Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya artıq Qarabağ məsələsini ayrıca alət kimi istifadə edir
Moskva nikbin-qəzəbli açıqlamalar verən Araikə nə sifariş edib?

Qarabağ separatçılarının lideri Araik Arutyunyan “Artsax İctimai Televiziyasına” müsahibə verib və regiondakı vəziyyəti şərh edib.

O, rəsmi İrəvanı Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqda ittiham edib. Arutyunyan hesab edir ki, Qarabağın indiki “blokadasına” səbəb də məhz bu etiraf olub.

Separatçıların lideri etiraf edir ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat onlarda ümid yaradıb ki, ermənilər Rusiya sülhməramlılarının himayəsi altında geri qayıdacaqlar və Qarabağ “müstəqil ərazi” kimi mövcudiyyətini davam etdirə biləcək, statusu isə sonra müəyyənləşəcək.

Amma 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdən sonra Paşinyan nəinki Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb, həm də Rusiyadan uzaqlaşma prosesinə başlayıb. Arutyunyan bildirib ki, bütün bunlar Qarabağda vəziyyətin “soyqırımı” həddinə çatmasına səbəb olub və bu gün “əsir düşərgəsinə” çevrilib.

O, hesab edir ki, Bakı Zəngəzur dəhlizi məsələsində İrəvandan güzəşt əldə etmək üçün Qarabağ ermənilərindən “girov” kimi istifadə edir. Arutyunyan ermənilərin Ağdam-Xankəndi yolundan istifadə etməsi ehtimalını da rədd edib.

Bakı ilə dialoq çağırışlarına gəlincə, Arutyunyan əvvəlki mövqeyini təkrarlayıb – “belə danışıqlar yalnız beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilə bilər.

Separatçıların lider sonda Qarabağın “müstəqillik” mübarizəsindən əl çəkməyəcəyini bəyan edib və İrəvanı Qarabağın “öz müqəddəratını təyin etməsinə” şübhə yaradan addımlardan və bəyanatlardan çəkinməyə çağırıb. “Heç kimin bizim öz müqəddəratımızı təyinetmə hüququmuzu şübhə altına almaq və məhdudlaşdırmaq hüququ yoxdur və Qarabağ xalqı erməni xalqının dəstəklədiyi bu hüquq uğrunda mübarizəyə hazırdır”, - deyə Arutyunyan vurğulayıb.

Bəyanatın mənası və tonu təəccüb doğurur. Bu, açıq şəkildə onu nümayiş etdirir ki, separatçıların elitası 2020-ci ilin payızında baş verənlərdən heç də dərs götürməyib və Qarabağın müvəqqəti olaraq Rusiya hərbçilərinin nəzarətində qalan hissəsində hansısa müstəqillik əldə etmək kimi fantastik planlar qurmağa davam edir. Çox güman ki, məhz Rusiya hərbçiləri amili Arutyunyana “DQR”in gələcəyi ilə bağlı belə cəsarətli fərziyyələr irəli sürməyə imkan verir. Separatçıların liderinin intellektual qabiliyyətlərini qiymətləndirmək çətindir. Amma hətta dəliyə də aydındır ki, Rusiya hərbi kontingenti 2025-ci ilin sonuna qədər Qarabağdan çıxarılacaq, “Artsax Respublikası” dərhal öz qanunsuz fəaliyyətini dayandıracaq, yerli ermənilərə isə özlərini Azərbaycan vətəndaşı kimi tanıyıb burada qalmaq və ya əşyalarını yığıb Laçın yolu ilə ölkəni tərk etməkdən savayı heç nə qalmayacaq. Yəni, çox güman ki, Araikin nikbin-qəzəbli açıqlamaları ya Moskvadan gələn sifarişdir, ya da 2025-ci ilin sonuna qədər “prezident” kürsüsündə qalmaq kimi şəxsi planlarına xidmət edir. Bunun onun nəyinə lazım olduğunu heç kim bilmir. Ola bilsin ki, onun “vəzifə”sində qalması sayəsində əldə etdiyi daimi qazanc və gəlirlər var. Yaxud, Kreml hələ də 2025-ci ildən sonra “sülhməramlılarının” Qarabağda qalma müddətini uzada biləcəyinə ümid edir. Bunun üçün orada “müstəqil dövlət” kimi nəsə saxlamaq lazımdır.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze Press Kluba verdiyi açıqlamada bildirib ki, bu gün Qarabağın de-fakto hakimiyyətinin mövqeyini qiymətləndirmək mənasızdır və bunun çox sadə səbəbə var – bu mövqe Rusiya Federasiyasının bütövlükdə Cənubi Qafqazdakı siyasəti və xüsusilə Azərbaycan və Ermənistanla münasibətləri baxımından siyasi kursunun ayrılmaz hissəsidir.

“Əgər əvvəllər Qarabağ münaqişəsi regiona təsir üçün Ermənistanın əli ilə oynadılan aləti idisə, bu gün Moskvanın tamamilə müstəqil şəkildə istifadə etdiyi ayrıca alətdir. Beləliklə, bütün bunların Moskvaya nə üçün lazım olduğuna diqqət yetirin və qənaətinizdə yanılmayacaqsınız. Yeri gəlmişkən, mənim davamlı olaraq “Qarabağ ermənilərinin telefonu”nu axtarmağım da bununla bağlıdır”, – analitik qeyd edib.

Öz növbəsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Press Kluba bildirib ki, Rusiya sülhməramlıları nə qədər Qarabağdadır, sülh və ölkəmizin ərazi bütövlüyü tam təmin olunmayacaq.

“Əsas suallar budur: Rusiya sülhməramlıları 2025-ci ildə gedəcəkmi və ölkəmizin hakimiyyət orqanları Rusiya ilə qarşıdurmaya hazırdırmı? Və bu suallara Qarabağda yaşayan ermənilər, Aratyunyan yox, Azərbaycan xalqı olaraq biz cavab verməlidir”, - institut rəhbəri hesab edir.

Rauf Orucov