Rusiya neft gəlirlərini itirir, bunun Azərbaycana da təsiri olacaq
16 Aprel 2020
OPEC+ formatında hasilatın ixtisarına dair əldə olunan razılaşma Rusiyanı neft ixracından qazanılan gəlirlərin kəskin azalmasından xilas edə bilməyəcək. “Bloomberg”in xəbərinə görə, may ayında Rusiyanın ixrac etdiyi neftin rüsum dərəcəsi 87% azalacaq və 1 barelə 1 dollardan aşağı düşəcək.
Rusiyada neftə görə ixrac rüsumu “Urals” neftinin orta aylıq qiyməti əsasında bir ay sonrası üçün müəyyənləşdirilir. Son bir ayda (15 mart-14 aprel) Rusiyanın “Urals” markalı neftinin orta qiyməti bir barelə görə 19 dollar, bir tona görə 138,7 dollar təşkil edib. Bunun nəticəsində 1 maydan etibarən ixrac rüsumu bir barelə görə 0,93 dollar, bir tona görə 6,8 dollar olacaq. Məsələn, apreldə rüsum müvafiq olaraq 7,12 və 52 dollar təşkil edib.
Fiziki neftin (gündəlik spot qiymətləri) ciddi ucuzlaşmasını nəzərə alan “Bloomberg” xəbərdarlıq edir ki, Rusiya may ayından sonra da çox aşağı neft gəlirləri ilə yaşamalı olacaq. Belə ki, “Urals”ın aprelin ortalarına olan orta qiyməti 17 dollardır. Ayın əvvəlində hətta 10 dollara düşmüşdü. Qiymət 15 dollar olanda Rusiya büdcəsi neft-qaz gəlirlərini demək olar ki, itirir: ixrac rüsumu sıfırlanır, faydalı qazıntıların hasilatına tətbiq olunan vergi bir neçə dəfə (təxminən 240 milyard rubla qədər) aşağı düşür. Müqayisə üçün deyək ki, 2019-cu ildə karbohidrogen xammalına tətbiq olunan ixrac rüsumları Rusiya büdcəsinə 2,3 trilyon rubl gəlir gətirib, ümumi neft-qaz gəlirləri isə 7,9 trilyon rubl olub.
Məsələni Press Klub-a şərh edən iqtisadçı Rövşən Ağayev bildirdi ki, Rusiya xam neftə yüksək ixrac vergisi tətbiq edir. Bizdə bu praktika yoxdur - daha doğrusu, tamam fərqlidir: “Biz büdcəyə neft gəlirlərini yalnız mənfəət vergisi, bir də SOCAR-ın ƏDV+əmlak+torpaq vergisi şəklində alırıq. Amma Rusiya şirkətlərə az mənfəət qalsın, daha çox büdcə götürsün deyə, yüksək ixrac vergisi tətbiq edir. Azərbaycanda SOCAR-a daha çox vəsait qalsın deyə, ixrac vergisinin tətbiqində əvvəldən maraqlı olmadılar. Çünki bu halda korrupsiya imkanları daha təhlükəsiz və rahatdır.”
Rusiya bi qiymətlə neft sektorundan nə əldə edəcək? R.Ağayevin sözlərinə görə, əgər şirkətlərin mənfəəti olsa, mənfəət vergisi. Olmasa, onu da əldə etməyəcək: “Nə əldə etsə, yanacaq satışı üçün dövriyyə vergilərindən, bir də şirkətlərin əmlak+torpaq vergisindən qazanacaq. Amma mənim bildiyim qədər, federal büdcənin neft sektorundan gəlirlərinin təxminən yarısı ixrac rüsumundan formalaşırdı. Bu mənbəni indi tam itirirlər. Bu qiymətlə yəqin ki, mənfəət də olmayacaq. Nə alsalar, ƏDV və kapital vergilərindən alacaqlar.”
Biz bu mövzuya niyə diqqət yetiririk?
Çünki Rusiyada iqtisadi böhran və büdcə gəlirlərinin azalmasının Azərbaycana da təsiri var. Rusiyada iqtisadi problemlər dərinləşəndə orada çalışan azərbaycanlılarının vətənə - öz ailələrinə və yaxınlarına göndərdikləri pul baratlarının miqdarı da azalır. Xaricdən Azərbaycana daxil olan pul baratlarının böyük hissəsi məhz Rusiyanın payına düşür. Son illər köçürmələrin dinamikasına baxanda neftin qiymətləri ilə birbaşa əlaqə gözə çarpır.
Məsələn, neft 2014-cü ilin ikinci yarısından ucuzlaşmağa başlayıb, lakin həmin ilin birinci yarısında (yanvar-avqust) Brent neftinin orta qiyməti 107,75 dollar təşkil edib. (İl üzrə orta qiymət 99 dollar.) Bu səbəblə 2014-cü ildə xaricdən Azərbaycana köçürülən pulun miqdarı xeyli yüksək - 1,709 milyard dollar olub. 2015-ci ildə neftin orta illik qiyməti 52 dollar olduğundan, həmin il ölkəmizə köçürülən məbləğ 1,183 milyard dollara düşüb. Enerji bazarında aşağı qiymətlər 2016-cı ildə də davam etdiyindən, Azərbaycana göndərilən pul baratları 774 milyon dollar təşkil edib. 2017-2018-ci illərdə neft bazarında stabilləşmə müşahidə edildiyi üçün köçürmələr müvafiq olaraq 1,020 milyard və 1,080 milyard dollara yüksəlib. 2019-cu ildə isə yenə neftin qiymətləri ilə paralel azalma baş verib: 934 milyon dollar.
Belə görünür ki, 2020-ci ildə xaricdən Azərbaycana köçürülən pulun miqdarında radikal azalma qeydə alınacaq. Bu da şübhəsiz ki, həmin köçürmələrlə yaşayan Azərbaycan ailələrinin maddi durumuna və bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
Press Klub