Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışmalı olub
Azərbaycana mane olunsaydı, rəsmi Bakı Qərbin regional proseslərdə fəal iştirakına yol aça bilərdi

Bu gün tarixi bir gündür. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidəki mərkəzi meydanda Azərbaycan bayrağını qaldırandan sonra deyib.

“19-20 sentyabrda keçirilən antiterror əməliyyatı qaçılmaz idi. Amma biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. 17 il ərzində mən şəxsən çoxsaylı mənasız və nəticəsiz danışıqlarda iştirak etmişəm. Çünki hesab edirdim ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Amma ümidlər tükənirdi. Bu gün tam əminliklə deyə bilərəm ki, ermənilər bir qarış torpağı da bizə qaytarmaq fikrində deyildilər. Bu məsələ ilə məşğul olan vasitəçilər əslində münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədiləşdirmək istəyirdilər”, - Əliyev bildirib.

“Torpaqlarımız işğal olunanda heç bir ölkə bizə dəstək vermədi, mənəvi dəstək olmadı. Bütün böyük dövlətlər Ermənistanı dəstəklədi və bu gün də bu bir daha təkrarlanır”, - deyə dövlət başçısı davam edib.

“Vaxt var idi ki, azərbaycanlılar və ermənilər təkcə Xankəndində deyil, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda və başqa yerlərdə mehriban şəraitdə yaşayırdılar. Ermənilər Qarabağda yaxşı yaşayırdılar və onları heç kim incitmirdi.

Millətçi hərəkat və separatizm Ermənistandan qaynaqlanırdı. İrəvandan gələn emissarlar Qarabağın Azərbaycandan ayrılması üçün millətçilik hərəkatı təşkil etdilər”.

Əliyev separatçı liderlərin oturduğu binaya işarə edərək deyib:

Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. 

Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi.  Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək?

Bu, dərs olmalıdır onlara. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.

Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Təbii ki, simvolizm baxımından şəxsən Azərbaycan Prezidenti tərəfindən bir gündə Qarabağın dağlıq hissəsinin demək olar ki, bütün mühüm yaşayış məntəqələrində dövlət bayraqlarının qaldırılması çox vacibdir. Maraqlıdır, bu nümayişkaranə aksiya Rusiya hərbçiləri (sülhməramlıları) ilə necə razılaşdırılıb? Rəsmi Moskva hələ də bu hadisəyə səssiz qalıb. Amma çətin ki, onlar bundan çox da razı olsunlar. Bəs prezidentin bu addımı hansı anlama gəlir? Bundan sonra Qarabağda nə dəyişməlidir?

old.pressklub.az-ın suallarını tanınmış müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. “Burada hakimiyyətin uğurlu hərbi-diplomatik siyasəti, cəmiyyətin vahid mövqeyi və dəstəyi, eləcə də əlverişli geosiyasi şərait nəticəsində ədalət bərpa olunub”, - Məmmədli deyir.

O qeyd edib ki, Rusiya Qərbin Cənubi Qafqaz regionundakı geosiyasi rəqabətdə fəal iştirakını istəmir. “Qarabağ məsələsi birtərəfli qaydada həll olunmayana qədər Qərbin proseslərə müdaxilə imkanları artır. Xüsusilə də, Ermənistan Qərbin regionda mövcudluğu üçün münbit şərait yaradıb. Belə bir vəziyyətdə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışmalı oldu. Əgər hərbi və siyasi baxımdan Azərbaycana mane olunsaydı, o zaman rəsmi Bakı Qərbin regional proseslərdə fəal iştirakına yol aça bilərdi. Digər tərəfdən, bu məsələnin tez həll olunmasında Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin şəxsi münasibətlərinin də böyük rolu olub. Eyni zamanda, bu üç dövlət “3+3” regional əməkdaşlıq formatının əsas dəstəkçiləridir. Gələcəkdə regionun digər dövlətlərinin də bu istiqamətdə addımlar atacağını gözləmək olar”, - ekspert hesab edir.

Onun sözlərinə görə, Qarabağda artıq erməni separatizmi yoxdur. Bu məsələ bağlanıb. “Əvvəla, rəsmi Bakı bu problemin bir daha yaşanmaması üçün bütün mümkün səbəbləri aradan qaldıracaq. Qarabağa qayıtmaq və yaşamaq hüququ (vətəndaşlığı) olan və cinayət törətməkdə şübhəli bilinməyən erməni əsilli şəxslərin təhlükəsizliyi və işləməsi təmin ediləcək. Bu ərazilərə yerli azərbaycanlılar da köçürüləcək. Hətta Rusiya hərbçilərinin də müvəqqəti olaraq bölgədə qalmasına icazə verilə bilər”, - Məmmədli yekunlaşdırıb.

Rauf Orucov