Rusiya “terrorçu” nağılından əl çəkmir
06 Noyabr 2020
"Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi və Yaxın Şərqdən silahlıların cəlb edilməsi bizi narahat edir. Xarici oyunçuları münaqişə bölgəsində sayı 2000-ə yaxınlaşan muzdluların çıxarılması üçün öz imkanlarından istifadə etməyə çağırdıq. Bu mövzuya 27 oktyabr tarixində Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı zamanı, eləcə də Azərbaycan və Ermənistan liderləri ilə müntəzəm təmaslarda toxunulub".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə yazılı müsahibəsində bildirib. Nazir işarə edib ki, muzdlular Yaxın Şərq ölkələrindən cəlb edilib və Türkiyə onların bölgədən çıxarılması üçün çalışmalıdır. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı ilə telefon söhbətində bu barədə danışması Ərdoğanın sərt reaksiyası ilə qarşılanıb. Türkiyə prezidenti bildirib ki, Qarabağda 1500-dən artıq PKK militanının olması barədə onlarda məlumat var. Bu, ölkəsinin qırmızı xətlərindən biridir, əgər həmin terrorçular bölgədən çıxarılmasa, onları məhv etmək üçün tədbirlər görə bilər.
Bu gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də bu barədə danışıb. O bildirib ki, Yaxın və Orta Şərq ölkələrinin tərəfdaş kəşfiyyat xidmətlərindən əldə etdikləri dəqiq məlumatlara görə, Suriyadan olan silahlılar Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edir. Narışkin iddia edib ki, kəşfiyyat xidməti bundan əvvəl də Yaxın Şərqdən, xüsusən Suriyadan döyüş bölgəsində terrorçuların olması barədə dəqiq məlumatlara sahib idi. Rusiya rəsmisi daha sonra Türkiyə kəşfiyyatının Dağlıq Qarabağdakı hadisələrdə iştirak etdiyini də söyləyib: “Rusiya Xarici Kəşfiyyat Xidməti bunu hiss edir və prosesin ayrı-ayrı elementlərini görür”.
Qeyd edək ki, İranın ali rəhbəri, ayətullah Əli Xameneyi də Dağlıq Qarabağdakı münaqişənin dayandırılması barədə çağırışında rəsmi Moskvanın mövqeyi ilə uzlaşan fikirlər deyib:
“Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarmalı və ermənilərin yaşadıqları ərazilərdə onların təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərin pozulmasına yol verilməməlidir və terrorçular bizim sərhədlərimizin yaxınlığına gəlməməlidir”.
Xatırladaq ki, ötən həftə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqadası Araz sahili boyu Azərbaycanın nəzarəti ələ aldığı zolaqla paralel ərazidə yerləşdirilib. Rəsmi Tehran bunun səbəbini müharibə bölgəsindən mümkün təhlükələrin qarşısını almaq məqsədilə izah edib. (Maraqlıdır, Azərbaycanla dövlət sərhədlərinin 27 il işğal altında, nəzarətsiz qalması İran rəhbərliyini bu qədər narahat etməmişdi).
Beləliklə, regionun iki böyük dövləti - Rusiya və İran hərbi əməliyyatları dayandırmaq üçün "xarici terrorçu" hekayəsini daha ucadan səsləndirməyə başlayıb. Azərbaycan bu ittihamları qətiyyətlə rədd edir. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində həmin iddialara tutarlı cavab verib:
“Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf qalmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız informasiyadan və şayiələrdən istifadə edirlər. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər muzdlularla bağlı bizi ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Tərəfdaşlarımızdan da eynisini gözləyirik”.
Turqut