Qıfıllanmış sərhəd: Niyə təkcə bizdə?
Pandemiya da keçib, təhlükələr də təkcə bizi hədələmir
30 Sentyabr 2024
Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-dək uzadılıb. Bu barədə Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayında tətbiq edilən xüsusi karantin rejimi həmin vaxtdan etibarən vaxtaşırı uzadılır.
Artıq bir neçə ildir ki, karantin rejiminin yeganə məhdudiyyəti quru sərhədlərin insanlar üçün bağlı qalmasıdır.
Amma əgər əvvəllər Azərbaycan rəhbərliyi daima koronavirusla bağlı vəziyyətin pisləşməsi təhlükəsindən danışırdısa (hətta bu təhlükə bütün dünyada qüvvədən düşmüş hesab ediləndə də), son zamanlar sərhədlərin “təhlükəsizlik məsələləri ilə bağlı” bağlandığını bəyan edir. Belə ki, sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən prezident İlham Əliyev sərhədlərin bağlı saxlanmasını xarici təhdidlərlə izah edib.
“...Son illər quru sərhədlərimizin bağlı qalması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta, sərhədlərin bağlı qaldığı bu gün belə, təhlükəli addımlar atılır və onların qarşısı alınır. Ona görə də sərhəd mühafizəsi bizi xarici risklərdən qoruyacaq”, - Əliyev bildirib.
Belə çıxır ki, bütün dünyada yalnız Azərbaycan insanların gediş-gəlişi üçün sərhədlərini açsa, hansısa dəhşətli risklərlə təhdid olunacaq. Sual olunur: niyə ətrafımızdakı ölkələrə hələ də dəhşətli heç nə baş verməyib? Axı pandemiya aradan qalxdıqdan dərhal sonra onların hamısı sərhədlərini quru nəqliyyatı üçün açdılar. Buraya həm Gürcüstan (yeri gəlmişkən, hər il Azərbaycandan qat-qat çox əcnəbi qəbul edir), həm Ermənistan, həm Qazaxıstan, həm də Rusiya və İran kimi marginal dövlətlər də daxildir. Onların hamısının düşməni Azərbaycandan daha azdır? Dünyanın bütün bədniyyətli qüvvələri ölkəmizi hədəfə alıb və sadəcə quru sərhədlərimizin açılmasını gözləyirlər? Bu həqiqətə oxşayırmı? Əgər oxşamırsa, o zaman bizim hakimiyyət orqanlarımız insanların xaricə və geriyə ancaq təyyarə ilə gedib-gəlməsinə icazə verməklə (təyyarə biletləri isə həddən artıq bahadır) nəyə nail olmaq istəyir?
Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov Pressklub.az-ın suallarını cavablandırıb.
O, hesab edir ki, həqiqətən də ölkəmiz üçün xarici təhlükələr mövcuddur. “Ermənistan, İran və Şimali Qafqaz kimi qonşularla xoşagəlməz sürprizlər gözləmək olar. Unutmayaq ki, Ermənistan sülh danışıqlarını gecikdirir, Paşinyan isə bundan əvvəl ümumiyyətlə münaqişənin “diplomatik yolla həll edilməsinin qeyri-mümkünlüyünü” iddia edirdi. Bizimlə hərbi paritet olmadığı halda, onlar üçün yeganə qeyri-diplomatik yol 1980-1990-cı illərdə dəfələrlə sınaqdan keçirilmiş hibrid müharibə yoludur.
İranda, məsələn, daim nəsə yanır və partlayır, oradan bizə qeyri-qanuni miqrantların, narkotiklərin, casusların axın var. Ermənistanın ümumiyyətlə heç bir sərhəd yoxdur. Yalnız İran və Gürcüstanla varıdır. Digər ərazilər delimitasiya olunmayıb.
Qanunsuz miqrantlar və narkotik alverçiləri bizim “qapalı” sərhədlərimizi asanlıqla keçirlər. Gürcü qaraçılar Şəmkirə çatandan sonra onları saxlayıb, deportasiya etmişdilər”, - ekspert bildirib.
Onun sözlərinə görə, quru sərhədlərinin hava daşıyıcılarının mənfəət götürməsi üçün bağlanması motivini istisna etmək olmaz, lakin kapital aləmində bu cür davranış ümumiyyətlə adi haldır. “Bazarda real rəqabət yoxdursa, istənilən təbii və ya texnogen problem mənfəətə çevrilə bilər. Ancaq bu, əsas motiv ola bilməz. Əksinə, hökumətin nəyisə gözdən qaçırmaqdansa, hər şeyi qapayıb təhlükəsiz tərəfdə olmaq barədə qərar verdiyi bir vəziyyətin yan təsiridir.
Gəlin fikirləşək: belə olan halda, bizim iki münaqişə zonasından (ermənilərlə və kürdlərlə) keçən ixrac neft-qaz kəmərlərimiz niyə hər həftə partladılmır? Eynilə, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisindən keçən qaz kəməri səylə düşmən qazını ötürür.
Heç kim təsadüfi, “axmaq” terrordan sığortalanmayıb. Amma o da aydındır ki, həssas sənaye obyektlərini terrordan ən yaxşı şəkildə böyük dövlətlər və ya transmilli şirkətlər qoruyur. Əgər erməni terroru və ya başqa terror böyük oyunçuların qlobal planlarına mane olarsa, o zaman onlar yoldan yox edəcəklər. Mən, Rusiyanın İkinci Qarabağ müharibəsi zamanı müttəfiqi Ermənistana göstərdiyi biganəliyin səbəbini Ermənistanın Rusiyanın Türkiyəyə nəqliyyat dəhlizi çəkmək planına fəal şəkildə mane olması ilə izah etməyə meylliyəm.
Əgər bizdə nəzərə çarpan terror aktları olmursa, o zaman yəqin ki, hökumət böyük oyunçuları ərazimizdə sülh və sabitlikdə maraqlandırmaq üzərində çalışır. Bu maraq müəyyən həddə çatandan sonra terrorçular sərhədlərimiz açıq olanda belə, dövlətimizin yanından keçib gedəcəklər”, - Zeynalov hesab edir.
Rauf Orucov