Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya Azərbaycan-Ermənistan gərginliyində maraqlıdır 

Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında baş vermiş gərginlik sərhədlərin delimitasiyası və demarkasiyası problemini aktuallaşdırsa da, ortada hələlik bir nəticə yoxdur. Ermənistan müxalifəti - keçmiş prezident Serj Sarkisyanın kürəkəni Minasyan tərəfindən yayılan saziş layihəsində Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli komissiyanın yaradılmasından bəhs olunurdu. Həmin komissiya dövlət sərhədlərini sovet dövründə çəkilmiş xəritələr əsasında müəyyənləşdirməyə başlamalıdır. Rəsmi Bakı bu məlumatı nə təsdiq, nə təkzib etdi. Paşinyan isə belə bir sənədin mövcud olduğunu, hətta onu imzalamağa hazır olduğunu bildirdi.

Lakin problemin danışıqlar masasında müzakirə olunacağına ümidlərin yarandığı bir vaxtda sərhəddə vəziyyət yenidən gərginləşib. Mayın 25-də erməni mənbələri tərəfindən sosial şəbəkələrdə bir neçə Azərbaycan əsgərinin çoxlu sayda erməni silahlısının basqınına məruz qaldığını əks etdirən videolar yayıldı. Kadrlardan görünür ki, ermənilər Azərbaycan hərbçisini mühasirəyə alaraq ona qarşı güc tətbiq etməyə çalışırlar.

Azərbaycanın hərbi mənbələrindən bildirilib ki, bu hadisə bir neçə gün əvvəl Laçın bölgəsində, sərhədin Zəngəzur istiqamətində baş verib. Olaydan dərhal sonra Azərbaycan ordusunun bölmələri adekvat və qəti tədbirlər görüb, bunun sayəsində düşmən bu ərazidən çıxarılıb. Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha əlverişli mövqedə möhkəmləniblər və əraziləri nəzarətə götürüblər. Hərbi mənbələr ələ keçrilən erməni postlarının videosunu da çəkərək sosial şəbəkələrdə nümayiş etdiriblər. 

Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistanın Geqarkunik vilayəti ərazisindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan postları istiqamətində avtomat silahlardan havaya atəş açıb. Azərbaycan tərəfi cavab atəşi açmayıb, itki yoxdur.

Qeyd edək ki, son hadisələrə Rusiya Müdafiə Nazirliyi və Qarabağdakı sülhməramlıların komandanlığı münasibət bildirməyib. 

Göründüyü kimi, sərhədlə yanaşı, Qarabağdakı təmas xəttində də gərginlik yaranır. Əsas sual bundan ibarətdir ki, baş verən gərginlik ilk növbədə kimin marağına uyğundur?

İyunun 20-də Ermənistanda kritik parlament seçkiləri keçiriləcək. Məntiqlə rusiyayönümlü müxalifətin, eləcə də Moskvanın təzyiqi altında olan Paşinyanın sərhəddəki gərginlikdə maraqlı olması inandırıcı deyil. Əvvəla, Paşinyanın bu kontekstdə uğur əldə edib, ondan seçkiqabağı təbliğatda yararlanmaq imkanları yoxdur. Azərbaycana qarşı uğur hekayələri düzəltmək heç onun platformasına da daxil deyil. Çünki istər ordunun döyüş qabiliyyəti, istərsə də bölgədə vəziyyəti nəzarət altında saxlayan Rusiya buna imkan verməz. Ehtimal etmək olar ki, Qarabağda Ermənistan hökumətinin təsir edə bilmədiyi, əvvəlki siyasi elitaya bağlı silahlı qruplar gərginlikdə maraqlıdırlar. Bu qüvvələrin üçüncü tərəfin diktəsi ilə onun maraqlarından çıxış etdiyini gözardı etmək olmaz. İndiki halda sərhəddə hərarətin yüksəlməsi Ermənistan cəmiyyətində yeni müharibənin olacağına dair narahatlığı artırır və Paşinyana əlavə problemlər yaradır. Baş nazir əvəzinin hay-küy salıb, beynəlxalq diqqəti bölgəyə yönəltməsi də bundan xəbər verir. O düşünür ki, seçkiqabağı vəziyyəti nəzarət altında saxlamaq üçün Azərbaycana qarşı maksimum beynəlxalq təzyiq təşkil etmək lazımdır. Son vaxtlar rəsmi Bakıya erməni deiversantların geri qaytarılması, silahlı qüvvələrin Ermənistan ərazisindən çıxarılması və sair çağırışların artması Qərblə İrəvan arasında sinxronluqdan xəbər verir.  

Bəs, gərginlikdə Azərbaycan maraqlıdırmı? 

Prezident İlham Əliyev bəyan edib ki, seçkilərə qədər prinsipial məsələlərin həlli ilə bağlı Ermənistandan hər hansı gözləntisi yoxdur. “Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır. Başa düşürəm ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq. Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”, - deyə dövlət başçısı söyləyib. 

Eyni mövqeni mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının islasında təkrarlayıb. Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalana biləcəyini vurğulayıb. 

Beləliklə, Azərbaycan Ermənistanda 20 iyun seçkilərinin nəticələrini gözləyir. Məlumdur ki, Paşinyanın əsas rəqibləri Azərbaycanın ərazilərinin işğalını həyata keçirmiş militarist qüvvələrdən ibarətdir. Bu qüvvələr Moskva tərəfindən dəstəklənir və onların yenidən hakimiyyət başına qayıtması Azərbaycanın maraqlarına uyğun deyil. Çünki onların əsas şüarı “itirilmiş ərazilər”in, o cümlədən Şuşa və Hadrutun geri qaytarılması, Rusiya ilə daha dərin müttəfiqlik münasibətlərinin qurulmasından ibarətdir. Ötən 28 ildə Ermənistanda bir-birini əvəz edən bu siyasi qüvvələrlə Azərbaycan dil tapa bilməyib və münaqişənin siyasi həlli baş tutmayıb. Qərbyönlü siyasi kurs yeritmək istəyən və hələlik özündə buna güc tapmayan Paşinyan isə müharibəni uduzduqdan sonra yeni səhifə açmağa, iqtisadi əlaqələri, nəqliyyat-kommunikasiya xətlərini bərpa etməyə razılaşıb. O, daxildən və xaricdən Rusiyanın himayə etdiyi qüvvələrin güclü təzyiqi altında olsa da, Qərbdən müəyyən dəstək ala bilib.

Rusiyaya gəldikdə, onun bölgədə daha geniş maraqları var və o, hər iki ölkəni tam nəzarət altında saxlamağa çalışır. Çünki real situasiya Kreml üçün ideal deyil. Azərbaycan Türkiyə ilə əlaqlərini maksimum gücləndirib, son vaxtlar Qərbi də prosesə cəlb etməyə çalışır. Prezident İlham Əliyevin əvvəlki sərt mövqeyini yumşaldaraq Minsk Qrupundan yeni təkliflər gözlədikdlərini söyləməsi təsadüfi deyildi. O, Moskvanın orbitindəki təşkilatlara inteqrasiya kimi bir hədəfinin olmadığını nümayiş etdirir. Amma Putin Rusiyası bu istəyində israrlıdır. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "İzvestiya" qəzetinə müsahibəsində birdən-birə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsini gündəmə gətirib: 

“...Azərbaycan da daxil olmaqla, başqa ölkələrə gəlincə, KTMT-nin qapıları hamı üçün açıq olmalıdır. Təşkilatın Nizamnaməsinə əsasən üzvlüyə əngəl törədəcək yeganə məsələ üzv ölkələr arasında diplomatik münasibətlərin olması şərti ola bilər. Hələ ki Azərbaycan və Ermənistan arasında belə münasibətlər yoxdur. Bu münasibətlər qurulanda - biz ümid edirik ki, bu, gec-tez baş verəcək - bu məsələ də bu və ya digər şəkildə praktik müstəviyə çıxa bilər”.

Rudenko Ermənistana məsləhət görür ki, Azərbaycana mane olmasın, eyni zamanda Bakıya mesaj verir ki, üzvlük üçün müraciət etsə, Moskva onu dəstəkləyəcək. 

Sərhəddə baş verən gərginlik, Rusiyanın vasitəçilik təşəbbüsü Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə (Avrasiya İqtisadi İttifaqı, KTMT) cəlb etmək niyyətindən irəli gələ bilər. Çünki bu halda Moskva Azərbaycanla Ermənistan arasında bütün məsələlərdə arbitr rolunda çıxış edir və paralel olaraq, əlavə təzyiq imkanları qazanır. İndiki halda Qarabağdan kənar gərginlik ocaqlarının sayının çoxalması Moskvanı tamamilə qane edir. Şübhəsiz ki, bölgədə hərbi-siyasi vəziyyətə nəzarət edən Moskvanın əlində bu cür problemləri yaratmaq üçün çoxsaylı vasitələr var. Elə 10 noyabr Bəyanatına zidd olaraq erməni silahlı dəstələrinin Qarabağda qalmaqda davam etməsi də bunlardan biridir. Ehtimal etmək olar ki, Ermənistanda seçkilər yaxınlaşdıqca, sərhəddə gərginlik silahlı toqquşmalarla nəticələnə bilər. 

Turqut