Logo
news content
User
Kateqoriyalar

Analitika

“Rusiya sülh prosesini nəzarətində saxlamaq istəyir”
Ekspert: “Ermənistan Qərblə Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilmək ərəfəsindədir”

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya iki günlük səfərə gedib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Nikol Paşinyan arasında görüş və müzakirələr barədə sualı cavablandırarkən, “müəyyən planların” müzakirə edildiyini deyib, lakin “qabağa qaçmamağa” çağırıb: “Hələlik hadisələri qabaqlamayaq. Müəyyən planlar müzakirə olunur. Bu müzakirələr yekunlaşdıqdan sonra müvafiq açıqlama verəcəyik. Hələlik biz bu barədə danışmağın tez olduğunu hesab edirik”.

Maraqlıdır, indiyədək yalnız o məlum idi ki, 17-18 may tarixində Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan, Ceyhun Bayramov və Sergey Lavrovun Moskvada görüşü nəzərdə tutulur. Digər məlumat ondan ibarət idi ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşü keçiriləcək və bu görüşdə Azərbaycan ilə Azərbaycan arasında müəyyən sənədin imzalanması gözlənilir. 

Dünən isə Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə görüşəcəkləri barədə məlumat yayıldı. Artıq məlumat rəsmi Brüssel tərəfindən də təsdiqlənib. 

Paşinyanın Moskvaya bu gözlənilməz səfəri nə ilə bağlıdır? Yalnız Rusiya paytaxtında keçirilən hərbi paradda iştirakla, yoxsa Vaşinqton görüşündən sonra və Brüssel görüşü öncəsi Putinə hesabat vermək və məsləhət almaq niyyəti ilə? 

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli fikirlərini Press Klubla bölüşməyə razılaşıb.

Onun sözlərinə görə, Ermənistan artıq Qərblə Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilmək ərəfəsindədir.

“Bu mürəkkəb geosiyasi vəziyyət Ermənistan hökuməti üçün çox risklidir. Ermənistan Rusiyanı qıcıqlandırmadan Qərbin maraqlarını təmin etməyə ümid edir. Hazırda Rusiya da Ermənistan hakimiyyəti ilə münasibətləri daha da korlamaq istəmir.

N.Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın Ermənistana siyasi və hərbi təsirini azaltmağa yönəlmiş siyasət yürütməyə çalışır. O, Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir. Azərbaycanla 44 günlük müharibədən sonra keçirilən seçkilər nəticəsində hakimiyyətdə qalması ona bu istiqamətdə yeni imkanlar açıb.

Rusiya Paşinyanın bu siyasətindən narazı olsa da, onu dəyişmək imkanları məhduddur. Ermənistan cəmiyyətində Rusiyanın “etibarlı tərəfdaş” imici məhv edilir. Paşinyan başa düşür ki, Rusiyanın təsirindən çıxmaq üçün təkcə Qərblə yaxşı münasibətlər yetərli deyil. Təbii ki, Azərbaycan və Türkiyə ilə də münasibətləri yaxşılaşdırmaq lazımdır. Bu məsələdə həlledici amil Qarabağdır.

Paşinyan Azərbaycanla sülh danışıqlarında dalana dirənib. ABŞ və Avropa İttifaqı sülh prosesini irəlilətməyə çalışır. Rusiya prosesi öz nəzarətində saxlamaq istəyir. Paşinyan hökuməti Qərbin və Rusiyanın iradəsinə qarşı açıq mövqe tuta bilmədiyi üçün sülh sazişini imzalamağa cəsarət etmədi. O, prosesi mümkün qədər gecikdirməyə çalışır.

Tərəflərin açıqlamalarından da görünür ki, Paşinyanın Moskva səfəri zamanı müzakirə olunacaq məsələlər qapalı olaraq qalır.

Fikrimcə, görüşdə ilk növbədə ABŞ-da Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişindən söhbət gedəcək. Putin Paşinyana izah edəcək ki, Rusiyanın iştirakı olmadan belə bir sənədin imzalanması regionda sülhə zəmanət verə bilməz. Moskva hələ də regionda əsas gücdür. Ermənistan hökuməti bunu xüsusilə nəzərə almalıdır. Rusiya-Ukrayna müharibəsinin gedişatı Cənubi Qafqazın taleyində ciddi rol oynayacaq”, - deyə N.Məmmədli yekunlaşdırıb.

 

Rauf Orucov