Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanın forpostu kimdir: Ermənistan, yoxsa Azərbaycan?
Paşinyanın Qərb paytaxtlarında apardığı əks-təbliğata sözardı

Ermənistan hakimiyyətinin xarici siyasətində Qərbə inteqrasiya əsas vektor kimi göstərilir. Bu barədə Baş nazir, xarici işlər naziri, milli təhlükəsizlik şurasının sədri, iqtidar deputatları, ekspertləri danışır, iqtidaryönlü media davamlı olaraq yazır. 

Bu təqdimatda Baş nazir Nikol Paşinyan xüsusi rola malikdir. O, Qərb paytaxtlarında etdiyi bütün çıxışlarında Rusiyanı Ermənistanın müstəqilliyinin düşməni, Azərbaycanı isə Kremlin Cənubi Qafqazda əsas müttəfiqi kimi təqdim edir. 

Bu kontekstdə Paşinyanın sentyabrın 17-də Avropa Parlamentindəkı çıxışını kulminasiya hesab etmək olar:   

“2020-ci ildə Azərbaycanla müharibə zamanı təhlükəsizlik sahəsi üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı açıq çağırışlar etdilər;

Azərbaycanın 2021-ci ilin mayında növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanın suveren ərazisinə hücum etdi, bu zaman KTMT müttəfiqlərimiz fəaliyyətsiz qaldı. Ermənistan qarşısında ikitərəfli öhdəlikləri olan ölkələr bizə heç bir köməklik göstərmədilər və bizi tək qoydular. Bu təxribatın məqsədi qarşıdan gələn parlament seçkilərində uğursuzluğumuzu təmin etməklə Ermənistanın dövlətçiliyini iflic vəziyyətə salmaq və ya ən azı, himayədarlardan ibarət hökumətin formalaşmasına nail olmaq idi;

Son illər Ermənistanın suverenliyinə bir neçə hücum olub, demokratiya güclü zərbələr alıb və eyni ssenari üzrə almaqda davam edir. Ermənistanın demokratiyasına və suverenliyinə xələl gətirmək üçün hərbi və ya humanitar vəziyyətdən, yaxud xarici təhlükəsizlik təhdidindən istifadə etmək cəhdləri, xarici qüvvələrin istiqamətləndirdiyi hibrid texnologiyalardan istifadə etməklə daxili qeyri-sabitliyin yaradılmasına cəhdlər edilir. Hər dəfə Ermənistan xalqı və demokratiyası ölkənin suverenliyini xilas edib”.

Paşinyan həm də Qərbdə Ermənistanı təcavüzə məruz qalan, qaçqın problemi ilə üzləşən ölkə kimi təqdim edir. 

“Yüz minlərlə erməninin Dağlıq Qarabağdan Ermənistana qaçdığı bir vaxtda təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, həm də Azərbaycanla birgə ölkədə hakimiyyətin dəyişdirilməsi, demokratik hökumətin devrilməsi üçün açıq çağırışlar etdilər. ...Ermənistanın indi, ilk növbədə, 100 mindən çox məcburi köçkünün yerləşdirilməsi üçün təcili dəstəyə ehtiyacı var. Biz bu vəzifəni şərəflə yerinə yetirdik. Beynəlxalq tərəfdaşlarımız etiraf etsinlər ki, bir həftə ərzində ölkəyə 100 min qaçqın gəlib, biz qaçqın düşərgələri, çadır qəsəbələri yaratmadan onların hamısını qəbul edə bildik. Biz bunu erməni xalqı və demokratiya sayəsində bacardıq”, - deyə Baş nazir bildirib.

Paşinyan daha da irəliyə gedərək, Azərbaycan Prezidenti İlham Əliyevin 29 min 800 kvadrat kilometr ərzində Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan etməməsindən və “dəhliz” məsələsini yeni hücum üçün bəhanə edə biləcəyindən narahatlığını ifadə edib.

Ermənistan rəhbərinin çıxışı Moskvada qəzəblə qarşılanıb. TASS dövlət agentliyinə danışan anonim yüksək rütbəli rəsmi şəxs onu “Ukrayna Prezidenti Volodimir Zelenskinin yolunu getməkdə” ittiham edib. “Biz Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk”, - agentlik ondan sitat gətirib.

Paşinyanın çıxışını oxuyanda doğrudan da sanki onun Zelenski kimi Rusiya ilə müharibə aparan ölkənin başçısı olduğunu zənn etmək olur. Amma reallıqlar tam fərqlidir, bu ifadələri Rusiyanın son 30 ildə postsovet məkanında ən yaxın hərbi-siyasi müttəfiqi Ermənistanın Baş naziri səsləndirir.

Ermənistan Kremlin satellitləri olan Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür;

Ermənistan Rusiya ilə hava hücumlarına qarşı birgə müdafiə paktı imzalamış ölkədir, Ermənistanda 5 min nəfərlik şəxsi heyəti, yüzlərlə hərbi texnikası, HHM vasitələri, döyüş təyyarələri olan hərbi baza var, İrəvan bu bazanın 2039-cu ilə qədər fəaliyyət göstərəcəyi ilə bağlı öhdəlik götürüb;

Ermənistanın Türkiyə və İranla sərhədləri, habelə hava limanlarındakı sərhəd rejimi Rusiya Sərhəd Xidməti tərəfindən qorunur;

Ermənistan ehtiyacı olan mavi yanacağın və elektrik enerjisinin əhəmiyyətli hissəsini Rusiya şirkətlərindən alır, onlara milyardlarla dollar borcu var;  

Ermənistanın ən gəlirli sahələrindən olan dağ-mədən sənayesində Rusiya şirkətləri dominant mövqeyə malikdirlər;

Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır, ötən il dövriyyənin həcmi 5 milyard dolları keçib;

Ermənistana ən böyük valyuta axını Rusiyadandır, hər il göndərilən milyardlarla dollar ölkədə maliyyə sabitliyinin əsas təminatıdır və s. 

Paşinyan Rusiyanı düşmən adlandırarkən, bu faktorları nəzərdən keçirməsi şübhəlidir, yaxud o, bir siyasətçi kimi reallıq hissini itirib. Əlbəttə, Moskva Ermənistanın tarixində oynadığı müstəsna roldan çıxış edərək, bu ölkəni özününkü sayır, ora “yad” qüvvələrin daxil olmasına imkan vermək niyyətində deyil. Qərbyönlü Paşinyan isə Ermənistanın möhkəm iplərlə Kremlin divarlarına necə zəncirləndiyinin fərqinə varmadan onu düşmən elan edir. Kremldən Paşinyana “Zelenskinin yolunu gedir” xəbərdarlığı onu göstərir ki, uzun müddət dözmək niyyəti yoxdur, yaxında ciddi hərəkətlənmələr olacaq.

Maraqlı, həm də ironik məqamlardan biri də odur ki, N.Paşinyan Ermənistanın regiondakı geosiyasi ölçülərini Azərbaycana tətbiq etməyə, onu Kremlin satelliti kimi təqdim etməyə çalışır. Real faktlara müraciət etdikdə Qərbyönlü, demokrat siyasətçinin nə qədər boş avantüra ilə məşğul olduğu aydın görünür:

Azərbaycan Rusiya qoşunlarını hələ 1993-cü ilin may ayında ölkədən çıxarıb;

Azərbaycan beynəlxalq enerji infrastrukturu inşa edərək, onu Qərbə bağlamaqla, və inkişaf etmiş ölkələrin nəhəng sərmayələrini cəlb etməklə Rusiyanın iqtisadi asılılığından xilas olub;

Azərbaycan 2012-ci ildə Rusiyanın Qəbələ rayonunda yerləşən yeganə hərbi infrastrukturu – Radiolokasiya Stansiyasını ölkədən çıxarıb;

Azərbaycan, Kremlin sərt təzyiqlərinə baxmayaraq, Rusiya müdafiə sənayesindən kənar hərbi əməkdaşlığı genişləndirib, Türkiyə, İsrail, Böyük Britaniya, Pakistan və s. ölkələrlə geniş hərbi əməkdaşlıq qurub;

Azərbaycan NATO ölkəsi olan Türkiyə ilə strateji hərbi müttəfiqlik quraraq, özünün Rusiyadan kənar təhlükəsizlik arxitekturasını yaradıb;

Azərbaycan 2020-ci ildə Rusiyanın bitərəfliyinə, Türkiyənin ciddi dəstəyinə, beynəlxalq birliyin susqun razılığına nail olaraq, Ermənistanı ağır məğlubiyyətə uğradıb, ölkənin işğalda altında qalan ərazilərinin əhəmiyyətli hissəsini azad edib;

Nəhayət, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Türkiyəni ciddi dəstəyi ilə Rusiyanı neytrallaşdıraraq, Qərbin bütün maneələrinə baxmayaraq, Qarabağı separatçı rejimdən təmizləyib, özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bunu postsovet məkanında etnik münaqişələrdən əziyyət çəkən ölkələr arasında ilk dəfə bacaran ölkə məhz Azərbaycandır.

Hazırda Azərbaycan Silahlı Qüvvələri sürətlə Türkiyə-NATO sistemi üzrə sürətlə təkmilləşdirilir və postsovet məkanında ən güclü ordulardan birinə çevrilib. Bu ordunun Rusiya müdafiə sənayesinin məhsullarına demək olar ki, ehtiyacı qalmayıb... 

Bu faktların sayını xeyli arıtmaq olar. İndi cənab Paşinyan papağını qabağına qoyub, Azərbaycanla Ermənistanın Rusiyaya münasibətdə müqayisəsini apararaq, nəticə çıxara bilər. O zaman kimin forpost, kimin müstəqil siyasət apara bilən qüvvə olduğunu müəyyən etmək asan olacaq. 

Yəqin ki, bu müqayisəni beyin mərkəzlərində, beynəlxalq siyasi çevrələrdə də aparıb, ona uyğun nəticələr çıxarırlar.

Sonda. Bəli, Azərbaycanda Qərb demokratiyası yoxdur, amma yuxarıda sadalanan problemin həlli demokratik sistemin, qanunların idarə etdiyi ədalətli cəmiyyətin qurulması üçün böyük perspektivlər açır. Bu isə Rusiyadan asılı deyil, artıq özümüzdən asılıdır...

Turqut