Logo
news content
User
Kateqoriyalar

Analitika

REFORMULA - 2

Yarım il əvvəl, Formula-1 yarışlarının növbəti Bakı mərhələsinin bitdiyi gün mən islahatlara (reformalara) həsr etdiyim bir məqalə yazmışdım və onu “Reformula 1” adlandırmışdım. Yuxarıda keçid var, istəyən tanış ola, yaxud yaddaşını təzələyə bilər. Hazırkı məqaləni isə onun davamı kimi yazıram, çünki fabula da, iştirakçılar da eynidir, hətta başlığı dəyişməyə belə ehtiyac yoxdur.

***

Üç gündür ki, işimlə bağlı sıx əlaqə saxladığım xarici həmkarlar zəng edib sual verirlər: “Orada nə baş verir? İndi nə olacaq?” Dərhal bilinir ki, suallar prezidentin sonuncu iqtisadi müşavirədə çıxışına aiddir. Hamıya bir yerdə cavab verməyə çalışacağam.

Beləliklə, NƏ baş verir?

Bu, 2016-cı ilin axırlarından hiss edilməyə və yalnız 2019-un əvvəlindən real  formalar almağa başladı – söhbət dərin islahatların qaçılmaz olduğunun dərkindən gedir. Vəziyyətə nə təsir göstərdi? Çox şey. Ən vacibi isə - maliyyə sisteminin etibarlı olmaması və “neft erası”nın sonunun yaxınlaşması səbəbindən kəskin iqtisadı geriləmənin mümkünlüyü təhlükəsi; hakimiyyətdə idarəçilik mexanizminin dəyişməsi və vitse-prezidentlik institutunun formalaşdırılması ilə ölkə həyatının mühüm sahələrində paralel idarəçilik strukturlarının yaradılması; nəhayət, uzun fasilədən sonra keçirilən 2019-cu ilin yanvar mitinqində hələ də “köhnəlikdən” əl çəkməmiş hakimiyyətin “xalqı itirmək” ehtimalinin üzə çıxması.

Ardınca isə əvvəllər müşahidə edilməyən və doğrusu, çoxları üçün gözlənilməz olan hadisələr baş verməyə başladı. Fevralda prezident qəflətən bəyan etdi ki, daha Azərbaycan xarici əlaqələr sahəsində balanslaşdırılmış siyasət yürütməyəcək, öz maraqlarına uyğun seçim edəcək; martda o, daxili siyasətdə xalqa dərin islahatlar vəd etdi və bildirdi ki, dəyişikliklərin alternativi yoxdur; apreldə dövlət başçısı cəmiyyəti bu prosesə qoşulmağa çağırdı və hökumətin fəaliyyəti üzərində ictimai nəzarəti hər yerdə gücləndirməyi tövsiyə etdi.

Bax onda mən də ilk dəfə özümə eyni sualı verdim: nə baş verir?

Maaşlar qaldırılırdı, müavinətlər və subsidiyalar artırılırdı, amma hələ havadan əsl islahatlar iyi gəlmirdi. Nə çatışmırdı? Dəqiq fəaliyyət proqramı, yuxarıların güclü siyasi iradəsi və aşağıların inamı, ictimai fəallığı.

Amma “sürünən islahatlar” adətən məhz belə baş verir. İlk vaxtlar söz-söhbət yayılır, çağırışlar səslənir, hakimiyyətin öz daxilində böyük, bəzən hətta qeyri-adekvat müqavimət doğuran tək-tük addımlar atılır, ayrı-ayrı cəhdlər göstərilir, xalq isə nə baş verdiyini hələ anlamadan, vədlərə inanmadan müşahidəçi mövqeyində qalmaqda davam edir. Tədricən hakimiyyətin islahatçı qanadı vəziyyəti daha dərindən, hərtərəfli dərk etməyə, ayrı- ayrı addımları vahid bir xətdə birləşdirməyə başlayır və onda göz önündə ümumi mənzərə canlanır, sistemlilik yaranır. Prezidentin 15 oktyabr müşavirəsindəki çıxışının ilk hissəsində xeyli darıxsam da, ikinci hissədə tamam canlandım: mən burada ölkə qarşısında dayanan problemlərin həllinə, islahatlara indiyədək görmədiyim sistemli yanaşma hiss etdim. Bəli, bu çıxış həyatımızın geniş panoramlı mənzərəsinin bütün künc-bucaqlarına işıq salmırdı, amma onu dinləyə-dinləyə hökumətin hansı vəzifələrə kökləndiyini, prezidentin ona hansı iqtisadi fəaliyyət proqramı cızdığını görürdün: islahat əleyhdarlarının müqavimətinin qırılması; korrupsiya və rüşvətxorluqla real mübarizə; dövlət tənzimləyicisi rolunda “monopoliyalardan pay ayrılması” mexanizminin deyil, vergilərin çıxış etdiyi azad iqtisadiyyat üçün bütün imkanların yaradılması; qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi; kadr siyasətində köklü dəyişikliklər, yeni təfəkkürə və yeni yanaşma tərzlərinə birmənalı üstünlük verilməsi.

Sizə bir sirrimi açmaq istəyirəm: mən az qala il ərzində bütün prezident sərəncamlarının və fərmanlarının monitorinqini aparmışam. Bu sənədlərin müqayisəli təhlili hakimiyyətin niyyəti və iş keyfiyyətləri barədə dəqiq təsəvvür yaradır. Sənədlər arasında iki dəst üstünlük təşkil edir: birincisi – əvvəl qəbul edilmiş sərəncam və fərmanlara düzəlişlər. Onların sayı lap çoxdur və xeyli hissəsi yaxın vaxtlarda qəbul edilmiş qərarlara aiddir. Bu isə o deməkdir ki, həmin qərarlar kifayət qədər düşünülməmiş, yarımçıq şəkildə, yüksək səviyyəli mütəxəssislər cəlb edilmədən hazırlanır ki, tez-tez onlara yenidən əl gəzdirmək ehtiyacı yaranır. Diqqəti cəlb edən ikinci cəhət isə qeyri-neft sektorunun, kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatının inkişafına yönəldilmiş sərəncam və fərmanların çoxluğudur. Lazımınca yerinə yetirildiyi təqdirdə, onlar həmin sahələrin inkişafına güclü təkan verə bilərdilər. Amma ciddi bir şey nəzərə çarpmır. Deməli, ya icraçı kadrlar bacarıqsızdırlar, ya da islahatlara bilərəkdən, düşünülmüş şəkildə mane olurlar. Prezidentin müşavirədə səsləndirdiyi: nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirilmək üçün “ortaya ciddi siyasi iradə qoyulub” sözləri məhz bu baxımdan mühüm məna kəsb edir.

İndi bu iradəni lazımi məqamlarda nümayiş etdirmək qalır.

Nə olacaq?

Təəssüf ki, məlum rəvayətdə deyildiyi kimi, qarşımızda hələ də iki yol qalır. Cəmiyyət islahatlar prosesindən kənarda qalmaqda davam edərsə, hakimiyyətin daxilində qarşıdurmanın nə ilə nəticələnəcəyini söyləmək çətindir. Çoxları daxili narazılıqları “qarşıdurma” adlandırmağa etiraz edir, amma necə adlandırırsan adlandır, bu barədə söhbət düşəndə prezidentin təkrar-təkrar işlətdiyi “dözülməzdir” kəlməsi müqavimətin nə dərəcədə ciddi olduğuna işarə edir.

Əgər ictimaiyyət prosesə fəal qoşulsa, qələbə birmənalı şəkildə islahatçıların tərəfində olacaq, çünki insanlar dəyişiklikləri çoxdan gözləyirlər. Prezidentin dönə-dənə ölkədə ictimai nəzarəti gücləndirməyə çağırması yuxarılarda bu resursun əhəmiyyətinin və onun işə salınmasının mühümlüyünün dərk edildiyini göstərir. Ancaq səmərəli ictimai nəzarət yalnız ölkədə güclü media və qeyri-hökumət təşkilatları mövcud olduğu şəraitdə mümkündür. Bu gün onların böyük əksəriyyəti haldan salınıb, məcburi surətdə ya fəaliyyətini dondurub, ya da buxovlu, boyunduruqlu vəziyyətdə birtəhər özünü saxlayır. KİV-lərin tam əksəriyyəti, iri jurnalist təşkilatları məhz elə “oturduğu budağı baltalamamaq” üçün islahatlardan qaçan tərəfin nəzarəti altındadır. Ölkədə heç bir ictimai təşkilat həmin tərəfin “xeyir-duası”nı almadan dövlət qeydiyyatından keçə, rəsmən tanına bilməz. Belə şəraitdə hansı ictimai nəzarətdən ciddi danışmaq mümkündür?

Odur ki, öz planlarını həyata keçirmək üçün belə son dərəcədə mühüm resursun dəstəyini prezident yalnız o halda qazana bilər ki, ilk növbədə ölkədəki hakim media siyasəti dəyişdirilsin, ictimai təşkilatlar buxovlardan azad edilsin.

Bax onda, yəqindir ki, dəstək də olacaq, inam da.

Arif Əliyev