Rəqəm var, rifah yoxdur...
Əhalidə pul çoxalsa da, cibdə qalmır
04 Dekabr 2025
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə büdcə müzakirələri zamanı bildirir ki, minimum əməkhaqqının mütəmadi olaraq artırılması təmin olunub. “Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqının məbləği 130 manat idi” – nazir deyib.
A.Əliyevin sözlərindən belə çıxır ki, o, 2018-ci ilin yanvar ayını nəzərdə tutur. Qeyd edək ki, 2013-cü ildən onun qeyd etdiyi tarixə qədər keçən 5 il müddətində ölkədə minimum əmək haqqı 105 manatdan 130 manata qalxıb - cəmi 25 manatlıq artım olub.
Nazir isə keçən müddət ərzində dəyişən rəqəmləri ictimaiyyətə böyük artım kimi təqdim edir. Amma rəsmi statistika və makroiqtisadi göstəricilər göstərir ki, əslində vətəndaşın sosial rifahı, alıcılıq qabiliyyəti heç də bu qədər yüksəlməyib.
105 manat 12 il əvvəl hansı dəyərdə idi?
2013-cü ildə ölkədə minimum əməkhaqqı 105 manat idi. O dövrün dollara nisbətən kursunu nəzərə alsaq, bu təxminən 133 ABŞ dollarına bərabər idi. Hazırkı 1 dollar = 1,70 manat kursuna çevrildikdə, həmin 105 manat indiki 226 manat dəyərində olur. Başqa sözlə, 12 il əvvəlki əməkhaqqı real alıcılıq baxımından bugünkü 226 manat qədər idi. Təbii ki, qiymətlər o dövrdə olduğu kimi qalardısa... Nazir isə bunu görməzdən gələrək, nominal artımı ön plana çıxarır.
Amma 12 il ərzində ölkədə ərzaq məhsulları, kommunal xidmətlər, nəqliyyat və yanacaq xərcləri dəfələrlə artıb.
Məsələn, ərzaqda: 1 kq un 50–60 qəpikdən 1,10 manata, çörək 30-40 qəpikdən dən 55 qəpik-1 manata, mal əti 7–8 manatdan 17-18 manata, bitki yağı 1,60–1,90 manatdan 4.9 manata yüksəlib.
Nəqliyyata gəlincə, 2013-cü ildə paytaxtda minimum gediş haqqı 20–30 qəpik idisə, hazırda marşrutlara görə 60 qəpikdən 90 qəpiyə qədər dəyişir.
Kommunal sektora gəlincə, 12 il əvvəl 1 kilovatt/saat elektrik enerjisi 6 qəpikdən 8.4-15 qəpiyə yüksəlib, rəqəmlər arasındakı fərq differensial tariflə bağlıdır. Su-kanalizasiya xidmətlərinin qiyməti isə həmin dövrdə 30-40 qəpik idi, hazırda 1 manatdır. Əhaliyə satılan təbi qaz da kəskin bahalaşdırılıb - 2013-cü ildə mövcud olmuş stabil 10 qəpik tarif dəyişdirilib, hazırda əhali hər kubmetrə 12.5-30 qəpik arasında pul ödəyir.
Yanacağa baxaq: dizel 60 qəpikdən 1 manata, Aİ-92 markalı benzin isə 70 qəpikdən 1.10 manata qədər artırılıb. Daha yüksək oktanlı Aİ-95 və “Super” markalı benzin isə müvafiq olaraq, 1.60-2.20 manat arasında dəyişir.
Bahalaşmanın geniş vüsət aldığı sahələrdən biri dərmanlar və tibbi xidmətlərdir. 12 il ərzində yüzlərlə preparatın qiyməti dəfələrlə yüksəldilib. Tibbi xidmətlərə gəlincə, gələn ildən icbari tibbi sığortanın məhdudlaşdırılması və güzəştlərin ləğvi ölkə əhalisinin 40 faizə qədərini bu xidmətdən məhrum edir. Milyonlarla vətəndaş ildə 192 manat ödəniş etməzsə, tibbi sığortadan yararlana bilməyəcək.
Bahalaşma sırasında rüsumların və cərimələrin kəskin artırılmasını xüsusi qeyd etməyə dəyər. Hazırda dövlət xidmətləri sektorunda rüsumlar, xidmət haqları bəzən minimum əməkhaqqından da yüksəkdir. DYP cərimələrində də astronomik sıçrayışlar baş verib və əhali bundan çox narazıdır. Bahalaşma sırasında interneti, mobil rabitəni və s. dövlət monopoliyasında olan xidmətləri də vurğulamaq lazımdır, bu rəqəmlər 10-12 il əvvələ müqayisə etdikdə heyrətamiz durum yaranır.
Nazir Anar Əliyev əvvəlki dövrlə müqayisədə minimum əməkhaqqındakı dəyişikliyi göstərib, bu, təxminən 150 manat civarındadır. Ümumilikdə keçən 10 illiyin əvvəli ilə müqayisədə əhalinin gəlirlərinin artım dinamikasına baxdıqda, yuxarıda qeyd olunan qiymət fırtınasının onu yox etdiyi görünür. Belə ki, 2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 430-450 manat civarında idi. Hazırda bu rəqəm 1100 manat ətrafında göstərilir, amma muzdla çalışan əhalinin (1.8 milyona yaxın) təxminən üçdə ikisi 800 manatdan az qazanır.
Bu sırada 2013-cü illə müqayisədə makroiqtisadi göstəricilərə diqqət yetirməkdə fayda var. Devalvasiyadan əvvəl Azərbaycanda ÜDM həcmi 56 milyard manat - həmin dövrdə dollar-manat kursu ilə (1 dollar =0.79 manat) 74 milyard dollara bərabər olub. Hazırda bu rəqəm 125-130 milyard manat, yəni 74-76 milyard dollar səviyyəsindədir. Beləliklə, bir onillikdə ÜDM çox cüzi artım nümayiş etdirə bilibsə, əhalinin gəlilrlərinin nominal rəqəmlərə əsaslanıb şişirdilməsi real deyil. Azərbaycan iqtisadiyyatı böyüməyib, ən yaxşı halda yerində sayıbsa, vətəndaşların sosial rifahı kəskin bahalaşan qiymətlər fonunda pisləşib. Hökumət rəqəmlərdəki dəyişkənliyi manipulyasiya alətinə çevirməkdənsə, real islahatlara aparıb vətəndaşların ləyaqətli həyat şərtlərini təmin etməlidir. Çünki Azərbaycanın sərvətləri bundan daha artığına yetər…
Turqut