Logo
news content
User
Kateqoriyalar

Analitika

Qriqoryanın “şifahi danışıqlar”ı nəyin üstünü açır?
Son aylarda rəsmi görüş olmayıb, qalır bircə fakt...

“Biz gözləyirik ki, bu məsələlərdə də tezliklə irəliləyiş əldə edəcəyik və sülh sazişini ən qısa zamanda yekunlaşdırmaq və imzalamaq mümkün olacaq. Elə məsələlər var, şifahi danışıqlar zamanı razılığa gəlmişik…”

Bu, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın jurnalistlərə verdiyi açıqlamadan bir parçadır.

TŞ katibi maraqlı bir məqama toxunub - bilərəkdən, ya bilməyərəkdən. Açıqlamanın ümumi kontekstində “şifahi danışıqlar zamanı razılığa gəlmişik” ifadəsi də diqqət elə də cəlb etmir. Amma...

Azərbaycanla Ermənistan arasında ötən 3 ildə və hazırda danışıqlar konkret olaraq 3 səviyyədə aparılır: Ölkə liderlərinin görüşləri, xarici işlər nazirlərinin görüşləri və delimitasiya və demarkasiya üzrə komissiyaların təmasları.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla sonuncu dəfə rəsmi olaraq 2023-cü ilin iyulunda Brüsseldə görüşüb. O vaxtdan iki liderin rəsmi formatda təması olmayıb.

Xarici işlər nazirləri arasında da son aylarda görüş olmayıb; ötən ilin oktyabrında Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə üçtərəfli telefon danışığın aparıblar.

Sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyası da qarşı tərəflə sonuncu görüşü 2023-cü ilin noyabrında keçirib.

Onda ortaya sual çıxır: Qriqoryan “şifahi raziliğa gəlmişik” dedikdə nəyi, hansı prosesi, harada, kimlər arasında əldə olunmuş razılaşmanı nəzərdə tutur?

Rəsmiləri dedik, qalır bircə qeyri-rəsmi görüş faktı.

2023-cü il dekabrın 27-də Sankt-Peterburqda MDB liderlərinin toplantısında iki ölkə rəhbəri ayaqüstü də olsa, görüşmüşdülər. Yayılan kadrlarda dövlət başçıları əvvəlki görüşlərdən daha yüksək əhvalda görünürdülər və onların arasında sülh sazişi barədə danışıq olduğunu media da yaymışdı. Həmin görüş barədə old.pressklub.az-da yazı da yazmış, bəzən ən ciddi razılaşmaların bu cür qeyri-formal görüşlərdə əldə olunduğunu bildirmişdik.

İndi qalır bu “şifahi razılaşma”nın məzmununun nədən ibarət olduğunu öyrənmək. Politoloqlar, prosesi izləyən və tədqiq edən jurnalistlər bu barədə nəsə deməkdən çəkinirlər – ehtimallar çox, informasiya isə cüzi.

Bütün sirlər bəzən gülümsər, bəzən qayğılı, bəzən narahat siması ilə izləyənlərə informasiya verməkdən daha çox olanları mümkün qədər gizlətməyə çalışan liderlərin arasındadır. Siyasət və dövlət adamlarının agah olduqları belə sirlər çoxdur. Baxmayaraq ki, “xalq həqiqətləri bilməlidir” deyimindən ən çox istifadə edən də elə onlar olur...

Press Klub