Logo
news content
User
Kateqoriyalar

Analitika

“Rövşən Əkbərova silah verin, balamı öldürdüyü kimi, məni də öldürsün...”
Mərhum Elçin Əliyevin anasının bu fəryadına reaksiya verən general isə qətl törətmədiyini deyib

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. Həbsdə olan “Milli Qəhrəman”, general-leytenant Rövşən Əkbərovun vəkili Taleh İbrahimov oktyabrın 22-də Bakı Hərbi Məhkəməsində bu tələbi səsləndirib. Vəkil deyib ki, istər nazir müavini, istərsə də sabiq komitə sədri şahidi olmadıqları hadisə ilə bağlı yalan ifadə veriblər. Söhbət 2001-ci ildə Kiyevdə qətlə yetirilən 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi Rövşən Əkbərovun öldürməsi haqda ifadələrdən gedir.

2006-cı ildə nazir müavini təyin olunmazdan əvvəl bizneslə məşğul olan Orucəli Hacıyev hadisə baş verən zaman Kiyevdə imiş. Onun Elçin Əliyevlə yoldaşlıq münasibəti olub. Nazir müavini 2021-ci ildə prokurorluqda verdiyi son ifadəsində deyib ki, mayın 31-dən iyunun 1-nə keçən gecə Elçin Əliyevin dostu Məzahir Şıxəliyev ona zəng edib, ağlaya-ağlaya onun vurulduğunu deyib. O.Hacıyev dərhal deyilən kafeyə yollanıb. Orada Məzahir Şıxəliyevin qucağında Elçin Əliyevin qan içində olduğunu görüb. Orucəli Hacıyevin sözlərinə görə, Məzahir Şıxəliyev cinayəti Rövşən Əkbərovun törətdiyini deyib.

90-cı illərin sonunda Azərbaycanın Ukraynada səfiri vəzifəsində çalışmış Nazim İbrahimov isə 2000-ci ilin parlament seçkilərində deputat seçilib. Elçin Əliyevlə dost olmuş keçmiş səfir hadisə zamanı Bakıda olub, baş verənləri eşidəndən sonra Kiyevdən meyiti gətirməyə yollanıb. N. İbrahimov bildirib ki, həmin vaxt Kiyevdə qaldığı otelə Rövşən Əkbərov gəlib, Elçin Əliyevi qətlə yetirdiyini etiraf edib.

Təqsirləndirilən generalın vəkili deyib ki, ötən 20 il ərzində Nazim İbrahimov 5, Orucəli Hacıyev isə 4 dəfə dindirilib. Onların heç biri əvvəlki ifadələrində Rövşən Əkbərovun adını çəkməyib. Yalnız 2021-ci ildə verdikləri sonuncu ifadələrində generalın əleyhinə danışıblar. Vəkil hesab edir ki, onlar kimlərinsə təsiri altında belə ifadə veriblər: “Əgər onlar əvvəlcədən bunu bilirdilərsə, niyə demirdilər? Cinayəti  bilib, xəbər verməməyə görə cinayət məsuliyyəti var. Yox, bilmirlərsə, bu halda da yalan ifadə verməyə görə cəzalandırılmalıdılar”.

Müdafiəçi bildirib ki, generalın Elçin Əliyevin qətlinə aidiyyəti yoxdur. Onun sözlərinə görə, Rövşən Əkbərovun işi üzrə şahid qismində dindirilənlərin heç biri birbaşa hadisəni görməyib, başqalarının yaydığı söz-söhbətə əsaslanıb, ifadə veriblər: 

“Hadisə vaxtı mərhum Elçin Əliyevin yanında yalnız Məzahir Şıxəliyev (2006-cı ildə vəfat edib – red.) olub. O da ifadəsində deyib ki, içkili olduğuna görə hadisənin kim tərəfindən törədildiyini xatırlamır. Nazim İbrahimov səfir işləyib, deputat olub, hər addımının məsuliyyətini bilən adamdır. İndiyə qədər ifadələrində niyə Rövşən Əkbərovun elədiyini demirdi? Yaxud da Orucəli Hacıyev…”

Nazir müavini istintaqa sonuncu ifadəsində əvvəlki dindirmələrdə niyə generalın adını çəkməməsi haqda sualı cavablandırıb. O bildirib ki, əvvəlki ifadələrində də Rövşən Əkbərovun adını çəkib, ola bilsin, müstəntiq yazmayıb.

Nazim İbrahimova isə bu sualı məhkəmədə dindirilərkən veriblər. O isə cavabında deyib ki, əvvəlki dindirmələrdə ondan hadisəni kimin törətdiyini soruşan olmayıb, ona görə də bu haqda heç nə söyləməyib.

Vəkil Taleh İbrahimov çıxışının sonunda general haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib, oğlunu Rövşən Əkbərovun öldürdüyünü bildirib: 

“Mənim oğlumu Rövşən Əkbərov öldürüb. Silah verin ona, balamı öldürdüyü kimi, məni də öldürsün!”

R.Əkbərov isə cinayət törətmədiyini, Elçin Əliyevi öldürmədiyini vurğulayıb: “Siz bu işi yaxşı-yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın”.

Qeyd edək ki, Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Cinayət işinin materiallarında yazılıb ki, həmin dövrdə Kiyevdə hərbi təlimlərdə iştirak edən R.Əkbərov kafedə mübahisə zəminində onu öldürüb.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin zərərsizləşdirilməsində xidmətlərinə görə “Milli Qəhrəman” adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub. 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib. O, 2020-ci ilin noyabrında ehtiyata buraxılıb, 2021-ci ilin martında isə həbs olunub.

Gülər