasını itirir. Rusiya rəsmilərinin Bakının Qarabağda elan etdiyi lokal anti-terror tədbirlərinə reaksiyası onu göstərir ki, bu gün Moskva Qafqazda sülhün əldə olunmasında maraqlı deyil. Vəziyyətə birbaşa müdaxilə etməkdən imtina etməsi isə Ermənistanın baş naziri Nikol Paşinyanın Kremlə sədaqətsizliyinə görə nümayişkaranə cəzalandırılması deməkdir. 

Bu gün Moskvanın hərəkətləri Ermənistanda mövcud hakimiyyətin devrilməsini açıq şəkildə təşviq edir. Rusiya Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasından ermənilərin mövqeyinə təsir vasitəsi kimi istifadə etmək məqsədi güdür - çevriliş və etiraz aksiyalarına məhz o sanksiya verir, Ermənistanın rəhbərliyinə marionet rusiyapərəst siyasətçiləri gətirməyə çalışır.

İndi əminliklə deyə bilərik ki, Rusiyanın Qafqazda sabitliyi pozan münaqişələrdə iştirakının otuz illik tarixi başa çatmaq üzrədir. Azərbaycan düşünülmüş və balanslaşdırılmış qərarları ilə, hərbi və siyasi vasitələrlə işğal olunmuş ərazilərinin qaytarılması ilə Moskvanın birbaşa iştirakçısı olduğu daha üç münaqişə - Dnestryanı bölgə, Cənubi Osetiya və Abxaziya, Ukrayna üçün nümunə göstərdi.

Bu, Tiraspol, Sxinvali, Donetsk, Luqansk, Sevastopoldakı qondarma respublikalar üçün çox güclü siqnaldır. Çünki Rusiya hökuməti onları müdafiə etməyəcək. Bütün resurslarının və aktivlərinin Ukrayna müharibəsində iştiraka cəlb olunması səbəbindən onun digər bölgələrə təsiri sürətlə azalır. Azərbaycanın Qarabağ ətrafında uzunmüddətli münaqişənin həlli nümunəsi isə Moldova, Gürcüstan və Ukraynaya ərazilərin yenidən qaytarılmasının mümkünlüyünü anlaması və şansı verir.

Ukraynanın Cənubi Qafqazdakı münaqişələrlə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq hüququn əsas prinsiplərinə - həm bu regionda, həm də bütün dünyada dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanır.