Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya o düyməyə basdı...
Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi

Rusiya Qərb xəttini getdikcə gücləndirən Ermənistan hakimiyyətini “yola gətirmək” üçün bir neçə istiqamətdə iş aparır. İsrarlı diplomatiya Moskvanın İrəvanı yolundan döndərməyə, ən azı prosesi ləngitməyə olan ümidlərinin tükənmədiyini göstərir. Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-in nazirlər toplantısı çərçivəsində Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşünü də bu qəbildən saymaq olar. Görüş bağlı qapılar arxasında 2 saatdan artıq davam edib...

Moskva bir tərəfdən Ermənistanın da üzv olduğu təşkilatların (KTMT, Avrasiya İqtisadi Birliyi, MDB) xətti ilə intensiv danışıqlar aparır. Ermənistan rəhbərliyinin bu təşkilatların toplantılarını boykot etməsinə baxmayaraq, həmin təşkilatların nümayəndələri İrəvana səfər edərək müzakirələri orada davam etdirməkdən çəkinmirlər. 

İkinci istiqamət Rusiyanın yavaş-yavaş əlindəki təzyiq rıçaqlarını işə salmasıdır. Məsələn, artıq bir neçə gündür Ermənistandan Rusiyaya və əks istiqamətdə kənd təsərrüfatı məhsulları və digər mallar daşıyan yük maşınları Lars keçid məntəqəsində gözləyir. Erməni rəsmiləri avtomobillərin ölkəyə giriş probleminin Ermənistan-Rusiya münasibətlərinin gərgin olması ilə bağlı ola biləcəyini deməkdən çəkinmirlər. 

Bu arada “Rosselxoznadzor” Ermənistana rəsmi məktub göndərərək, yoluxmuş məhsulların Rusiyaya daşınmasının qarşısını almaq üçün dərhal kompleks tədbirlər görməyi xahiş edib.

Məktubda qeyd olunur ki, Ermənistandan zərərvericilərlə yoluxmuş bitkiçilik məhsullarının tədarükü kəskin artıb. Xidmətin məlumatına görə, bu il erməni gül və meyvə-tərəvəzində 72 halda zərərvericiləri aşkar edilib.

“Eyni zamanda, noyabr ayında qanun pozuntularının kəskin artması qeydə alınıb: təkcə noyabrın 24-dən 26-dək yoluxmuş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, almanın Rusiyaya idxalı ilə bağlı 36 fakt qeydə alınıb. Bundan başqa, noyabr ayında pomidor, çiyələk, alma və üzümdə pestisid qalıqlarının icazə verilən maksimum həddən artıq 5 faktı aşkar edilib ki, bu da erməni istehsalçıları tərəfindən pestisidlərdən istifadə qaydalarını pozduğunu göstərə bilər”, - açıqlamada qeyd olunur.

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan bildirib ki, rusiyalı tərəfdaşları ilə müzakirələr aparıb problemin nədən ibarət olduğunu anlamağa çalışacaqlar. 

Nazir qeyd edib ki, Rusiya tərəfin irad tutduğu problemlərin sayı olduqca azdır, bu da dövlət orqanlarının işini pis hesab etməyə əsas vermir.

Ermənistan rəsmisi daha sonra vurğulayıb ki, İrəvanın iqtisadi siyasəti yüksək standartlara cavab verən məhsulların istehsalına yönəlib. “Ona görə də, bizim müxtəlif istiqamətlərə məhsul ixrac etmək imkanımız var. Mən bu vəziyyəti bütün istehsalçılar üçün ixrac strategiyalarını nəzərdən keçirmək və yeni bazarlar tapmağa çalışmaq üçün yaxşı fürsət hesab edirəm", - o bildirib.

Bəs Ermənistan iqtisadi baxımdan Rusiyadan nə qədər asılıdır, Kreml düyməyə bassa, İrəvanı hansı çətinliklər gözləyə bilər? Bu sualın cavabını tapmaq üçün statistikaya diqqət etmək lazım gəlir.

Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin ilk 8 ayında Ermənistandan Rusiyaya ixrac 2,1 dəfə artaraq 2,3 milyard dollara, idxal isə 16% artaraq 1.9 milyard dollara çatıb. Rusiyanın ixracda payı 51%, idxalda payı isə 25% təşkil edib. 

2021-ci il ilə müqayisədə Rusiyanın Ermənistanın ixracında payı 28.2%-dən 51%-ə qalxıb, idxalda isə 37.3%-dən 25%-ə qədər azalıb. Avropa İttifaqının (Aİ) isə əksinə ixracda payı 21.8%-dən 11.2%-ə enib, idxalda payı dəyişməyib. 2021-ci ildə Rusiya idxalda, Aİ isə ixracda daha böyük paya sahib olsa da, bu 2023-cü ildə əksinə dəyişib.

Buna səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistanın Rusiyaya yenidən ixracda iştirakıdır. 2023-cü ilk yarısında Ermənistandan Rusiyaya ixrac 215% artıb ki, bunun da 187%-i yenidən ixracın payına düşüb. 

Bundan başqa, 2022-ci ildə buğda idxalının 99.9%-i, qarğıdalı idxalının 98.8%-i, paxla idxalının 82.2%-i, marqarin idxalının 72%-i, un məmulatlarının idxalının isə 66.6%-i Rusiyanın payına düşüb. 

Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi (61%) yerli kənd təsərrüfatı və qida məhsullarının ixracını Qərbə yönəltmək asan deyil. Çünki onların istehsalı Avropa tələblərinə uyğun deyildir. Bu, istehsal səviyyəsinin azalmasına, işsizliyin artmasına səbəb ola bilər. 

Rəqəmlərdən göründüyü kimi, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılılığı var. Bura qaz (88 faiz), elektrik enerjisi (70 faiz), pul köçürmələri (3.6 milyard dollar) və s. göstəriciləri də əlavə etsək, Kremlin əlində kifayət qədər ciddi təzyiq rıçaqlarının olduğunu görürük.

Yuxarı Lars gömrük-keçid məntəqəsində Ermənistandan gedən yük maşınlarına yaradılan problemlər, “Rosselxoznadzor”un gətirdiyi bəhanələr Rusiyanın Paşinyan hökumətini Qərb yolundan döndərmək üçün ən təsirli alətini işə saldığından xəbər verir. Qərb qısa müddətdə bu qarşıdurmada Ermənistanın az itki ilə çıxmasını təmin edə bilməz. Bu, iqtisadi cəhətdən belə, mümkün deyil. Görünür, bu riskləri Vaşinqtonda da nəzərə alıb, Paşinyana Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmağı məsləhət görüblər. Paşinyan dekabrın əvvəlində bu tədbir çərçivəsində Vladimir Putinlə görüşə bilər.

Sonrası isə detallardır. Müşahidə edək...

Turqut