Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyanı Qarabağdan necə çıxarmalı?
2020-yə qayıdırıq, amma mühüm bir fərq var...

Ermənistanın Rusiya ilə münasibətlərindəki gərginlik artıq açıq müstəviyə keçib. Baş nazir Paşinyanın İtaliya mətbuatına müsahibəsində səsləndirdiyi fikirlər Moskvada qəzəblə qarşılanıb. Xatırladaq ki, Ermənistan Baş naziri “La Repubblica” nəşrinə müsahibəsində “Bir gün biz yuxudan oyanacağı və görəcəyik Rusiya burada yoxdur. Rusiya Cənubi Qafqazdan gedir” söyləmişdi. 

Kremlin cavabı gecikmədi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır: "Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək".

Kreml rəsmisi qeyd edib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq olmaz: "Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz". Peskov Paşinyanı Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamağa da çağırıb.

Elə həmin gün – sentyabrın 5-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da Paşinyanın dediklərinə münasibət bildirib. XİN sözçüsü mövzuya, necə deyərlər, uzaqdan gəlib, Ermənistan Baş nazirinə tarixi aspekti xatırladıb: 

“Bu cür bəyanatları verənlər bəyəm bilmirlər ki, nə qədər Ermənistan vətəndaşını Moskvanın sayəsində xilas etmək mümkün olub? Bu, bəyəm belə deyil? Bəyəm bu barədə Ermənistanda bilmirlər? Əlbəttə ki, bilirlər. Bəs, onda indi bu, nəyə görə unudulur? Bütün bunlar on illiklər ərzində baş verib. Regionda çoxlu sayda baş vermiş gərginliyi məhz Moskva və birbaşa bizim ölkəmizin prezidenti Vladimir Putin tərəfindən söndürmək mümkün olub. Nə əcəb İrəvanda bunu bilmirlər?! Əlbəttə ki, bilirlər. Bəs, onda niyə görə onlar belə bəyanatlar səsləndirirlər?! Onlar tarixi yenidən yazmaq istəyirlər? Bu, alınmayacaq. Ona görə ki erməni xalqı öz tarixini çox yaxşı bilir. Həm yeni, həm də əsrlik tarixini... Bizim ölkənin erməni xalqının və Ermənistanın taleyindəki rolunu da çox yaxşı bilir”.

Rusiya rəsmilərinin həm təhdid, həm də qəzəb dolu bu açıqlamaları iki ölkə arasındakı gərginliyin pik həddinə çatdığını göstərir. Səbəblər az deyil və təkcə Paşinyanın müsahibəsində dediyi fikirlərlə məhdudlaşmır.

İş orasındadır ki, məhz sentyabrın 5-də Ermənistan özünün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı nümayəndəsini geri çağırıb. Bu, Rusiyanın və şəxsən Putinin birinci sırada dayanan maraq məsələsini tapdalamaqdır. 

Üstəgəl, yenə həmin gün Ermənistan, müharibə başlayandan bəri ilk dəfə olaraq (! - PK), Ukraynaya humanitar yardım göndərdiyini elan etdi. 

Sonuncu fakt isə budur ki, humanitar yardımı Baş nazirin xanımı Anna Akopyan müşayiət edir. Akopyan Kiyevdə birinci ledilərin iştirakı ilə keçiriləcək Sammitdə iştirak və çıxış edəcək. 

Ermənistanın bu cür qəfil Rusiya demarşı və Ukrayna acılımı təsadüfi deyil, davamlı xətt təsiri bağışlayır. İrəvan Moskvanın təsirindən uzaqlaşmaq siyasəti aparır. Paşinyan 2020-ci ildəki məğlubiyyətin yaratdığı paradiqmanı Ermənistanın həqiqi müstəqilliyinə nail olma hesabına dəyişdirmək fikrindədir. Qonşularla münasibəti normallaşdırmaqdan danışır, ancaq işğal və düşmənçilik siyasətinin nəticələrini aradan qaldırmağa tələsmir. Özünü sülh tərəfdarı, Azərbaycanı isə sülhə mane olan aqressiv siyasət aparan ölkə kimi təqdim etməyə çalışır. Ancaq fakt budur ki, Qarabağdakı erməni silahlı birləşmələrinin, qanunsuz separatçı qurumun sonuna gəlməyincə sülh əsl sülh olmayacaq. Ona görə də son günlər sərhəddə yaradılmış gərginliyin məqsəd deyil, əsl məqsədi həyata keçirməyə xidmət edən köməkçi vasitə olduğunu anlamaq çətin deyil.

Əslində, Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması Azərbaycanın da maraq məsələsidir və sirr deyil ki, Qarabağdakı Rusiya hərbi kontingentinin fəaliyyətindən ən böyük narazılıq mesajları elə Bakıdan eşidilir. 

İlk baxışda belə bir təsəvvür yaranır ki, situasiya 2020-ci ilin yayındakına çox bənzəyir: Rusiya Ermənistanı sıxır, Azərbaycan yaranmış reallıqdan öz faydasına istifadə edir. Lakin indi nəzərə alınması vacib olan bir fərq var – Rusiya 2020-ci ildəki deyil; Ukraynada üzücü bir müharibə bataqlığında çabalayır, mövqeləri zəifləyib, ağır sanksiyalar atında və dünyadan təcrid olunmuş vəziyyətdə mövcudiyyətini qoruyur. Bu amilin indiki reallıqda hansı rol oynayacağını zaman göstərəcək. Doğru siyasi qərarlar vaxtıdır...

Press Klub