Rəsmi Bakı dörd separatçını azad etdi, digərləri də buraxılacaqmı?
İrəvanda buna şübhə etmədiklərini deyirlər, amma...
21 Yanvar 2026
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının liderlərinin geri qaytarılması məsələsinə münasibət bildirib.
“Armenpress” agentliyinin məlumatına görə, parlamentdə brifinq zamanı guya Azərbaycan KİV-lərində Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin geri qaytarılmayacağı barədə yayılan xəbərlərə toxunan Simonyan erməni hakimiyyətinin bu məsələdə mövqeyinin aydın və dəyişməz olduğunu qeyd edib.
“Deyə bilərəm ki, orada olan bütün insanlarla bağlı iş aparmışıq və bunu fasiləsiz davam etdirəcəyik. Nə qədər vaxt aparmasından asılı olmayaraq bunu edəcəyik və bu insanların geri qayıtması üçün Azərbaycanla həll yolları tapmağa çalışacağıq. Bu müzakirə mövzusu deyil. Bu elə bir məsələdir ki, onunla bağlı başqa mövqe yoxdur və heç vaxt da olmayıb”, – Simonyan bildirib.
“Armenpress” yazır ki, Azərbaycan “qanunsuz olaraq 19 erməni əsir və girovu”, o cümlədən Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələrini – keçmiş “prezidentlər” Arkadi Qukasyan, Bako Saakyan və Araik Harutyunyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” David Babayan, keçmiş “Milli Assambleya sədri” David İşxanyan, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan və keçmiş “müdafiə nazirinin müavini” David Manukyanı saxlamaqda davam edir.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri bir neçə gün əvvəl parlamentdə jurnalistlərlə söhbətində “Azərbaycanda saxlanılan bütün erməni əsirlərin gec-tez vətənə qayıdacağına” qəti əminliyini ifadə etmişdi.
O, hakimiyyət orqanlarının dəfələrlə vurğuladığı bir məsələni xatırladıb: zahirən nəzərə çarpmasa da, “əsirlərin” geri qaytarılması prosesi fasiləsiz davam edir. Simonyan Azərbaycanın yanvarın 14-də Həkəri körpüsü üzərinə dörd ermənini, o cümlədən Xocalı soyqırımında əli olan Vaqif Xaçatryanın təhvil verməsini də bu davamlı işin real nəticəsi adlandırıb.
Simonyan bildirib ki, “əsirlər” və itkin düşənlər mövzusu demək olar, hər görüşdə müxtəlif səviyyələrdə müzakirə olunur. “Biz, yəqin ki, görüşlərdə başqa heç bir mövzunu bu qədər tez-tez müzakirə etmirik”, – o vurğulayıb.
Spiker əmin edib ki, proses yalnız heç kimin sualının qalmadığı və heç bir Ermənistan vətəndaşı həbsdə olmadığı zaman başa çatmış hesab ediləcək. “Bizim üçün onların kim olmasının fərqi yoxdur, hamı qayıtmalıdır və bu, sadəcə zaman məsələsidir. Buna əminəm”, – Alen Simonyan bildirib.
İlk növbədə onu qeyd etmək lazımdır ki, bu kontekstdə heç bir “əsir” mövcud deyil. Qarabağda uzun illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərmiş separatçı hərəkatın liderləri var. Onlar məhz buna görə saxlanılıb, Bakıda məhkəmə qarşısına çıxarılıb və müvafiq müddətə azadlıqdan məhrum ediliblər.
Digər məsələ isə Simonyanın iddialarının həqiqətə nə dərəcədə uyğun olması ilə bağlıdır. Cəzalarını çəkən “prezidentləri”, “hərbi rəhbərləri” və digər “DQR məmurlarını” hansı tale gözləyir? Onlar həbsdə qalmaqda davam edəcəklər, yoxsa rəsmi Bakının separatçıları azad etməyə razılaşacağı hansısa variantlar mümkündür? Bakı bunun əvəzində İrəvandan nə tələb edə bilər?
Mövzu ilə bağlı Pressklub.az-a danışan Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru Rusif Hüseynovun sözlərinə görə, Ermənistan parlamentinin sədrinin bu bəyanatına ilk növbədə Ermənistanın özündə gedən daxili siyasi dinamika kontekstində baxmaq lazımdır.

“İrəvandakı hakimiyyət seçkiqabağı dövrə daxil olur və çox yaxşı anlayır ki, Azərbaycanda istintaq altında olan və məhkum edilmiş şəxslər mövzusu erməni cəmiyyətinin müəyyən hissəsi üçün son dərəcə həssasdır və müxalifət tərəfindən fəal şəkildə istifadə olunur. Məhz buna görə də bu cür bəyanatlar ilk növbədə daxili siyasi narrativ funksiyası daşıyır – seçici qarşısında “iş aparılmasının” və “prinsipial mövqeyin” nümayiş etdirilməsi məqsədi güdür.
Praktiki planda isə Ermənistanın mövcud rəhbərliyinin Qarabağdakı separatçıların keçmiş liderlərinin geri qaytarılmasında obyektiv şəkildə maraqlı olduğunu təsəvvür etmək çətindir. Çünki onlar azadlığa buraxıldıqları təqdirdə qaçılmaz olaraq simvola, “əzabkeşlərə” və müxalifətin hakimiyyətə meydan oxuya biləcək potensial səfərbərlik mərkəzinə çevriləcəklər”, – analitik hesab edir.
Onun sözlərinə görə, hüquqi baxımdan Bakının mövqeyi kifayət qədər aydın və ardıcıldır. “Söhbət “əsirlərdən” deyil, uzun illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz separatçı qurumda rəhbər vəzifələr tutmuş və konkret cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən gedir. Onların barəsində məhkəmə prosesi aparılıb və qərarlar Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində qəbul edilib. Formal olaraq onların gələcək taleyini siyasi strukturlar deyil, məhz məhkəmə müəyyən edir.
Bununla belə, siyasi və ictimai konteksti tamamilə kənara atmaq sadəlövhlük olardı. Bu cür işlər qaçılmaz olaraq Azərbaycanda ictimai əhval-ruhiyyəyə təsir göstərir – burada işğal illərinə görə ədalət və məsuliyyətlə bağlı açıq ictimai tələb var. Hər hansı mümkün qərarlar – istər cəzanın çəkilməsinin davam etdirilməsi, istərsə də digər ssenarilər – bu əhval-ruhiyyəni nəzərə almalıdır, çünki onlar daxili sabitliyin və legitimliyin mühüm amilidir”, – Hüseynov fikrini yekunlaşdırıb.
Rauf Orucov