Logo
news content
User
Kateqoriyalar

Analitika

Qulu Məhərrəmli: “Atəşkəs çağırışları Ermənistanın maraqlarına xidmət edir”

Müharibə mövzusunda növbəti həmsöhbətimiz media eksperti, professor, teletənqidçi Qulu Məhərrəmlidir.

  • Qulu müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • İyul ayında Tovuz istiqamətində, sərhəddə qarşıdurma oldu, ondan sonra ölkə paytaxtında keçirilən izdihamlı Qarabağ mitinqi göstərdi ki, Azərbaycan cəmiyyətində döyüş əhvalı, Qarabağı qaytarmaq, öz torpaqlarına sahib olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək əzmi çox yüksəkdir və bunun qarşısını almaq çox çətindir. Mənə elə gəlir ki, bunlar, hər halda, ölkə başıçına da düşünmək, öz qərarlarında daha qətiyyətli olmaq imkanı verirdi. Otuz ilə yaxın danışıqlar gedib, onun son üç ayı fərqlidir. Bu dövrdə çox dinamik hadisələr oldu, hərbi təxribatlar, hücumlar baş verdi. Ona görə də, hesab edirəm ki, Azərbaycanın əks-hücuma keçməsi o qədər də gözlənilməz deyildi. Bu addım təqdir olunur, bütün xalq bunu dəstəkləyir. Çünki bir millət, dövlət özünün heysiyyatını, hörmətini, nüfuzunu qorumaq istəyirsə, həm də güc nümayiş etdirməlidir. Bir millətin xoş məramı, sülh niyyəti gözləniləndir, amma indiki halda müharibənin olması labüd idi və Azərbaycan da bu müharibəni çox yüksək səviyyədə aparır.
  • Amma Minsk Qrupunun həmsədr ölkələri atəşkəsin bərpasını tələb edirlər. Bu barədə üç dəfə razılıq əldə olunsa da, erməni tərəfi buna riayət etməyib. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?
  • İndiki şəraitdə hər kəsdə tamamilə əsaslı təəssürat var ki, ATƏT-in Minsk Qrupu bu illər ərazində demək olar ki, heç bir şeyə nail olmayıb. Yəni onun qarşıya qoyduğu məqsəd - tərəflərin mövqelərini yaxınlaşdırmaq, münaqişənin həllinə nail olmaq kimi missiyalar yerinə yetirilməyib. İndi ərazilər geri alındıqca, biz nələrin şahidi oluruq? Ermənistan silahlı qüvvələri burada necə möhkəmlənib, necə istehkamlar, mühəndis-texniki qurğuları yaradıblar... Bütün bunları həmin vasitəçilər görmürdülər?! Bunu Kasprşik hərbi monitorinqlər apararkən görmürdü?! Yəni bu dərəcədə ikiüzlü, bu dərəcədə riyakar siyasət Minsk             Qrupunun niyyətlərini çox aydın şəkildə göstərir. Hətta ölkə prezidenti də dedi ki, Minsk Qrupunun həmsədrləri eşitdirirdilər ki, “belə bir reallıq yaranıb, Ermənistan bu torpaqları zəbt edib, siz güzəştə getməlisiniz” və.s… Yəni biz öz ərazilərimizi, xüsusən də ermənilərin işğal etdikləri yeddi rayonu alver predmetinə çevrməli idik ki, Dağlıq Qarabağın ölkə tərkibindən çıxmasına razılıq verək. Ona görə də, müharibə çox şeylərin üstünü açdı. Minsk Qrupunun bundan sonra danışıqlar təşkil etməsinin hər hansı effekt verəcəyinə inanmıram. Amerikanın xırda istisnalıq təşkil etməsi ilə, Minsk Qrupu həmsədrlərinin hər üçü, xüsusilə Fransa və Rusiya Ermənistanın tərəfindədirlər. Rusiya onun hərbi müttəfiqidir, onlara külli miqdarda, təmənnasız silah verir. Ermənistanın bütün hərbi sistemi Rusiyanın əlindədir. Ona görə, Minsk Qrupunun fəaliyyətini çox yarıtmaz hesab edirəm. Onların ümumiyyətlə, bu danışıqları hansısa istiqamətdə irəlilətmək üçün nə bacarığı var, nə iradəsi, əslində heç mənəvi haqqı da yoxdur. Onların atəşkəs çağırışı birmənalı şəkildə Ermənistanın marağına, onu indiki hərbi, siyasi böhrandan çıxarmağa xidmət edir. Ona görə də, heç bir atəşkəsdən söhbət belə gedə bilməz! Düşünürəm ki, hərbi əməliyyatlar qoyulan məqsədin gerçəkləşdirilməsinə qədər davam etməlidir.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Bəli, Rusiya regionda böyük güc, nüfuz sahibidir. Onun tərəflərə təsir imkanları var. Əslində mahiyyət etibarilə həm tarixi, həm siyasi baxımdan Qarabağ problemini də yaradan məhz Rusiyadır. İndi də ona təsir imkanı olan əsas dövlət Rusiyadır. Niyə? Çünki Rusiyanın böyük hərbi gücü var, regionda söz sahibidir, geosiyasi savaşda özünün mövqelərini qoruyub, saxlamağa çalışır. Amma indiki şəraitdə Rusiyanın rolu Azərbaycana və Azərbaycanın maraqlarına uyğundur. Yəni onun şərti mənada bitərəfliyi bizim maraqlarımıza cavab verir. Amma sizə bunu da deyim ki, Rusiya həm də gözlənilməz ölkədir. Hadisələrin gedişatında Moskvadan hər şey gözləmək mümkündür. Mənə elə gəlir ki, hadisələrin o şəkildə inkişafı ssenarisinə də Azərbaycanda müəyyən hazırlıqlar var. Digər tərəfdən, Türkiyə bəyan edib ki, üçüncü bir ölkə bu məsələyə qarışsa, Türkiyə də mütləq qarışacaq. Görünür, Rusiya da bu barədə düşünür və açıq müdaxilədən hələlik çəkinir.
  • Qarabağ müharibəsi bitdikdən sonra bu mövzuda nələrsə yazmaq düşüncəniz varmı?
  • Bütün ölkələrin, xalqların, millətlərin tarxində bu cür müharibə, ekstremal şərait, millətin çətin sınaqlardan keçdiyi anlar olur. Məsələn, biz bu sınaqlardan iyirminci əsrdə bir neçə dəfə keçmişik və onun ən böyük təcəssümü Azərbaycan Xalq Cümhuriyyəti olub. O dövrdə də millət çox böyük imtahandan keçdi, tarix səhnəsinə müstəqil bir dövlət kimi çıxdı. Uzun illərdən sonra Azərbaycan adlı məmləkət coğrafi anlayışdan siyasi anlayışa çevrildi. Yəni bir dövlət yarandı və indi biz o dövlətin varisləriyik. Baxın, bu silkələnmələr, kataklizmlər, bu döyüş ruhu, oyanış bu milləti, görün, hansı səviyyəyə qaldırır. İnsanların içini, düşüncələrini təmizləyir. Düşünmək üçün çox böyük imkanlar verir. İnsanın bütün zəkası, əxlaqı, təfəkkürü, həyata, dünyaya, siyasi proseslərə baxışı dəyişir. Faktiki olaraq, milləti millət edən onun bu cür kataklizmlər, ağır sınaqlar, döyüşlər, müharibələrdən keçərək, möhkəmlənməsidir. Mənə elə gəlir ki, təkcə bir jurnalist və publisist olaraq mən yox, əli qələm tutan, intellekti işləyən, dünyaya mesajlar vermək istəyən bizim qələm sahiblərimiz, gənc yazarlarımızın Qarabağla, insan taleləri ilə bağlı əsərlər yazmağa imkanları var. Çünki müharibə insan psixologiyasını açır, xüsusən də, bizə düşmən olan tərəfin, Ermənistanın əxlaqı, psixikası, siyasəti, öz xalqına yönəlik addımları və s. ciddi tədqiqat mövzularıdır. Məncə, bütün bunlar barədə yazmaq lazımdır. Əlbəttə, mən özüm davamlı Qarabağ problemləri ilə bağlı yazıram, şərhlər verirəm. Dostum Çapay Sultanov 1995-ci ildə nəşr etdirdiyi bir kitabda çox narahatlıqla yazırdı ki, bu gün Azərbaycanda mətbuat, televiziyalar Qarabağ problemini yazmırlar, amma iki şəxs var ki, bunlar davamlı olaraq həmin problemə toxunurlar. O, bir rəhmətlik Samir Əsgərxanovun, bir də mənim adımı çəkmişdi. Yəni deyirdi ki, bunlar davamlı bu mövzunu işıqlandırırlar. Deməyim odur ki, mənim üçün Qarabağ mövzusu prioritetdir. Əlimin altında bir kitab var. Müharibə müəyyən ideyalar verdi. Həm indiyə qədər mətbuatda olan yazılarla onu tamamlayacağam, həm də araşdırma, siyasi yönləri özündə birləşdirən kitab mütləq olacaq. Bu kitab da gələcəyə yönəlikdir. Kim nə yazsa, bunlar hamısı gələcəyə mesajdir və ortada sanballı elmi, bədii, publisistik araşdırmaların olması çox vacibdir. Azərbaycan son otuz ildəki susqunluqdan birdən-birə böyük partlayış yaradır, təbii ki, həm də beyinləri qidalandıran bu intellektual əsərlər ortada olmalıdır. Biz də bu prosesdə iştirak edəcəyik.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Əvvəla, onu deyim ki, indiki şəraitdə Azərbaycan xalqının bu cür yumruq kimi birləşməsi hər cür siyasi, başqa iddiaları bir kənara qoyub, Ana Vətən ətrafında, Vətənin müqəddəsliyini, onun ərazi bütövlüyünü, suverenliyini qorumaq uğrunda gedən müharibə şəraitinə uyğunlaşması və bütün fəaliyyətini ona yönəltməsi qürurvericidir. Bu, çox ciddi faktordur. Məsələn, 90-cı illərin əvvəllərində bir çox obyektiv və subyektiv səbəblərdən biz bu cür monolit cəmiyyət kimi ortaya çıxa bilməmişdik. Allaha çox şükür ki, indi Azərbaycan xalqı sözün həqiqi mənasında bütün dünyaya nümunə ola biləcək bir əxlaq, dözüm, birlik, siyasi və hərbi iradə, eyni zamanda böyük döyüş qabiliyyəti göstərir. Bu, çox önəmli bir şeydir. Ona görə, mən öz həmvətənlərimizə demək istərdim ki, bu birliyi, gücü, ruhu, dirçəlişi, oyanışı daim bədənimiz, ruhumuz, hüceyrələrimizdə yaşatmalıyıq ki, müharibədən sonra normal, demokratik bir cəmiyyət quruculuğunda da o enerjidən istifadə edə bilək...
Ülviyyə Şahin