Logo
news content
User
Kateqoriyalar

Analitika

Razılaşmaya ehtiyacı olan razılaşma
Geosiyasi rəqabət Azərbaycanı və Ermənistanı sülhdən niyə çəkindirir?

Azərbaycan və Ermənistan arasında başa çatmaqda olan 2023-cü ildə də sülh sazişinin imzalanması mümkün olmadı. Dekabrın 7-də münaqişə tarixində ilk dəfə hər iki ölkə liderinin icra aparatı arasında hərbi əsirlərin azad edilməsi (Azərbaycan 32, Ermənistan 2 nəfəri), beynəlxalq tədbirlərdə bir-birlərinin namizədliyini dəstəklənməsini ehtiva edən bəyanat yayması sülhün elə də uzaqda olmadığına ümid verdi. Xüsusi ilə bəyanatın girişində yer alan “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür” cümləsi tərəflər arasında artıq ciddi fikir ayrılıqlarının olmadığını göstərirdi. Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsində “səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm” fikri də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 

Hər iki ölkədəki insanlar, eləcə də dünya ictimaiyyəti Bakıdan və İrəvandan davamlı real addımlar gözləyirlər. Bu barədə Birləşmiş Ştatların, Avropa İttifaqının, Rusiya və Türkiyənin, eləcə də müxt\lif ölkələr və təşkilatların yaydıqları bəyanatda açıq mesajlar var. 

Dekabrın 7-də belə ümidlər yaranmışdı ki, xarici işlər nazirləri Vaşinqtonda, liderlər isə Brüsseldə bir araya gələ bilərlər. Bir gün əvvəl Bakıda səfərdə olan ABŞ Dövlət katibinin müavini Obrayn “nazirləri səbirsizliklə Vaşinqtonda gözləyirik” mesajını yaymışdı. Amma məlum oldu ki, tərəflər bu istiqamətdə addımları davam etdirməyə o qədər də tələsmirlər. Dünən Azərbaycan XİN bildirdi ki, Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş nəzərdə tutulmayıb. Bundan əvvəl nazirlik Vaşinqonda da Ermənistan tərəfi ilə görüşün planlaşdırılmadığını açıqlamışdı. Eyni bəyanatları rəsmi İrəvan da səsləndirib.

Maraqlı məsələlərdən biri də dekabrın 7-də hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmanın hələ də icra olunmamasıdır. Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, azərbaycanlı hərbçilərin ölkəyə qaytarılması təmin ediləcək. Ola bilsin, ləngimə texniki səbəblərlə bağlıdır və razılaşma bu gün, yaxud, sabah icra olunacaq.    

Sülhün uzaqda olmadığına olan ümidlərlə yanaşı, yaxın gələcəkdə onun baş tutmayacağı ilə bağlı narahatlıqlar da yox deyil. Ehtimallardan biri ondan ibarətdir ki, dekabrın 7-də əldə oluna razılaşma konkret məqamlarla bağlıdır, o, sülh sazişinə ümidlər yaratsa da, bilavasitə onunla bağlı deyil. Tərəflərin bəzi məsələlərlə bağlı maraqları var, onu həyata keçirmək üçün qarşılıqlı kompromisə gediblər. 

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etməsini çox arzulayırdı. Amma Ermənistanın vetosu bu arzunun reallaşmasına imkan vermirdi.

Ermənistan hökuməti isə Azərbaycandakı hərbi əsirlərin geri qaytarılmasına çalışırdı. Bu məsələ Paşinyan iqtidarının ən zəif yerlərin biridir, o daim ictimai basqı altındadır. 

Nəticədə tərəflər öz aralarında danışıb razılığa gəldilər, Ermənistan öz namizədliyini geri götürərək COP29-un Bakıda keçirilməsini dəstəklədi, Azərbaycan da öz növbəsində 32 hərbi əsiri 2 azərbaycanlı girovun qaytarılması müqabilində Ermənistana göndərməyə razılaşdı. 

Azərbaycan daha bir xoşniyyətli addım ataraq Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi.

Maraqlıdır, bu razılaşmanın davamı olaraq xarici işlər nazirlərinin Brüsseldə görüşməsi niyə mümkün olmayıb? Tərəflər ən yüksək səviyyədə niyyət ifadə edib, hətta birgə bəyanata imza ataraq öz maraqlarını gerçəkləşdiriblərsə, sülh haqqında müzakirələri davam etdirmək niyə müşkülə çevrilib?  

Sualın dəqiq cavabını yəqin, hər iki tərəfin rəsmi təmsilçiləri verə bilər, amma izahat yoxdur. Media isə yenə də ehtimallar üzərində baş sındırmalıdır.

Əsas versiya ABŞ və Rusiya arasında geosiyasi ziddiyyətlər və təzyiqlərlə bağlıdır. Yada salaq ki, dekabrın 7-də baş tutan razılaşmaya Moskvadan və Vaşinqtondan verilən reaksiyada münaqişə tərəflərinə açıq çağırışlar yer almışdı.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 44 günlük müharibədən sonra formalaşdırılmış üçtərəfli format çərçivəsində həllini tapa bilər.

ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn isə xarici işlər nazirlərini Vaşinqtona dəvət edərək Birləşmiş Ştatların sülh razılaşmasına güclü dəstəyini ifadə edib.

Yalnız Avropa İttifaqının prezidenti Şarl Mişel Bakı və İrəvanın ikitərəfli qaydada razılaşmaya imza atmasını dəstəkləyib və prosesin bu formatda aparılmasının pozitiv nəticələrinə inandığını deyib. 

Bəyanatlardan göründüyü kimi sülh məsələsi, onun harada, hansı beynəlxalq gücün patronajlığı altında imzalanması geosiyasi rəqabət məsələsidir. Rusiya tərəfləri Qərbdən, Qərb isə Rusiyadan çəkindirməyə çalışır. 

Mümkündür ki, Bakı və İrəvanın tələsməməsi, yaxud həddindən artıq ehtiyatkarlıq nümayiş etdirməsi bununla bağlıdır. Hər iki tərəf region uğurunda çarpışan geosiyasi oyunçuların hədəfinə gəlmək istəmir və müxtəlif variasyalarla sülh üçün daha uyğun beynəlxalq şəraitin yaranmasını gözləyir.   

Turqut