Logo
news content
User
Kateqoriyalar

Analitika

“Rusiyanın başı qarışıb, Ermənistana başqa dostlar lazımdır”
Qarabağdakı 24 saatlıq antiterror əməliyyatı hansı gerçəklikləri üzə çıxardı? 

Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda “konstitusiya quruluşunun bərpası” məqsədilə “lokal xarakterli antiterror tədbirləri”nə başladığını elan etdi. Ərazidə Rusiya sülhməramlılarının mövcudluğu Bakını durdurmadı.

Həmin gün boyu Dağlıq Qarabağın güclü atəşə məruz qalması xəbər verilirdi, regiondan dinc əhali arasında qurbanlar haqqında məlumatlar gəlirdi (Rəsmi Bakı yalnız hərbi infrastruktura zərbələr endirdiyini bildirib – old.pressklub.az).

ABŞ, Avropa Birliyi və Rusiya hərbi əməliyyatların dayandırılmasına çağırdı. Çərşənbə günü isə Dağlıq Qarabağdakı rejim Rusiya sülhməramlılarının atəşkəs haqqında təklifini qəbul etdi. 

Azərbaycan Müdafiə Nazirliyi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bütün silahlarının və ağır texnikasının təhvil verildiyi, bütün hərbçilərin də - o cümlədən, Ermənistan hərbi qüvvələrinin – silahı buraxıb döyüş mövqelərini tərk etdiyi halda hərbi əməliyyatların dayandırılacağını təsdiqləyib. 

Dünya mətbuatı hadisələrin inkişafını maraqla izləyir və baş verənlərlə bağlı öz versiyasını irəli sürür. Müşahidəçiləri düşündürən əsas amillərdən biri Rusiyanın roludur: 2020-ci ildəki konflikt zamanı tərəflər məhz Moskvanın səyləri nəticəsində atəşin dayandırılması haqqında razılığa gəldilər və o zaman bağlanan müqavilə əsasında regiona Rusiya sülhməramlıları gəldi. 

Amma son iki gündə onlar, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yalnız “vəziyyətin monitorinqi” ilə məşğul idilər və “atəşkəs rejiminin çoxsaylı pozulması faktları”nı təsbit edirdilər, eyni zamanda dinc əhalinin təxliyəsini həyata keçirdilər. 

Bir çox Qərb nəşrləri Ukrayna müharibəsində zəifləyən Rusiyanın Cənubi Qafqazda artıq mütləq söz sahibi olmadığı qənaətinə gəlirlər. Onun burada sabitliyi təmin etmək imkanları böyük deyil və Kreml yeni konfliktə girməyə can atmır.

“Times” şərhçisi Hanna Lüsinda Smit prezident Əliyevin ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında separatçıların silahı yerə qoyduqları təqdirdə Azərbaycanın əməliyyatı dayandıracağını deməsini vurğulayır. ABŞ rəsmi nümayəndəsinin sözlərinə görə, Blinken Azərbaycanın Dağlıq Qarabağda “yolverilməz” əməliyyatını dayandırmaq üçün çərşənbə günü bütün tərəflərlə təcili danışıqlar aparmaq niyyətində idi. 

Blinken özü isə “Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlarından dərin narahatlıq keçirir və Azərbaycanı bu hərəkələri dərhal dayandırmağa çağırır” demişdi. 

Qəzet separatçı rejimin “ombudsman”ı Qeqam Stepanyandan sitat gətirir. Stepanyan blokadanın “bizim əhalimizi ümidsizliyə düçar olması və insanları öz evlərini tərk etməsi” məqsədi güddüyünü deyir. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın diqqətinin və hərbi qüvvələrinin Ukraynada cəmlənməsindən, beynəlxalq aləmin isə Bakının durdurmaq üçün heç nə etməməsindən faydalanır. 

“Daily Telegraph”dan Ceyms Kilner 2020-ci ildən bəri regionda vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişdiyini vurğulayır. O zaman Vladimir Putin beş həftə davam edən (əslində altı həftə - old.pressklub.az) hərbi əməliyyatlardan sonra müdaxilə edərək, sülhü təmin edə bildi, Kreml isə Ermənistanın müstəqilliyinin qarantı kimi görünürdü. İndi Rusiyanın onu dəstəkləməsində nüanslar var. 

Kilner Ermənistanın daha qərbyönümlü mövqe tutduğunu və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmədiyini qeyd edir. Ola bilər, Moskva Yerevanı cəzalandırmaq və baş nazir Nikol Paşinyanı alçaltmaq istəyir. 

“Kreml Dağlıq Qarabağda yeni müharibəyə Qərb dövlətlərini öz tərəfinə çəkmək və Ukraynanı dəstəkləməkdən vaz keçirmək üsulu kimi də baxa bilər”, - Kilner yazır. 

Onun fikrincə, konfliktin böyümə perspektivi var: İsrail və Türkiyə 2020-ci ildə Bakını dəstəklədilər və indiyə qədər dəstəkləməkdə davam edirlər. Moskvanın Yerevana dəstəyi zəifləyir, amma onu Qərb dövlətləri əvəz edir. Kilner bu yaxınlarda keçirilən və Kremli qəzəbləndirən ABŞ-Ermənistan birgə hərbi təlimlərini xatırladır, eləcə də Yerevan və Tehran arasında yaxınlığı qabardır: İran qoşunları Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında manevrlər edirlər. 

“Globe and Mail” şərhçisi Mark Makkinnon yazır ki, Bakının antiterror əməliyyatı Dağlıq Qarabağı tutmaq üçün böyük miqyaslı hücuma çox bənzəyir: “Putin Rusiyası qısa müddət özünü bir zamanlar olduğu fövqəldövlət kimi aparmaq imkanı qazandı. Moskvanın müttəfiqi Ermənistanın zərərinə, Ermənistanın tarixi rəqibi Azərbaycanın isə xeyrinə olaraq həmin dövr bitdi”.

Makkinnon məhz Moskvanın səyləri nəticəsində 2020-ci ildə Qarabağda kövrək də olsa, sülhə nail olunduğunu xatırladır. Sonra isə Ukraynada müharibə başladı. 

“Rusiyanın böyük dövlət statusunda qısa ömrü Putinin ötən ilin əvvəlində Ukraynaya tam miqyaslı təcavüzə başlamaq barədə fəlakətli qərarı ilə yekunlaşdı, - Makkinnon yazır. – Müharibə böyük axmaqlıq idi, onun nəticəsində bir zamanlar Amerika ordusundan sonra ikinci ordu sayılan Rusiya ordusu ukraynalıların qətiyyəti və Qərb texnologiyalarının ittifaqı sayəsində əzildi”.

Makkinnon xatırladır ki, Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles bu ilin əvvəlində Rusiya ordusunun 97 faizinin Ukraynada olduğunu, Norveçin hərbi qüvvələrinin rəhbəri isə ölkəsinin sərhədləri yaxınlığındakı rus qoşunlarının sayının müharibədən əvvəlki sayın 20 faizini təşkil etdiyini deyirdi. 

“Üç il əvvəl qələbə tam yaxın ikən Moskvada imzalanan və bütöv Dağlıq Qarabağı qaytarmağa mane olan atəşkəsi tam qəbul edə bilməyən Azərbaycan, görünür, başladığını bitirmək üçün Rusiyanın zəif məqamını seçib”, - Makkinnon yazır.

Makkinnon yazır ki, əvvəlcə 2000-ə yaxın olan Rusiya sülhməramlı kontingentinin də Ukrayna müharibəsi üzündən azalması xəbərləri fonunda Moskva artıq bir neçə aydır ki, Ermənistanın müdaxilə etmək və Laçın dəhlizinin blokadasını zorla qaldırmaq barədə xahişini rədd edir. Qalan rus qoşunlarının Azərbaycanın böyük miqyaslı hücumunun qarşısını almaq imkanları daha məhduddur. 

“Rusiyanın başı qarışdığı və öz müttəfiqlərini müdafiə edə bilmədiyi halda Ermənistana başqa dostlar lazımdır”, - deyən Makkinnon Paşinyanın Kremldə həddən artıq qeyri-populyar olduğunu xatırladır. O, Azərbaycanın Türkiyənin dəstəyindən yararlandığını, Parisin isə beynəlxalq müstəvidə Ermənistanın əsas müdafiəçisi olduğunu bildirir. 

“ABŞ, Fransa, Türkiyə - hamısı NATO ölkələridir, - ehtimal ki, Dağlıq Qarabağdakı sonrakı prosesləri müəyyənləşdirən arbitrlər olacaqlar. Putin isə sovet imperiyasının daha bir parçasının əlindən necə çıxdığını kənardan seyr edəcək”, - şərhçi öz təhlilini belə bitirir. \

Digər nəşrlər də bu haqda yazırlar. “Washington Post”da Mariya İlyuşina yazır ki, Ermənistan təhlükəsizlik məsələsində xeyli dərəcədə Rusiyaya arxalanır, iki ölkə arasında müdafiə paktı mövcuddur, amma bu pakt Dağlıq Qarabağ ərazisinə şamil edilmir. O, qeyd edir ki, Ermənistan yenə kömək üçün Rusiyaya müraciət etdi, amma başı Ukrayna müharibəsinə qarışan Rusiya blokada zamanı əsasən fəaliyyətsiz qaldı. 

İlyuşina da hesab edir ki, Ermənistan XİN-in “Azərbaycanın təcavüzünə qarşı aydın və birmənalı tədbirlər görmək” barədə Rusiya sülhməramlılarına müraciətinə baxmayaraq, onlar çətin ki, müdaxilə etsinlər. 

“Ukraynada davam edən təcavüzlə əl-qolu bağlanan Moskva gərginliyi nəzarətdə saxlaya bilmədi və bundan cəsarətlənən Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə yolu möhkəm nəzarətə götürməklə mövqelərini möhkəmləndirdi”, - “New York Times” şərhçisi İvan Neçepurenko yazır.

Azərbaycan və Ermənistan arasında yeni müharibə ehtimalı Kreml üçün əngələ çevrilir. Amma bu baş verərsə, ABŞ da, NATO da problemlə üzləşəcək. Mandatlarının bitməsinə iki il qalan Rusiya sülhməramlılarının da rolu sona qədər aydın deyil, Neçepurenko bildirir. 

“Euronews”un redaksiya məqaləsində yazılır ki, Ermənistan Laçın yolunu açıq saxlaya bilmədiyinə və sporadik sərhədyanı toqquşmalara müdaxilə etmədiyinə görə Rusiya sülhməramlılarını dəfələrlə tənqid edib. 

Nəşr xatırladır ki, Yerevan Moskvanın köhnə müttəfiqi olsa da, onun ərazisində Rusiya hərbi bazası yerləşsə də, son bir il ərzində iki ölkə arasında münasibətlər xeyli pisləşib. Ermənistan Moskvanın çətiri altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öz ərazisində təlimlər keçirməsinə icazə verməməklə, üstəlik amerikalılarla birgə təlim keçirməklə Rusiyanı qəzəbləndirib. Bundan əlavə, Ermənistan Ukraynaya humanitar yardım göstərib ki, Kremldə də bunu anlamayıblar. 

Görünür, Rusiya yeni konfliktə müdaxilə etmək həvəsi ilə alışıb yanmır. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova rus sülhməramlılarının müdaxilə etməsi barədə Ermənistanın tələbini şərh edərkən bildirib: “Bəs Yerevanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması necə olsun?”

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c0dge80ryymo