Logo
news content
User
Kateqoriyalar

Analitika

Qızılca qorxusu: yenidən karantin gəlir?
Sürətlə yayılan qızılca xəstəliyindən necə qorunmalı? 

Son günlərdə Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları kəskin şəkildə artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu il Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. Yoluxanlar arasından yalnız 35 nəfər yaşlı insanlar olub. Daha çox azyaşlılar arasında yayılan xəstəlikdən ölüm halları da baş verib. Təəssüf ki, qızılcaya yoluxmuş üç azyaşlı dünyasını dəyişib.  

Tibb işçiləri qızılcanın sürətlə yayılmasını peyvəndləmə prosesinin azalması ilə əlaqələndirirlər. Belə ki, COVİD-19 pandemiyası zamanı xalq arasında vaksinlərə qarşı mənfi fikirlər yaranmışdı. İnsanlar vaksinlərin xeyrindən çox zərərinin olduğunu düşünüb, peyvəndləmədən imtina edirdilər. Əslində, COVİD-19-dan öncə də insanlarda peyvəndə qarşı neqativ münasibət var idi. Valideynlər peyvənddən sonra uşaqlarında fiziki qüsurların, o cümlədən, müxtəlif ciddi xəstəliklərin yaranacağını düşünürlər. Ona görə də son illərdə bu cür infeksion xəstəliklərə qarşı olan peyvəndlərin vurulması kəskin şəkildə azalıb. Onun fəsadları isə günümüzdə konkret faciələrlə təzahür edir... 

Hazırda əhalinin rəyi bu məsələ ilə bağlı iki yerə bölünüb. Bəziləri peyvəndin gərəkli olduğunu, zərərsiz və faydalı olduğunu desə də, qalanları bunun tam əksini deyir.

Bakı sakini Lamiyə Əsgərli old.pressklub.az saytının əməkdaşı ilə söhbətində peyvəndin zərərli olduğunu, övladlarını peyvənd etdirməkdən çəkindiyini deyib:

“Koronovirus zamanı vaksin vurdurdum. Sonra halım pisləşdi, səhhətimdə problemlər yarandı deyə, gözüm qorxub. Həm də vaksin vurdursam da, faydası olmadı. Yenə virusa yoluxdum.  O peyvəndin səhhətimdə yaratdığı problemlərdən indiyə qədər əziyyət çəkirəm. Bu baxımdan, vaksinlərin faydasız olduğunu düşünürəm. Qızılca peyvəndinə gəldikdə isə uşaqlığımda peyvənd olmamışdım, ancaq qızılca xəstəliyini çox yüngül formada keçirmişəm. İki övladım var. Heç birinə peyvənd vurdurmuram. Poliklinikadan da zəng edib çağırırlar, amma uşaqlarımın sağlamlığına təhlükə yaranar deyə narahatam.”

old.pressklub.az-a danışan digər sakin Elnarə Tahirli isə bu fikirlərin əksinə, peyvəndin çox yararlı olduğunu deyir:

“Özüm də, uşaqlarım da bütün lazımlı peyvəndləri vurdurmuşuq. Hələlik heç bir zərərini görməmişik. Əksinə, qoruyucu funksiyasının və xəstəliyi yüngülləşdirməsinin şahidi olmuşuq. Məncə, boş yerə təlaşlanmaq, şayiələrə inanmaq lazım deyil. Peyvənd insanı həqiqətən də qoruyur. Vaxtında valideynlər uşaqlarını peyvənd etdirsəydilər, indi xəstəlik bu qədər yayılmazdı”.

Yeri gəlmişkən, qızılca xəstəliyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də yayılıb. Qazaxıstanda 17 mindən çox, Rusiyanın Dağıstan Respublikasında 200-ə yaxın yoluxma faktı qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan vətəndaşlarını qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

Azərbaycanda qızılcaya yoluxmanın qarşısını almaq üçün əhali peyvəndlənməyə cəlb olunacaq. Əsasən, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Əhalinin vaksinlənməsi heç vaxt peyvənd olunmayan şəxslərə aiddir. Onlar peyvənd olunsalar, xəstəliyin yayılması da kəskin şəkildə azalar. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır. 

Bəs sürətlə yayılan, hətta ölümə səbəb olan qızılca xəstəliyinin əlamətləri, qorunma yolları nələrdir?

old.pressklub.az-ın suallarını cavablayan yoluxucu xəstəliklər üzrə mütəxəssis, infeksionist Mərdan Əliyev deyir ki, qızılcadan qorunmağın əsas yolları peyvənd və təcrid edilmədir.

“Qızılcanın əsas simptomu səpkidir. Xəstəlik mərhələli şəkildə olur. Üzdən başlayır, sonra aşağı nahiyələrə doğru gedir. Bununla yanaşı, qızdırma və halsızlıq ola bilər. Xəstəliyin ağırlaşması isə pnevmoniya (ağciyərin iltihabı) və ya sinir sisteminin ağırlaşması ilə əlaqəli olur. Qızılcadan qorunmaq üçün peyvənd vurulmalı və xəstə təcrid olunmalıdır. Sağlam insan da özünü təcrid edərək qoruya bilər. Xəstə insanlar cəmiyyət içinə çıxmamalıdır. Qızılcaya qarşı vurulan QPV (Qızılca-Parotit-Məxmərəkred.) peyvəndi uşaq anadan olduqdan 3 yaşına qədər vurulur. Qızılcaya qarşı 97 faizə qədər təsirlidir. Uşaqlarını peyvənd etdirən valideynlər arxayın ola bilər ki, uşaqları qızılcaya yoluxmayacaq. Yoluxan 3-4 nəfər isə yüngül keçirir. Xəstəliyin qrip kimi spesifik müalicəsi yoxdur. Qızılcada da soyuqdan qorunmaq və bol maye qəbul etmək lazımdır. Qızdırma yüksək olarsa, dərman istifadə etmək olar”. 

Doktor deyir ki, koronovirus zamanı maska taxmaq və 1 metr məsafə saxlamaqla xəstəlikdən qorunurduq. Qızılca xəstəliyi üçün isə bunların heç biri keçərli deyil. Xəstəlik hava damcı yolu ilə keçdiyinə görə otaqda bir xəstə varsa, oradakı hər kəs bu xəstəliyə yoluxa bilər.

Demək olar, bütün infeksion xəstəliklərinin mövsümlə əlaqəsi var. Müsahibimizin sözlərinə görə, qızılca xəstəliyinə payız-qış mövsümündə rast gəlinir. Əvvəlki illərə nəzərən, indi QPV peyvəndi olunmayanların sayı artdığına görə xəstəlik artıb. Bu, uşaq infeksion xəstəliyidir. Ancaq böyüklər də yoluxa bilər. Yoluxduqda isə ağır formada keçirirlər. Xüsusilə 20 yaşdan yuxarılarda və 1 yaşdan aşağılarda ağır formada olur.

Belə bir deyim var ki, qızılca xəstəliyini hər insan mütləq keçirir. Bu dünyada olmasa belə, digər dünyada. Doktor isə deyir ki, bu məsələ yalandır, mifdir. Sadəcə, həddən artıq yoluxucu xəstəlik olduğuna görə dildən-dilə belə deyimlər yayılıb.

Həmsöhbətimiz deyir ki, insanlarda peyvəndə qarşı əks fikirlər yaranıb.

“Xəstəliyin son vaxtlar artmasının səbəbi insanların peyvənd olunmamasıdır. Qızılca xəstəliyinə daha çox peyvənd olunmayan uşaqlarda rast gəlinir. Peyvənd etməyənlər həmişə olsa da peyvənd edənlər çox olduğuna görə, yayılma halları da az olurdu. Pandemiyadan sonra vaksinlərə qarşı antipatiya yarandı, müxtəlif şayiələr yayıldı. İnsanlar vaksinin zərərli olduğunu düşündükləri üçün ondan imtina edirlər. Bunlara QPV vaksini də daxildir”.

Doktor deyir ki, koronavirus dövründə güclü qapanma qaydaları olduğuna görə, digər infeksion xəstəliklərin də yayılması minimuma endi. İndi də qızılca xəstəliyinin tüğyan etməməsi üçün bəzi qapanmaların olması məsləhətlidir.

Deyirdilər, qızılca xəstəliyi ölümcül xəstəlik deyil. Bəs necə oldu ki, 2 məktəbli qızılcadan dünyasını dəyişdi? Qızılca xəstəliyi nə zaman insan həyatına son qoya bilər?

Həkim-infeksionist Əminə İsmixanova old.pressklub.az-a açıqlamasında bildirdi ki, qızılcacadan ölüm halları az olsa da, bəzən bu cür hadisələrə rast gəlinir.

“Qızılcanın ölümlə nəticələnmə səbəbi 90% pnevmoniyadan (ağciyər iltihabı – red.) olur. Pnevmoniya ağırlaşdıqda, müalicə düzgün olmadıqda və ya valideyn səhlənkarlığı nəticəsində ölüm baş verə bilir. Bundan başqa, ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri – red.) görüldükdə ölüm baş verə bilər. Bir məqam da var ki, 5 yaşdan aşağı uşaqlar qızılca xəstəliyi sağaldıqdan 7, 10, 15 il keçdikdən sonra yarımkəskin sklerozlaşan panensefalit (beynin ağır infeksion xəstəliyired.) deyilən bir diaqnoz meydana çıxa bilər. Bu, çox nadir hallarda olur və ölümlə nəticələnir.

Həkim İsmixanova qızılcanın özünəxas xüsusiyyətlərinə də toxunub:

“Xəstəlikdən 48 saat əvvəl ağızda, yanaq içində kiçik qırmızı halqa ilə əhatə olunan ağ ləkələr əmələ gəlir. Buna filatov-koplik ləkələri deyilir. Bu simptom digər xəstəliklərdə yoxdur. İlk olaraq, temperatur yüksəlir, sonra filatov-koplik ləkələri yaranır. Bu ləkələr 72 saatadək davam edir. Digər simptomları isə iştahasızlıq, halsızlıq, öskürək, burun axıntısı, göz sulanmasıdır. Temperaturun müvəqqəti aşağı düşməsi ilə səpgilər yaranmağa başlayır. Səpkilər mərhələli şəkildə olur. Birinci üzə, sinəyə, qulaqarxasına, bədənə, sonra isə yuxarı və aşağı nahiyələrə yayılır. Sonra isə səpkilər birləşməyə başlayır. Biz buna qovuşan səpkilər deyirik. Digər əlamət isə konyunktivitin (gözün selikli qişasının iltihabıred.) olmasıdır. Hətta gözlərdə işıqdan qorxma problemi yaranır”. 

Müsahibimiz deyir ki, xəstəlik zamanı pəhriz saxlamaq və bol maye içmək məsləhətdir. Xəstənin səhhəti ağırlaşmasa, müalicəyə ehtiyac olmur, amma ağırlaşdığı halda xəstəxanada müalicə alması məsləhətdir.

Qızılcadan ağırlaşmış xəstələrə icbari tibbi sığorta və stansionarda müalicə imkanı yaradılıb. Xəstəliyi yüngül keçənlərə isə sahə pediatrları evdə nəzarət edir. Həmçinin qızılcaya qarşı olan QPV peyvəndi dövlət tərəfindən pulsuz vurulur. Hətta 1-6 yaşlı uşaqlara vurulması göstərişi var. Dövlət xəstəxanaları ilə yanaşı, özəl xəstəxanalarda ödənişli QPV vaksini vurulur. İnsanlarda belə bir düşüncə yaranır ki, ödənişli və bahalı olan vaksin ödənişsiz vurulan vaksindən daha keyfiyyətlidir. Ona görə də ödənişli vaksini vurdurmağa maddi imkanı çatmayanlar dövlət xəstəxanasında ödənişsiz vaksin vurdurmaqdan çəkinir.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bu barədə mətbuata açıqlamasında bildirib ki, milli peyvənd təqvimində yer alan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlərin 95 %-i Səhiyyə Nazirliyi və UNİCEF xətti ilə Azərbaycana gətirilir və istifadəsinə, təhlükəsiz şəraitdə daşınmasına zəmanət verilir: “Bu da o deməkdir ki, özəl klinikalarda vurulan peyvəndlər də dövlət tibb müəssisələrində vurulan vaksinlərlə eynidir. Son illərdə dövlət tibb müəssisələrində vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb".

Qızılca xəstəliyinin sürətlə, xüsusilə də məktəblilər arasında yayılmasını nəzərə alsaq, distant təhsilə keçidin də aktuallığı müzakirə olunmalıdır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Say təşvişə səbəb olacaq həddə deyil. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa sinif və ya məktəb distant təhsilə keçid edə bilər".

Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu distant təhsilə keçidlə bağlı old.pressklub.az-a açıqlamasında deyib ki, xəstəliyin çox yayılmasını, ölüm hallarını gözləməyə ehtiyac yoxdur: “Distant təhsilə keçilməlidir”.

Ekspertin sözlərinə görə, distant təhsilə keçid üçün yoluxma sayının artmasını gözləmək yerinə, elə gələn həftədən başlayaraq məktəblər 10-15 günlük tətilə çıxsalar, xəstəliyin dalğası qismən də olsa zəifləyər, həm də məktəblərdə dezinfeksiya tədbirləri görülmüş olar. Elə indiyə qədər üç şagirdin qızılcadan ölməsi də bu məsələni zəruri edir.  

Fikrətoğlu deyir ki, bütün təhsil müəssisələrində tibb fəaliyyəti olmalıdır. Təhsilalanlar daim nəzarətdə saxlanılmalı, ilkin müayinələr aparılmalıdır: “Çünki insanlar müxtəlif ərazilərdə, fərqli şəraitdə yaşayırlar. Səhhətində problem olan şagirdlər məktəbdən uzaqlaşdırılmalıdır.”

Müsahibimiz valideynlərə qabaqlayıcı tədbirlər görmək məqsədilə övladlarına mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmağı tövsiyə edir. 

Distant təhsilə keçidin müzakirəsi insanlarda yenidən karantin dövrünə qayıtmaq qorxusu yaradıb. Ancaq sosioloq Nail Cəlil hazırda kütləvi qapanmaya ehtiyac olmadığını deyir. O, bu barədə old.pressklub.az-a açıqlamasında bildirib: “Qapanmaya ehtiyac yoxdur, ancaq xəstəliyin qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər, maarifləndirmə işləri aparılmalıdır”.

Ümid edək ki, qızılca koronavirus kimi vüsət almaz və ölkəmiz yenidən karantin dövrünə qayıtmaz. Buna görə hər kəs qabaqlayıcı tədbirlər görməli, özünü qorumalıdır. Çünki özünü qorumaq həm də başqalarının həyatını və sağamlığını sığorta etmək deməkdir.

Günay Elşən