Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya “sülhməramlılarına” yeni status veriləcəkmi?
Münaqişə bitib, Ermənistan 10 noyabr bəyanatından çıxıb...

Azərbaycan Silahlı Qüvvələrinin 19 sentyabrda Qarabağda bir sutka çəkən antiterror əməliyyatından sonra bölgədə proseslər sürətlənib.

Tərk-silah edilmiş hərbi birləşmələrdən silah-sursatların təhvil alınması, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun minalardan təmizlənməsi, gizlədilmiş cəbbəxanaların aşkar olunaraq boşaldılması;

Azərbaycan Respublikasına qarşı müxtəlif ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb olunması;

Bölgədə humanitar fəaliyyətin genişlənməsi, köçənlərə dəstək, axtariş-xilasetmə, qalan əhalinin qeydiyyatının aparılması, onlara tibbi, sosial xidmətlərin göstərilməsi; 

Dövlət qurumları nümayəndələrinin Xankəndi və digər azad edilmiş yaşayış məntəqələrində bütün sahələr üzrə ehtiyacları qiymətləndirməyə başlaması; 

İnfrastrukturun - kommunal xidmətlərin, mobil rabitənin, radio -televiziya qurumlarının fəaliyyətinin bərpası;

Mərkəzi hökumətin erməni icmasının nümayəndələri ilə reinteqrasiya tədbirləri ilə bağlı müzakirələri davam etdirməsi və s.

Qeyd olunan bu fəaliyyətlər müstəqillik dövründə Azərbaycanın mərkəzi hökuməti tərəfindən idarə edilməmiş bölgənin reinteqrasiyasına təməl hazırlıq xarakteri daşıyır. Bu, olduqca geniş, çoxşaxəli prosesdir, qarşıdakı aylarda, illərdə hökumətin prioritet vəzifələrindən biri olaraq qalmaqda davam edəcək. 

Rəsmi Bakının başqa əsas qayğıları da var. Erməni əhalinin məqsədli şəkildə Ermənistana köçünün təşkil olunması Qərbdən Azərbaycana qarşı ciddi təzyiqlərə rəvac verib. Təşkilatçıların əsas hədəfi də məhz bundan ibarətdir: Azərbaycan rəhbərliyini Qarabağda “etnik təmizləmədə” ittiham etmək və buna görə ölkəni sanksiyalar və müxtəlif cəza mexanizmləri ilə cəzalandırmaq, “problemi” Bakının Qərblə iqtisadi, siyasi əlaqələrində buxova çevirmək  və s.

Hazırda “erməni köçü” beynəlxalq medianının aparıcı mövzularından biridir. Eləcə də Vaşinqton, Brüssel, Paris arasında Azərbaycana qarşı atılacaq vahid addımlar müzakirə olunur. 

Əlbəttə, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa uyğun olması, antiterror əməliyyatları və ondan daha sonra yerli əhaliyə ziyan dəyməməsi, Ermənistana kütləvi köçün hər hansı zor, təhdid, diskriminasiya şəraitində baş verməməsi Bakının əlini gücləndirir. Azərbaycan rəhbərliyi BMT missiyasını Qarabağa dəvət etməklə real vəziyyətin erməni propoqandasından tam fərqli olduğunu nümayiş etdirir və bölgənin beynəlxalq nəzarətdən izolyasiya olunmadığını sübut edir.    

Bu günə qədər müxtəlif səviyyəli çağırışlara baxmayaraq Bakıya qarşı hər hansı ciddi addımların atılmaması bununla bağlıdır. Azərbaycan diplomatiyası ağır, gərgin iş rejimində bu ittihamları neytrallaşdırmağa çalışır. Çünki qarşı tərəf çox böyük resurslar sərf edir və ona Fransa, ABŞ-dakı ciddi siyasi dairələr açıq-aşkar dəstək verir.  

Açıq qalan, ictimaiyyətin daha çox suallar ünvanladığı məsələlərdən biri də bölgədəki Rusiya hərbi qüvvələrinin taleyidir. Ermənistan faktiki olaraq 10 noyabr razılaşmasında iştirakını dayandırıb, 19 sentyabr əməliyyatından sonra bununla bağlı Rusiyadan gələn təklifləri qəbul etməyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Qarabağda qalan ermənilərinin məsələsi, Rusiya sülhməramlılarının oradakı fəaliyyət dairəsi Bakı-Moskva arasında həll edilməli məsələdir.

Bu məsələ necə həllini tapacaq? Məlumdur ki, Azərbaycan hüquq mühafizə orqanları və başqa dövlət qurumlarının nümayəndələri Xocalı, Xankəndi şəhərlərinə daxil olsalar da, hələlik dövlət rəmzləri asılmayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev xarici mətbuata müsahibəsində bunun səbəbini yerli erməni əhalini “qorxutmamaq” olduğunu deyib.  

Hazırda Rusiya hərbçiləri 44 günlük müharibədən sonra dislokasiya olunduğu ərazidə fəaliyyətini davam etdirir. Rusiya rəsmiləri də bildirirlər ki, bu məsələ müzakirə predmeti deyil. Prezident V.Putinin köməkçisi Dmitri Peskov ötən həftə Rusiya hərbi kontingentinin yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: 

“Hələlik kimsə bunu deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Bakı ilə təmaslarımızı davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir"

Peskov daha sonra vurğulayıb ki, missiyanın uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Kremlin sözçüsü xüsusi vurğu ilə deyib ki, indi sülhməramlılar Azərbaycan ərazisindədir. Yəni, daha əvvəl Qarabağ mübahisəli region idi, indi vəziyyət dəyişib. 

Bu açıqlamadan iki nəticə çıxır;

10 noyabr bəyanatı faktiki qüvvəsini itirib, Ermənistan artıq bu formatdan imtina edib, onu ikitərəfli qaydada yeniləmək lazımdır; 

Rusiya Azərbaycandan hərbi kontingentə daha uzun və geniş fəaliyyət dairəsini nəzərdə tutan mandat almaq istəyir.

“Sülhməramlıların” nəzarətində olacaq ərazilərdə Azərbaycan bayrağının asılacağı, hökumət strukturlarının fəaliyyətini bərpa edəcəyi artıq mübahisə predmeti deyil. Aydın olmayan Rusiya hərbçilərinə Bakının hansı status tanıyacağıdır. Bu barədə müzakirələrin olub-olmayacağı ilə bağlı informasiya yoxdur. 

Hələlik “sülhməramlıların” bölgədə qalması Azərbaycanın işinə yarayır, çünki beynəlxalq çevrələrdə “etnik təmizləmə” ittihamı geniş vüsət alıb. Moskva öz məsuliyyət payını anlayır, Bakı ilə müttəfiqlik nümayiş etdirir və bu bəyanatların həqiqətə uyğun olmadığını bildirir. 

Amma sabah necə olacaq? Hadisələr olduqca sürətli inkişaf edir, ona görə “sülhməramlıların” Qarabağda qalıb-qalmayacağı proseslərin gedişatından asılıdır. Xüsusən Ukrayna ilə müharibənin çoxdan gözlənilən nəticəsindən. Azərbaycan ən yaxşı halda 2025-ci ilə qədər Rusiya hərbçilərinin öz ərazisində qalmasına dözə bilər. Ermənilərin kütləvi köçü bu çərçivənin genişləndirilməsinə hər hansı zərurət qoymayıb...

Turqut