Logo
news content
User
Kateqoriyalar

Analitika

Qeyri-neft sektorunun inkişafı üzrə “yol xəritələri” bizi hara gətirib çıxardı?

Neft bazarında vəziyyət Azərbaycanda çox diqqətlə izlənilir. Özü də təkcə ölkə rəhbərliyi, neft sektoruna rəhbərlik edənlər, bu sahə ilə bilavasitə bağlılığı olan digər sektorların nümayəndələri, siyasətçilər və ekspertlər tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən də...

Sosial şəbəkədə bu mövzuda paylaşımlara nəzər yetirəndə əksəriyyətin mövzu barədə az-çox bilgi sahibi olduğunu görmək olur. Bu da təsadüfi deyil, çünki hər kəs Azərbaycan iqtisadiyyatının neftdən asılılığını bilir, bu səbəblə neftin dünya bazarında dəyişən qiymət dinamikasının ölkənin və bilavasitə onun hər bir vətəndaşının vəziyyətinə birbaşa təsir göstərəcəyini başa düşür.

Hazırda neft bazarında növbəti şok yaşanır. Növbəti sözü əslində problemin real miqyasını əks etdirmək baxımından çox yumşaq sözdür, çünki böyük çöküş var. Dünya enerji bazarında 2014-cü ildə baş verən təlütümdən sonra Azərbaycanda yaşananlar insanların yaddaşındadır. Ölkəmiz 2015-ci ildə 2 dəfə milli valyutanın devalvasiyasına getməyə məcbur olmuş və nəticədə əhali xeyli yoxsullaşmışdı. 2015-ci ilin neqativ təsirlərindən hələ tam xilas olmamış, indi ikinci şokla qarşı-qarşıyayıq. Doğrudur, hazırda Azərbaycan bu problemə sanki əvvəlkindən daha hazırlıqlıdır, Neft Fondu və Mərkəzi Bankın 50 milyard dollardan çox qızıl-valyuta ehtiyatları var. Lakin belə görünür ki, neftin hazırklı aşağı qiyməti ilboyu, hətta gələn il də davam edəcək. Bu isə Azərbaycan üçün arzuolunmaz perspektivdir. Manata təzyiqin artacağı şübhəsizdir.

2015-ci ildəki sarsıntıdan sonra Azərbaycan rəhbərliyi ölkənin neftdən asılılığnıı azaltmaq üçün bir sıra addımlar atdı. Prezidentin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edildi, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün İşçi qrupu yaradıldı. İşçi qrupu milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırladı. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Prezident 2016-cı ilin dekbrında aşağıdakı strateji yol xəritələrini təsdiq etdi:

  1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
  2. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
  3. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
  4. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
  5. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
  6. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
  7. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
  8. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
  9. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
  10. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
  11. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
  12. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.

Bütün bu sənədlər Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı məqsədilə hazırlanmışdı. Ötən dövrdə qeyd edilən sahələr üzrə müəyyən irəliləyişlər əldə olunub, lakin hələ də büdcə gəlirlərimizin böyük hissəsi yeraltı təbii ehtiyatların ixracından formalaşır. Azərbaycan iqtisadiyyatı öz strukturuna görə xammal iqtisadiyyatı olaraq qalır. Ölkə “Holland xəstəliyi”ndən qurtula bilməyib.

İqtisadçı Rövşən Ağayev bildirdi ki, bu xəritələr islahatlar üçün yeni ideya və mexanizmlər təklif etdi və yeni yanaşmaların vacib olduğunu ortaya qoydu:

“Amma əsas iki əsas məsələ var: birincisi, təklif olunan mexanizmlər praktikada nə qədər effektiv tətbiq edilir və bu tətbiq üçün nə dərəcədə əlverişli siyasi və institusional mühit var. Burada real seçkili institutların və müstəqil məhkəmə institutunun yoxluğunu nəzərdə tuturam. Bunlar olmadan ən cəlbedici ideya və təşəbbüslərin real töhfəsi ya olmayacaq, ya da hədəfə çata bilmək baxımından çox cüzi olacaq. İkinci vacib məsələ budur ki, təklif olunan islahat gündəliyi cəmiyyətin, iqtisadiyyatın ehtiyac duyduğu gündəliklə nə qədər üst-üstə düşür. Çünki ictimai ehtiyacları deyil, birtərəfli qaydada hakmiyyətin ehtiyac və istəklərini nəzərə alan ideya və mexanizmlər nəticəli ola bilməz. Məncə, bizim real ehtiyacımız olan tarazlı bölgə inkişafının təmin edilməsi və idarəetmədə əksmərkəzləşmədir. Həmin yol xəritələri bu ehtiyaclardan tamamən yan qaçıb. Yəni obrazlı desək, avtomobilin mühərrikini düzəltməyə ehtiyac var, bizim hökumət təkərlərini dəyişir, üstünü rəngləyir. Buna görədir ki, o, əsas hədəfə - neftdən asılılığı azatlmaqla bağlı hədəfə ötən 5 ildə kiçik bir rəqəmlə də olsa, yaxınlaşa bilmədi. Əslində 5 il az müddət deyil. Neftdən büdcənin, ixracın asılılığının, özümüzün idxaldan asılılığımızın azaldılması istiqamətində ən kiçik pozitiv dəyişiklik yoxdursa, deməli, xəritələrin ya diaqnostikası, ya müalicəsi, ya da hər ikisi səhv olub.”

Qeyd edək ki, hələ bu yol xəritələrindən və neft bazarındakı böhrandan əvvəl - 2012-ci ildə “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası təsdiq olunub. Konsepsiyaya görə, dövrün sonuna qədər Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 13.000 dollar, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 dollara çatmalı idi. Lakin 2019-cu ilin yekunlarına əsasən vəziyyət belə olub:

  1. Əhalinin hər nəfərinə düşən ÜDM - 4 min 851 dollar;
  2. Qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi - 177 dollar.

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...

Press Klub