Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın KTMT-dəki “dostları” niyə köməyə gəlmir?
“Bu ölkə bütün cazibəsini itirib və təcrid olunmuş dövlətə çevrilib”

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyat bölgədə və dünyada yeni reallıq yaradıb. Reallıq ondan ibarətdir ki, Rusiyanın ərazisi Ukraynanın hərbi qüvvələri tərəfindən nəzarətə alınıb. Amma rəsmi Moskvanın iddialarının əksinə, belə görünür, kimsə Ukraynanı bu məsələdə təcavüzkar dövlət kimi tanımaq fikrində deyil. Çünki Ukrayna Rusiya tərəfindən hərbi təcavüzə və işğala məruz qalıb və onun cavab tədbirləri görməkdə həm ölkə konstitusiyasına, həm də beynəlxalq hüquqa görə özünümüdafiə kimi qiymətləndirilir.

İndi gələk mətləbə. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT isə 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Rusiyada daxil olmaqla bu təşkilatın 6 üzvü var – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan. KTMT nizamnaməsində bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da təcavüz kimi qəbul edilir. 

Nizamnamə başqa, gerçəklik başqa. Kursk əməliyyatı 10 günə yaxındır, davam edir. Ukrayna 1000 kvadrat kliometrdən artıq ərazini nəzarətə götürüb. Amma KTMT-yə üzv olan dövlətlər bununla bağlı heç bir reaksiya vermir və Rusiyaya dəstək istiqamətində addım atmırlar. Ya Rusiya müraciət etməyib, ya da onların bu addımı atmamasının xüsusi bir səbəbi var. 

Bəs KTMT-yə üzv olan dövlətlərin əsas məqsədi nədir? KTMT-nin bu cür səssiz qalması və olaylara reaksiya verməməsi təşkilatın gələcəyini sual altında qoyurmu?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Mətin Məmmədli deyir ki, Ukraynanın özünümüdafiə hüququ var, beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin 51-ci maddəsi Ukraynaya özünü müdafiə etməsi üçün güc tətbiq etmək hüququ verir:

 “Ukrayna rəsmiləri də özünümüdafiə hüququnu əsas gətirərək, Kurskda hərbi əməliyyatlara başladıqlarını bildirirlər. Məqsəd Rusiya torpaqlarını işğal etmək yox, Ukrayna torpaqlarını işğaldan azad etməkdir. Burada hərbi-taktiki məqsədlər var. Onlar Ukraynanın şərqindəki işğalçı Rusiya qüvvələrinin mövqeyini zəiflətmək istəyirlər. KTMT-nin prosesə reaksiya verməməsi və ya Rusiyaya kömək etməməsi məsələsinə gəldikdə, hələlik, nə KTMT Rusiyaya kömək üçün təşəbbüs göstərir, nə də Rusiya müttəfiq dövlətlərə müraciət edib. Görünür, müraciət etməməsinin səbəbi nüfuz, status, imic məsələsidir. Rusiya hesab edir ki, dünyanın ən güclü hərbi dövlətlərindən biridir və bu hücumun qarşısını köməksiz alacaq”. 

Müsahibimizin fikrincə, KTMT-yə üzv dövlətlərinin bu məsələyə münasibət bildirməməsinin də siyasi səbəblər var. Bu dövlətlər Rusiya ilə birgə bu bloka üzv olsalar da, ona ehtiyatla yanaşırlar. KTMT-də Rusiya ilə mürəkkəb, amma Ukrayna ilə daha yaxın münasibətləri olan dövlətlər var. Ona görə də bu məsələyə ehtiyatla yanaşırlar və belə görünür ki, KTMT işlək təşkilat deyil.

 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın imperiya maraqlarının gerçəkləşməsinə xidmət edən mexanizmdir. KTMT-yə üzv dövlətlərin könüllü birliyi olmadığı, maraq və mənafeləri üst-üstə düşmədiyi üçün, təşkilat yalnız Rusiya güclü olduğu vaxt işlək mexanizm ola bilər”. 

Bu sözləri isə politoloq Xaqani Cəfərli saytımıza açıqlaması zamanı deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada ard-arda hərbi-siyasi uğursuzluğa məruz qalması KTMT-ni ölü təşkilata çevirib. KTMT-yə üzv ölkələrin qlobal iqtisadiyyata inteqrasiya prosesi gedir və ölkələr bu prosesi təhlükəyə atmaq istəmir. Rusiyanın yanında, Ukraynanın qarşısında yer almaq hər bir ölkənin qlobal iqtisadi mühitə inteqrasiyasını təhlükəyə sala bilər: “KTMT-yə üzv ölkələr isə Rusiyaya görə özlərini təhlükəyə atmaq istəmirlər və yaxın zamanlarda Rusiya ilə məsafə saxlamağa başlayacaqlar. Belarus prezidenti Aleksandr Lukaşenkonun 30 siyasi məhbusu əfv etməsi bu prosesin başlanğıcıdır. Çox böyük ehtimalla, gələn il bu vaxt KTMT mövcud olmayacaq”.

 

Politoloq Şahin Cəfərli də saytımıza açıqlamasında deyib ki, Rusiya hələlik KTMT-yə kömək üçün müraciət etməyib. Ümumilikdə Rusiya rəhbərliyinin Kursk əməliyyatı başladığı gündən bəri reaksiya və davranışlarına nəzər saldıqda, aydın görünür ki, Rusiya bu məsələni çox da qabartmaq, onun ərazisinə başqa bir ölkə ordusunun daxil olduğunu və ərazilərinin başqa dövlət tərəfindən ələ keçirildiyini dünya gündəminə gətirmək istəmir. Çünki bu, Rusiyanın zəifliyi və acizliyinin etirafıdır. O cümlədən KTMT-yə müraciət Rusiyanın cılızlığının da nümayişi anlamına gələ bilər. Ona görə də, Rusiya hələ bu addımdan qaçır: “Digər tərəfdən, Rusiya KTMT-yə o halda müraciət edə bilər ki, üzv ölkələrin bu müraciətə müsbət cavab verəcəyindən əmin olsun. Yəni qabaqcadan bu əminlik olmadan Rusiya heç vaxt KTMT-yə müraciət etməz. Belarus istisna olmaqla, KTMT-nin heç bir üzvü Rusiyaya dəstək verməyib və bu məsələdən yaxalarını kənara çəkməyə çalışıblar. Həm də Rusiyanın yanında olmaq və ona açıq dəstək vermək qərb sanksiyalarının bu dövlətlərə də şamil olunması ilə nəticələnə bilər. Bu isə onlara lazım deyil. Xüsusən də Qazaxıstan başda olmaqla, Orta Asiya dövlətləri belə bir aqibətdən yayınmağa çalışırlar. Hətta Qazaxıstan açıq bəyan edib ki, Rusiyaya tətbiq edilən sanksiyaların onun üzərindən pozulmasına imkan verməyəcək”.

Ermənistanın mövqeyinə gəldikdə, politoloq qeyd edir ki, Ermənistan-Rusiya münasibətlərinin bugünkü durumu hər kəsə aydındır. Ermənistanın bu məsələdə Rusiyaya dəstək verəcəyini gözləmək əbəsdir. Ona görə də Rusiya bu məsələ ilə əlaqədar KTMT-yə yardım üçün müraciət etməyəcək. 

Ölkələrin Ukrayna ordusunun Kursk vilayətinə daxil olması faktına münasibəti barədə danışan Cəfərli deyib ki, hələ üzv ölkələrdən yalnız Qazaxıstan ümumi bir şəkildə münasibət bildirib. Qazaxıstan XİN-in açıqlamasında deyilib ki, biz hər zaman bu problemin BMT nizamnaməsi əsasında həllinə tərəfdar olmuşuq. Bu, əslində Ukraynanın ərazi bütövlüyünün Qazaxıstan tərəfindən dəstəklənməsi kimi də izah oluna bilər. Yəni Qazaxıstan ümumi bir mövqe ortaya qoyub, Rusiyaya hər hansı bir dəstək ifadə olunmayıb. 

Ekspert xatırladır ki, hətta müharibənin əvvəlində Rusiyaya açıq dəstək vermiş Belarus belə bu gün konkret mövqe ortaya qoymaqdan çəkinir. Lukaşenkonun son günlərdə verdiyi bəyanatlara nəzərə saldıqda görürük ki, o, Ukraynanı qınamayıb və Rusiyaya açıq və birmənalı dəstək verməyib. Son bəyanatı da bundan ibarət oldu ki, biz bu problemi həll etməli və sülhə gəlməliyik. 

“Bu gün Rusiya dünyada təklənmiş vəziyyətdədir. Heç bir ciddi müttəfiqi qalmayıb. Yalnız Suriya rejimi Rusiyaya açıq dəstək verir, onun da səbəbi aydındır. Rusiya xarici tərəfdaşlar üçün yalnız xammal mənbəyi kimi maraqlıdır. Onun xaricində Rusiya hər hansı cazibəsi olmayan və getdikcə təcrid olunan bir ölkəyə çevrilir” – Şahin Cəfərli bildirib.

Mədinə Useynova