Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya İrana “farağat” dedi 
Kreml Türkiyənin və NATO-nun bölgəyə yeni yol tapacağından çəkinir 

Müəllif: Seymur Həzi

Azərbaycan və İran arasındakı gərginlik Türkiyə-İran münasibətlərinə də keçdi. Türkiyə İranla sərhədlərini bağladı. Bundan öncə isə İran Azərbaycanla sərhədləri bağlamışdı. Ankaranın belə addımının nə ilə nəticələnəcəyinə dair suallar artmağa başladı. Regionda yeni münaqişə yaranacaqmı? İran Türkiyə, İsrail və Pakistana rəğmən Azərbaycana qarşı daha radikal qərarlar verəcəkmi? Rusiyanın belə durumda mövqeyi nədən ibarət olacaq? Bütün bu suallar nəinki siyasətçilərin və şərhçilərin, hətta sadə insanların da müzakirəsində xüsusi qabarır. Görünən odur ki, cəmiyyət özlüyündə İrandan hər hansı pozitiv münasibət gözləmir, amma İranla gərginliyin verəcəyi fəsadları da gözardı etmək istəmir. Yeri gəlmişkən, bunu İranda cəmiyyət üçün deyil, hakimiyyət üçün demək olar. Çünki İranda toplum demək olar ki, əksərən hakmiyyətin Azərbaycan  siyasətindən məmnun deyil. Bunu da sosial şəbəkələrdən izləmək və bilmək mümkündür. 

Türkiyə bir gediş irəlini göstərdi  

Sərhədləri bağlamaq Türkiyə tərəfindən İrana bir xəbərdarlıq idi. Yəni hər hansı xoşagəlməz addım baş verəcəksə, Türkiyə nəyisə gözləməyəcək. Buna görə də indiki gərginliyə cavab olaraq sərhədləri bağlamaqla kifayətlənir. İran başa düşür ki, onsuz da blokadadadır. Üstəlik, “sərhədləri bağlamaq”  birinci addım kimi düşünülmür. Bu, münasibətlərin sıfır nöqtəsidir. Hər hansı uzağagedən nəticə çıxarmağa ehtiyac olsa, onda mütləq belə bir nəticə çıxmalıdır ki, Türiyə İrana hərbi müdaxiləyə hazır olduğunu göstərdi. İran bu mesajı aldımı? Bu sualı cavablandırmaq üçün vaxtımız olacaq. 

Rusiya narahat oldu 

Rusiyanın bu məsələdə mövqeyi maraqlı oldu. Kreml İranın əsəbi vəziyyətini demək olar ki, görməzdən gəldi. Hətta demək olar ki, onun hansı addımlar ata biləcəyini öncədən bilirdi - ya da Kremldən xəbərsiz hansı addımları atmayacağını. Rusiya XİN rəhbəri Sergey Lavrovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşündə səsləndirdiyi fikirlər diqqəti çəkir. Lavrov provokativ hərbi təlimlərin yolverilməz olduğunu və azərbaycanlıların bundan narahat olduqlarını dilə gətirib. Əslində isə bu, elə Kremlin narahatlığıdır. Söhbət ondan gedir ki, İranla Azərbaycan arasında istənilən hərbi qarşıdurma bölgəyəTürkiyənin daha iri addımla gəlişini şərtləndirəcək. Bu isə Rusiya üçün yeni xoşagəlməz reallıq yaradacaq. Görünür ki, Lavrov iranlı həmkarına onu izah etməyə çalışıb ki, Azərbaycanı incidib, Türkiyənin yanına, Türkiyəni isə yenidən NATO qərargahına göndərəcək addımlara ehtiyac yoxdur. Əgər Türkiyə bölgədə hər hansı hərbi əməliyyata girmək  məcburiyyətində qalsa və onun qarşı tərəfində İran olarsa, bu, Qərb dünyasının Türkiyəni dəstəkləməsi və bu yolla regiona daxil olması üçün daha asan yol olar. Kreml bu yolla İranı sakitləşdirir, həm də sözün birbaşa mənasında Qərbi regiona buraxmamaq üçün çalışır. Başqa tərəfdən isə Rusiya başa düşür ki, İran antiqərb siyasətində ona kömək edə bilməz. Əksinə, İranın hərəkətləri Qərbi qıcıqlandırır və daha konkret addımlara məcbur edir. Kreml isə hələ ki belə ziddiyyətlərə hazır olmadığını bilir. İstər iqtisadi baxımdan, istər hərbi-texnoloji baxımdan Rusiya Qərblə qarşılaşmağa hazır deyil. Üstəlik də, belə bir qarşılaşma Azərbaycan üçün Türkiyənin də qoşulduğu  gərginlik olacaqsa, bu, o deməkdir ki, Rusiyanın Qafqazdakı varlığı daha ciddi risk altına düşər.