Logo
news content
User
Kateqoriyalar

Analitika

Qranada formatının “müəmması” - Bakı görüşdən niyə imtina etdi?
Fransa Aİ-ni pis vəziyyətdə qoydu, Rusiya məmnundur, ABŞ yenidən meydana atılmalıdır...

Gözlənilən oldu və Azərbaycan bu gün İspaniyanın Qranada şəhərində keçirilməli olan beştərəfli görüşdən imtina etdi. Son günlər Ermənistanın, Qərb siyasi dairələrinin Qarabağdan erməni köçünü “etnik təmizləmə” kimi qələmə verməsi, Fransa Xarici İşlər naziri Ketrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi bəyanatlar, Paşinyan hökumətinin Azərbaycana qarşı “etnik təmizləmə” iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsinə üz tutması, habelə Qarabağın keçmiş separatçı liderlərinin həbsinə qeyri-adekvat reaksiyası Bakını bu görüşdən imtina etməyə sövq etdi.

Bundan başqa, diplomatik mənbələrin məlumatına görə, Azərbaycan görüşdə Türkiyənin iştirakında təkid edib, amma Fransa və Almaniya buna etiraz ediblər. Bu, habelə Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən aşıqlaması da Azərbaycan rəhbərliyinin qərarının formalaşmasına ciddi təsir göstərib. 

Bakıdan verilən tam rəsmi olmayan açıqlamada qeyd olunur ki, görüşün bu cür formatda davam etməsi Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan regionun problemlərini regiondan çox uzaqda yerləşən ölkələrlə müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Bununla belə, Azərbaycan bundan sonra da əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gəldiyi təqdirdə, belə bir görüşdə iştirak edə bilər. Rəsmi Bakı Fransanın iştirak etdiyi heç bir formatın Azərbaycan üçün məqbul olmadığını və belə platformada iştirak etməyəcəyini bildirir.

Bakını qəzəbləndirən əsas amillərdən biri hələ də vasitəçi roluna iddia edən Fransanın birtərəfli qaydada Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı qərəzli mövqe tutmasıdır. Fransanın Xarici İşlər naziri Ketrin Kolonna iki gün öncə İrəvanda Ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, Fransa gələcəkdə Ermənistanla hərbi sahədə müqavilə bağlanmasına razılıq verib. Bu da gələcəkdə Ermənistana “müdafiəsini təmin edə bilməsi üçün” hərbi texnikanın verilməsinə imkan verəcək. “Mən həmçinin müşahidə missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi ilə bağlı rəsmi olaraq Aİ nümayəndəsi Cozep Borrelə məktubla müraciət etmişəm, bu Ermənistan üçün daha faydalıdır. Mən həmçinin Ermənistanı Avropa Sülh Mexanizminə, məsələn, Moldova üçün həyata keçirilən proqrama daxil etməyi təklif etdim”, - Kolonna əlavə edib.

Fransalı nazir həmçinin ümid etdiyini bildirib ki, “Aİ və onun digər üzvləri Fransanın verdiyi eyni aydın siqnalları göndərməyə başlayacaqlar – Ermənistanın ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt reaksiya veriləcək”. “Ümid edirəm ki, digər tərəfdaşlara və dostlara da ümid bağlaya bilərik, xüsusən də ABŞ-ı nəzərdə tuturam”, - o vurğulayıb.

Azərbaycanın Türkiyə lideri R.T.Ərdoğanın görüşdə iştirakını tələb etməsinə qarşı alman-fransız dirənişi də sülh platformasını məhv edən amillərdəndir. Son günlər Fransa ilə yanaşı Almaniya rəsmiləri də açıq-aşkar anti-Azərbaycan bəyanatları səsləndirirlər. Birtərəfli görünməyə çalışan Aİ lideri Şarl Mişel də bu xora qoşularaq tamamilə Bakı əleyhinə olan dəyirmi masa formalaşdırıb. O zaman Azərbaycanın o masada qaldırdığı hansı məsələ müzakirə oluna bilərdi? Sual ritorikdir.

Politoloq Fərhad Məmmədov old.pressklub.az-a bildirib ki, Ermənistan rəhbərliyi və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycanın görüşdə Türkiyənin iştirak etməsi təklifinə qarşı çıxmayıb. 

Avropa siyasət cameəsində bu çərçivədə keçirilən görüşlər format deyil, sadəcə qəhvə ətrafında müzakirələrdir. Hesab edirəm ki, Brüssel Qaranada görüşünün iflasından özü üçün dərs çıxarmalıdır. Mövqeyi, formatı dəyişməlidir. Çünki bu, birbaşa Brüssel formatına təsir göstərir”, - o əlavə edib. 

F.Məmmədovun sözlərinə görə, əgər Şarl Mişel yenidən öz vasitəçilik missiyasını fəal şəkildə bərpa etmək istəyirsə, yaxın zamanlarda Brüsseldə üçtərəfli görüş keçirməlidir. “Ümumiyyətlə, Fransanın destruktiv fəaliyyəti prosesdə Qərbin vasitəçiliyinə böyük zərbə endirdi. Aydın oldu ki, Avropa iqtisadi cəhətdən nə qədər varlı olsa da, qlobal geosiyasətdə özünün böyük maraqlarını kiçik maraqlara qurban verir. Və o da məlum oldu ki, Avropa ABŞ-sız heç nə edə bilmir. Fransanın bu ağılsız destruktiv hərəkətləri bütövlükdə Qərb vasitəçiliyini pis vəziyyətə salıb. Ona görə də ABŞ yenidən ümumi Qərb vasitəçiliyini qoruyub saxlamaq üçün fəal işə başlamalıdır”, - təhlilçi vurğulayıb. 

Əlbəttə, Azərbaycanın mövqeyini formalaşdıran digər səbəblər də var. 19 sentyabrda Qarabağda gerçəkləşdirilən uğurlu antiterror əməliyyatına, onun nəticəsi olaraq qondarma rejimin ləğv olunmasına və Azərbaycanın bölgədə suverenliyinin təmin olunmasına Rusiyanın “dözümlü” münasibəti Bakıda rəğbətlə qarşılanıb. Rusiya Qərbin regiona daxil olmasında maraqlı deyil, buna cəhdlər edən Ermənistan hakimiyyətini dayandırmağa çalışır. Belə bir atmosferdə tamamilə haqlı səbəblərdən Qranada görüşündən imtina etmək həm də Kremlin qəlbini oxşaya bilərdi…

Turqut