Logo
news content
User
Kateqoriyalar

Analitika

Qüdrət Həsənquliyev: “Prezidentə müraciət edirəm ki, humanistlik göstərərək Tofiq Yaqublunu əfv etsin”

Tanınmış müxalifətçi, Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi ölkədə etirazla qarşılanıb. Mütləq əksəriyyət ona qarşı irəli sürülən ittihamların həqiqiliyinə inanmır və bu işi qurama sayır. Xüsusən də, Tofiq Yaqublunun adam döyməsi və qadına əl qaldırması barədə ittiham fantastika janrına aid edilə bilər. Amma bu ittihamlar əsasında o, 4 il 3 ay azadlıqdan məhrum edildi - özü də prezidentin ölkədə islahat kursu elan etdiyi bir dönəmdə...

Məsələyə Milli Məclisin üzvlərinin münasibətini öryəndik.

Böyük Quruluş Partiyasının (BQP) lideri, deputat Fazil Mustafa bildirdi ki, məhkəmənin qərarından şikayət etmək imkanı var:

“Bu şikayət mexanizminə uyğun olaraq Avropa İnsan Haqları Məhkəməsinə qədər getmək imkanı mövcuddur. Ona görə də, əgər bu hökm qanunsuzdursa və bilərəkdən belə bir qərar çıxarılıbsa, onun ortadan qaldırılması üçün mexanizmləri işə salmaq lazımdır”.

Millət vəkili təklif edir ki, Tofiq Yaqublunun müdafiəçiləri müraciət etsinlər, yəqin ki, yuxarı instansiya məhkəməsi araşdırıb, qərarda dəyişiklik edə bilər.

Milli Məclisin digər üzvü Qüdrət Həsənquliyev öncə qeyd etdi ki, Tofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər sərt danışsa da, cəmiyyət onu daha çox, döyüşçü kimi tanıyır və ona müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb, yaralanmasına görədir:

“Onun barəsində həbs qətimkan tədbiri seçiləndə də söyləmişdim ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarakterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində siyasət qururlar. Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi, siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə, hər zaman qızışdırırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s. Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə də, xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi. Bu, onun əsəblərinə də təsir edirdi və o, bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi. Hesab edirəm ki, Tofiq bəyin başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb, radikallığa təhrik etməklə, bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar. Rəhmətlik Elçibəydən soruşulanda ki, niyə onun demokratik cəmiyyət qurmaq istiqamətindəki fəaliyyəti uğursuzluğa düçar oldu, deyərdi ki, elə məsələlər var, onun həlli zamana bağlıdır. Kimsə hakimiyyətə gəlmək üçün tələsirsə, yaxud tapşırıq yerinə yetirirsə, buna görə başqalarının həyatını təhlükə altına atmamalıdır”.

Q.Həsənquliyev sonda prezidentə müraciət etdi:

“Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm ki, Tofiq Yaqublunun ailəsinin çox acılar yaşamasını və torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm ki, prezidentin belə qərarı olarsa, xalqımız da bunu alqışlayar”.

Ülviyyə Şahin