Logo
news content
User
Kateqoriyalar

Analitika

Qəribə istintaq

Ermənistan parlamenti 2016-cı ildə Qarabağ uğrunda aprel döyüşləri ilə bağlı müzakirələri niyə məxfi elan edib?

Yeni Ermənistan hökuməti 2016-cı ilin aprelində 4 günlük müharibənin səbəblərini və real nəticələrini araşdırmağa çalışır. Məqsəd belə elan edilir, ancaq erməni cəmiyyətində bunun arxasında əvvəlki hakim klanının nümayəndələrinə təzyiqləri davam etdirmək istəyinin gizlənmədiyinə inam yoxdur.

Hər halda, Ermənistan parlamentində həmin müzakirələr bağlı qapılar arxasında keçirilir. Rusiyanın "Vestnik Kavkaza" nəşri də bu məqama xüsusi diqqət yetirir.

Nəşr bildirir ki, yaxın günlərdə parlamentin 2016-cı il aprel döyüşlərini araşdıran xüsusi qurumu həmin hadisələrin iştirakçılarından biri, deputat köməkçisi Niyazyanla qapalı görüş keçirib. Niyazyan da, eləmə tənbəllik, bu barədə Yerevanın “Joxovurd” qəzetinə danışıb. Qəzetin materialında qapalı iclasın təfərrüatları əks etdirilməyib, bununla belə, faktın üzə çıxması parlamentdə qalmaqala səbəb olub: Niyazyan yenidən komissiyanın iclasına çağırılıb və "Joxovurd" a tam olaraq nə danışdığı barədə sorğu-suala çəkilib.

“Vestnik Kavkaza” qeyd edir ki, Ermənistan hakimiyyəti 2016-cı il aprel döyüşləri ilə bağlı müzakirəyə “tamamilə məxfi” statusu verirsə, deməli, həqiqətən öz vətəndaşlarından və beynəlxalq ictimaiyyətdən gizlətmək istədiyi məsələlər var.

Bu prosesin tarixçəsi var: mayın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı il aprel müharibəsinin səbəbləri ilə bağlı parlament araşdırması başlamağın vaxtının yetişdiyini söylədi. Mayın 31-də parlament sədri Ararat Mirzoyan belə bir komissiyanın yaradıldığını elan etdi. Müdafiə və Təhlükəsizlik üzrə daimi Komissiyaya təhqiqat aparmaq üçün lazımi səlahiyyətlər verildi. Bildirildi ki, onun işinin məqsədi mümkün səhvləri, çatışmazlıqları və hakimiyyət orqanlarının "dörd günlük döyüşlər zamanı 100-dən çox erməni döyüşçüsünün ölümünə səbəb olan" hərəkətsizliyini aşkar etməkdir.

Son günlərdə isə erməni mediası keçmiş prezident və Ali Baş komandan Serj Sarqsyanın komissiyanın qarşısına nə vaxt çıxacağı barədə suallar verməyə başlayıb. Bununla əlaqədar olaraq, keçmiş hakim Respublikaçılar Partiyasının (RPA) mətbuat katibi Eduard Şarmazanov oktyabrın 22-də mətbuat konfransı keçirib və Sarqsyan aprel döyüşlərinə aid suallara cavab vermək üçün komissiyaya dəvət ediləcəyi təqdirdə onun iclasına gəlib-gəlməyəcəyi barədə məsələyə münasibətini ifadə edib.

"Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ictimaiyyətdən gizlədəcək bir şeyi yoxdur - deyə Şarmazanov bildirib. - Ancaq bunun üçün komissiya yaradılması tamam başqa məsələdir. Qazandığın müharibənin detallarını araşdırmaq üçün komissiya yaratmaq mənə absurd görünür. Bu mövzuda fərqli fikirdə olanların hamısı Azərbaycanın əlinə oynayır".

Onun sözlərinə görə, komissiya ölkənin hazırkı baş naziri Nikol Paşinyanın açıqlamalarını araşdırmalı idi. "Aprel müharibəsinin Azərbaycanın AİB-nə üzv olmasına şərait yaratmaq üçün, guya Rusiyanın səssiz razılığı ilə baş verdiyini deyən Paşinyan bu məlumatı haradan əldə edib? Bu aylar ərzində komissiyaya kim gəldi dəvət olunub, ancaq ən vacib məlumatı verən Paşinyanı çağırmayıblar” – deyə politoloq qeyd edib.

Şarmazanovun fikrincə, parlamentin istintaq komissiyasının fəaliyyəti oyundur və bir məqsədi var – “qələbəmizə kölgə salmaq üçün hər şeyi etmək”.

Yeri gəlmişkən, parlament komissiyanın sədri Andranik Koçaryan bir gün əvvəl "Azadlıq" radiosuna müsahibəsində Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın aprel müharibəsi ilə bağlı son suala cavab verəcəyini bildirmişdi. O, Sarqsyanın Komissiyanın iclaslarından birinə çağırılması ehtimalından danışarkən demişdi: "Son sualı ən vacib qərarı verən, yəni o vaxt Ali Baş komandan olan şəxsə vermək lazımdır... Mövcud vəziyyət haqqında onun nə vaxt və necə məlumatlandırılğını, müvafiq qurumların rəhbərləri tərəfindən hansı əmrin alındığını və bu əmrin nə qədər tez icra olunduğunu başa düşməliyik. Bu sualları başqa kimə verə bilərik?"

Koçaryan keçmiş prezidentin Komissiyanın dəvətini rədd etməyəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Komissiyanın işində iştirakdan imtina edən şəxs avtomatik olaraq üzərinə böyük şübhə yükü götürəcək. "Bu gün heç kim bunu etməz," – deyə o vurğulayıb və 2016-cı ildə Ermənistan prezidenti yanında baş hərbi müfəttiş vəzifəsində çalışan, baş götürüb qaçmış Mikael Harutyunyanın da izahatlarını eşitmək istədiyini söyləyib.

Parlament komissiyasının fəaliyyətində özünün iştirakı ehtimalını Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants da “168 jam” (168 saat) qəzetinə şərh edib: “Mən səhvə yol verdikləri iddia olunan generalları, komandirləri və zabitləri məhkum etmək siyasətində iştirak etmək istəmirəm. Təbii ki, cəbhədə səhvlər olur, amma onlar cinayətkar deyillər, vəziyyət belə gətirib”. General aprel hadisələri zamanı Azərbaycanın öz silahlı qüvvələrinin 20%-ni cəbhədə cəmləşdirdiyini, onlara qarşı isə "qəhrəmanlıq göstərmiş gənc döyüşçülərin" dayandığını söyləyib.

Beləliklə, dərininə vardıqca, məsələ qəlizləşir. Bütün bu detallar vəziyyəti aydınlaşdırmır. Suallar azalmır. Ermənistanın yeni hakimiyyəti həqiqətdə nəyi araşdırır? Bəlkə, nə vaxtsa cavabını biləcəyik.

Rauf Orucov