Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın məkrindən necə çıxmalı?

Müəllif: Seymur Həzi

Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sərhəd mübahisələri köhnə və yeni xəritələri gündəmə gətirdi. Əslində, bunun bir xəritə problemi olduğunu düşünmək, yüngül ifadə etsək, sadəlövhlük olardı. Ona görə ki, hazırda heç nəyi həll etməyən yeganə predmet elə xəritədir. İki ölkə arasındakı bu mübahisənin mümkün nəticələrinə dair olduqca  maraqlı şərhlər təqdim edilib. Ona görə də məsələnin daha çox işlənməmiş tərəflərinə diqqət yetirməyə cəhd etməyə çalışaq - ilk növbədə baş verən gərginliyin ortaya çıxardığı reallıqları gözdən keçirməklə.

Fransa sindromu

Emmanuel Makron özünü Fransa prezidentindən daha çox, ölkədəki erməni diasporasının lideri kimi aparır. Onun erməni dilində paylaşım edib, Azərbaycanı işğalçı adlandırması isə tamamilə fiasko idi: əlbəttə ki, söhbət ATƏT-in Minsk Qrupunun fiaskosundan gedir. 30 ilə yaxın müddətə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı, amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı adlandırmadı. Baxmayaraq ki, bunu etmək üçün BMT TŞ-nın 4 qətnaməsinə istinad kifayət idi. Hazırda isə nə baş verdiyi hələ tam aydın olmayan, heç bir silahlı münaqişənin baş vermədiyi sərhəd mübahisəsinə görə Fransa prezidenti Azərbaycanı işğalçılıqda ittiham edir. Bununla da təkcə Fransanın indiyəqədərki və bundan sonrakı vasitəçilik fəaliyyətini sual altına almır, bu fəaliyyətin sağlam strategiya ilə bölgədə ədalətli və uzunmüddətli sülhü təmin etməyə hesablanmadığını da ortaya qoyur.   Göründüyü kimi, Fransa bu addımından heç bir halda geri çəkilmək istəmir. Onlar Qarabağdakı separatçı rejimi tanıma aktının hökumətin mövqeyi olmadığını deməklə cəmi bir neçə ay gizlənə bildilər. İndi isə hökumətin faktiki və rəsmi başçısı erməni dilində bəyanatlar verir.

Rusiya: “bir tələ, iki ov” siyasəti

Kreml baş verən olaylarda çox məkrli rola malikdir. Hələ bir müddət əvvəl, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana və Bakıya səfəri ərəfəsində bildirmişdik ki, Lavrov Azərbaycandan Ermənistandakı seçkilərdə Paşinyanın əlini zəiflədəcək addımlar istəyə bilər. Görünür, baş verənlər məhz buna hesablanıb. Azərbaycan müharibədən qalib çıxmış tərəf kimi əlində olan sənədlərə, xəritələrə istinadən öz sərhədlərini bərpa edirsə, bunu qəfil haranısa tutmaq yolu ilə deyil, beynəlxalq prinsiplərə uyğun etməlidir. Əvvəlcədən müvafiq sənədləri Ermənistanın müvafiq qurumlarına göndərməli və onları öz ərazilərinə çəkilməyə çağırmalıdır. Bunun ardınca beynəlxalq birliyə məlumat verməlidir. Ermənistan tərəfi hər hansı addım atmazsa, lazımı tədbirləri daha legitim qaydada görmək olardı. İndi isə haqlı ikən haqsız görünmək təhlükəsi yaranıb. Çünki baş verənlər Paşinyana qarşı daxili ictimai rəydə antipatiya yaradıb və belə olan halda, onun rejiminin havadarları təbii olaraq Azərbaycana qarşı çıxırlar.

Bu olayların niyə Ağdərədə, yaxud Laçınla Şuşa arasında olan və ermənilərdə qalan Azərbaycana aid kəndlərdə deyil, məhz dövlət sərhədlərində baş verməsinin yaratdığı ritorik sual var: niyə məhz indi? Çünki Ermənistan əhalisi (əksəriyyət) Qarabağ kontekstində baş verən olaylara görə Paşinyanı çox qınamır, onu dəstəkləməyə davam edir. Amma Azərbaycanla Ermənistan sərhədində baş verənlərin Paşinyana ciddi zərbə olacağı şübhəsizdir. Bunun Azərbaycanın strateji dövlət maraqlarına nə qədər cavab verib-vermədiyini gələcəkdə görəcəyik. Amma başqa bir məsələ də budur ki, Rusiya qoşunlarının bir qismini Gümrüdən Zəngəzurun Ermənistanda qalan hissəsinə gətirir. Hər halda, bunun bizə qarşı bir addım olduğu heç kimdə şübhə doğurmaz. O Rusiya ki, həm ATƏT-in Minsk Qrupunda vasitəçilərdən biridir. Həm Azərbaycan ərazisində sülhməramlı qoşunu var. Həm KTMT-də Ermənistanla bir yerdədir. Həm İrəvanla 50 illik hərbi müttəfiqlik sazişi var...

Başadüşülən odur ki, Rusiya bizim vasitəmizlə Ermənistanı ələ keçirib, sonra elə bizə hücum edəcək. Başqa heç bir izah yoxdur. Azərbaycan tərəfi bu oyuna düşməmək üçün Kremli tək vasitəçi kimi tanımaqdan əl çəkməlidir. Əks halda, Rusiyanın əleyhinə olan bütün qüvvələr elə Azərbaycanı da hədəfə alacaqlar. Biz isə təklənmiş halda cəlladımıza qısılmalı olacağıq.