Logo
news content
User
Kateqoriyalar

Analitika

Qələbəyə qələm çalmaq vaxtıdırmı?
Müharibə və qələbə mövzusu barədə yazıçılar və sənət adamları danışır 

Qələbələr və nə qədər qəribə səslənsə də, məğlubiyyətlər insan cəmiyyətinin inkişafında rol oynayan, bəzən onu sıçrayışla inkişafa, bəzən deqradasiyaya aparan amillərdir. Bu amillər təkcə hərb və ya iqtisadiyyat sahəsində deyil, cəmiyyət həyatının bütün sahələrində əks olunur, özünü göstərir. 

Azərbaycan 30 il sonra Qarabağdakı separatçı hərəkata son qoyub, bütün ərazisində suverenliyini bərpa etdi. Xalq, millət olaraq qalibiyyəti daddıq. Geriyə baxanda ədəbiyyatımızda, mədəniyyətimizdə 30 illik işğalın doğurduğu mənəvi tənəzzülün izlərini görürük. Bəs Qələbə necə? Onun həyatımızda təsiri, ədəbiyyatımıza inikası hansı dərəcədə baş verib? Yoxsa qələbə ədəbiyyatının yaranması üçün zaman keçməli, yaralar sarınmalı, cəmiyyət qəddini düzəltməlidir? 

Bir tarixin salnaməsini yazan igidlərin qəhrəmanlıqları hekayələrə, romanlara necə sığacaq? Filmlərimizdə Qarabağ qəhrəmanlarının obrazları necə və nə zaman boy göstərəcək? Bu ədəbiyyat necə yaranmalıdır?

Mövzunu qələm adamları ilə müzakirə edirik.

“Vətəndaş mövqeyi, milli təəssübkeşlik, yaradıcı ruh... Müharibə ədəbiyyatı, istər məğlubiyyət olsun, istər qalibiyyət, pafosdan uzaq, inandırıcı olmalıdır”.  

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli old.pressklub.az saytına açıqlamasında bildirib.

Müsahibimiz deyir ki, hər müharibə özü ilə fəlakət gətirir. Qələbənin özündə də faciə var, çünki o da insan itkisi bahasına başa gəlir, arzular məhv olur. 

“Düzdü, bizim möhtəşəm qələbəmizlə bağlı sənət əsərləri var, amma hələ biz istəyən deyil. İnanıram ki, olacaq, tələsmək və kimisə tələsdirmək olmaz. Qələbədən sonra müharibə mövzusunda hekayələr, publisistik yazılar və bir pyes yazmışam. Şuşa fatehlərilə bağlı roman hazırlığım var. Nə zamansa yazılar, yəqin. Nə yazılır yazılsın, onun mərkəzində insan, onun yaşantısı olmalıdır: öz ağrısı, sevinci, kədəri ilə” - yazıçı sonda qeyd etdi.

Həkim, şair, naşir və bəstəkar Şahin Musaoğlu da saytımıza açıqlamasında nəinki qələbədən sonra, hələ Vətən müharibəsi zamanı və şanlı zəfər ərəfəsində, yəni torpaqlarımızın  müzəffər ordumuz tərəfindən qarış-qarış işğaldan azad olunduğu günlərdə bir neçə musiqi əsərini ictimaiyyətə təqdim elədiyini deyib: “Bunlardan sözləri böyük ədibimiz Anar müəllimə məxsus "Gedirəm Zəngilana" və Yunus Oğuzun sözlərinə yazmış olduğum "Dövlət mənəm" adlı iki əsərimi xüsusilə qeyd eləmək istərdim. Biri mahnı, digəri isə balladadır”.

Bəstəkar bildirdi ki, ruhumuzun paytaxtı olan Şuşanın azad olunması ərəfəsində Ali baş komandanın “Şuşaya nəfəs qədər yaxınıq” fikrinə qüvvət olaraq “Zəfərin nəğməsi” və “Şuşam, mən sənə qayıtdım” adlı iki şeirini yazıb və ardınca sözləri Leyla xanım Əliyevaya aid "Yaşa Azərbaycan" mahnısını bəstələyib.

“Böyük Zəfərdən sonra ilk dəfə olaraq, sözləri və musiqisi mənə aid olan "Şuşa marşı"nı və Zəfərin ildönümünə həsr etdiyim “Zəfər dastanı” adlı 4 hissəli simfonik poemamı yazdım. İki ay bundan öncə Azərbaycan Silahlı Qüvvələrinə həsr etdiyim "Xidmət marşı"nı bitirdim. Bunlardan əlavə, dövrü mətbuatda çıxan və radio-tele məkanda səsləndirdiyim “Qarabağ Azərbaycandır”, “Danışır Şuşa”, “Şuşam, sənə qayıtdım”, “Vətən naminə”, “O Can Azərbaycandır”, “Biz bir yerdə güclüyük”,  “Ölkəm” adlı şeirlərimə ayrı-ayrı bəstəkarlar tərəfindən musiqi bəstələnib”.

Bəstəkar sonda qeyd etdi ki, hazırda vətənpərvərlik mövzusunda tarixi pyes və hərbi marş üzərində işləyir.

“Qələbə mövzulu ədəbiyyatın yaranması üçün, əlbəttə, ilk növbədə qələbənin özü olmalıdır ki, yazıçılar ona istinad edib, uyğun əsərlər yaratsınlar. Onu da deyim ki, təkcə qələbə yox, ona olan hədsiz ümid də bu cür mövzularda əsərlər yaranmasına təkan verə bilər”.

Bu sözləri old.pressklub.az-a açıqlamasında yazıçı İlqar Rəsul deyib. O, qeyd edib ki, məğlub bir dövlətin yazıçısı illər sonraya gedib gələcəkdəki qələbədən, onun gətirdiyi sevincdən yaza bilər. Bu, əlbəttə, reallığı əks etdirməyəcək, ancaq illər sonra özünü doğruldan belə yaradıcılıq nümunələri də olur: “Azərbaycanın öz torpaqlarını illər sonra azad etməsinin ədəbiyyatımızda əks-sədası hələ ki, daha çox hekayələrdən, esselərdən, publisistika nümunələrindən ibarətdir. Çünki bu janrlarda yazmaq ciddi romanlar qədər böyük vaxt tələb etmir. Xalqın, cəmiyyətin, əsgərin qələbə sevinci, komandanın qələbə müjdəsi anındaca bu və digər çevik janrlarda mətnə çevrilə bilir. Belə mətnlər artıq ədəbiyyatımızda yetərincədir. Artıq romanlar da var”. 

İlqar Rəsul bildirib ki, qələbə ədəbiyyatının yaranmasını müxtəlif, bir-birindən yetərincə fərqli amillər şərtləndirə bilər. Bir əsgərin fərdi qəhrəmanlığından tutmuş, bir xalqın, dövlətin sonu zəfərlə nəticələnən hər cür fədakarlığı, bir əsgərin azad olunmuş kəndə bayraq sancmasından tutmuş, dövlətin azad olunmuş bölgədə hərbi parad keçirməsinə qədər çox şey bu mövzuda əsərlərin meydana gəlməsinə səbəb ola bilər.

Müsahibim dedi ki, istər müharibə ədəbiyyatı olsun, istərsə də ayrıca qələbə ədəbiyyatı, onun gerçək, peşəkar nümunələrini planla, tapşırıqla əmələ gətirmək olmaz: “Olsa da, tək-tük uğurlu nümunələr ola bilər. Ümumiyyətlə, bütün zamanlarda – hansı mövzuda olursa-olsun, uğurlu əsərlər müəllifin özünün can atdığı, sərbəst şəkildə qərar verib yazdığı əsərlərdir. Sovet dönəmində planla, tapşırıqla belə əsərlər yaranıb. Amma onlardan bu günümüzə çox az nümunələr sağ gəlib çıxıb. O nümunələrin də ən yadda qalanları həmin tapşırıq, plan dövründə müəllifin özünün könüllü yazdığı əsərlərdir”. 

Yazıçı deyir ki, 44 günlük müharibədən sonra qələbə mövzusunda qələm əhlinə hansısa planın, tapşırığın olduğu barədə konkret nəyəsə rast gəlməyib, amma kimlərsə tərəfindən cəmiyyətə, yazıçılara fərdi şəkildə göstəriş, tələb, irad xarakterli müraciətlər olub. 

“Ola bilər, yuxarı instansiyalardan ədəbi qurumlara qeyri-rəsmi belə tapşırıqlar, tövsiyələr verilsin. Amma rəsmi anlamda, ən azı xəbərlər səviyyəsində rast gəlməmişəm. Düzü, dövlət tərəfindən belə bir plan, tapşırıq olarsa, bunda bir qəbahət görmürəm. Çünki tapşırıqla yazmağa meylli yazıçılarımız da az deyil. Onlar bu cür tapşırıqların öhdəsindən gələrlər. Belə əsərlər o qədər də dayanıqlı, ciddi ömür qazanan əsər olmasa belə, hər halda, yazılar. Bəlkə bu dalğanın içində çox yaxşı nümunələr də yaranar. Amma başqa mövzular kimi ciddi müharibə ədəbiyyatını da sərbəst düşüncəli, müstəqil yazıçılar yaradır və yaradacaqlar da”.

Yazıçı sonda qeyd etdi ki, müharibə ilə bağlı irihəcmli romanı nəşr olunub: “2021-ci ildə mənim müharibə, onun dəhşətləri və nəhayət, zəfərlə nəticələnməsinə dair irihəcmli “Sara” romanım nəşr olunub. Roman 1994-cü ildən yazılırdı. Bitirmək üçün qələbəni gözləyirdim. Qələbədən bir il sonra hazır oldu. İşğaldan azad edilmiş torpaqlarda, doğulduğum Ağdam şəhərində, Şahbulaq qalasında təqdimatı keçirildi. Düşünürəm ki, erməni vəhşiliklərini və Azərbaycanın cəlb olunduğu müharibəni, ondan qələbə ilə çıxmasını dünyaya çatdıra biləcək ciddi və uğurlu əsərdir”. 

“Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu qələbə ədəbiyyatının həm isti-isti, həm də kənardan olan müəllifin bədii təxəyyülünün məhsulu kimi yarana biləcəyini deyir. Naşir old.pressklub.az-a açıqlamasında bu barədə danışıb: 

“Müharibədə olan insanların xatirələrini, fədakarlıqlarını, qəhrəmanlıqlarını əks etdirən qələbə ədəbiyyatı isti-isti də yarana bilər. Yaxud, kiminsə xatirələri əsasında bir yazıçı da oturub bunu yaza bilər”. 

Naşir qeyd etdi ki hələ ki, bu tip xırda, çox da böyük səs-küy yaratmayan ədəbiyyat nümunələri var və bu sahədə daha böyük ədəbi nümunələr yaranacaq. 

“Qələbə ilə bağlı filmlər də çəkiləcək, əsərlər də yazılacaq. Mütləq yazılmalıdır. Qələbə bir ilğım kimi yaşandı. Amma ona ruh verən, onu gələcəyə daşıyan onun haqqında yazılanlardı - ədəbiyyatdır, tarixdir, fəlsəfədir. Yəni, bütövlükdə milləti ruhlandıran və gələcəyə aparan onun qələbəsi ilə bir yerdə onun haqqında yazılan və çəkilən sənədli və ya bədii filmlər, kitablar olacaq” - deyə, Şahbaz Xuduoğlu bildirdi. 

“Qələbə filmi deyilən  anlayış yoxdur. Məsələn, almanlar 2-ci dünya savaşında məğlub olublar. Amma bu o demək deyil ki, onlar bu haqda film çəkməyiblər. Müharibə filmləri qələbə üzərində qurulmamalıdır. Söhbət burada insan talelərindən gedir” – bu sözləri saytımıza açıqlamasında rejissor Tahir Əliyev (Tahiroviç) deyib.

O bildirib ki, Azərbaycan kino sənayesinin 60-70-ci illərdə istehsal etdiyi ikinci dünya savaşı ilə bağlı filmlər var: "Bizim Cəbiş müəllim", "Mən ki gözəl deyildim", "Şərikli çörək" kimi filmləri buna misal gətirə bilərik: “Bu filmlərdə bir dənə də döyüş səhnəsi yoxdur. Hətta qələbə ab-havası da yoxdur. Orda nə var? İnsan taleləri. Yəni bir kənddə yaşayan qızın düşdüyü vəziyyət, məktəblərin müharibə vaxtı düşdüyü vəziyyət, bir uşağın bir talonu itirib çörək ala bilməməsi... Biz bunları çəkməliyik”. 

Rejissor qeyd edib ki, müharibə filmlərimizi təkcə Azərbaycandakı tamaşaçı kütləsinə hesablamamalı, beynəlxalq səviyyəyə çıxmalı, çəkiləcək filmlərdə tankdan, topdan, raketdən, drondan uzaq, insan talelərini qabartmalıyıq: “Kinoda insan talelərini qabardan ssenarilərə üstünlük verməliyik. Eyforiyaya qapılmamalıyıq ki, biz getdik, dağdan qalxdıq, göydən düşdük, Şuşanı tutduq. Məsələn, Şuşada müharibə zamanı bir insanın başına gələn hadisə. Bax, biz onu göstərməliyik”. 

Müsahibim dedi ki, sənədli kinoda Azərbaycan əsgərinin, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi yolu göstərmək lazımdır və bunu da göstəriblər. 

“Bir layihə var idi: "Görünməyən qəhrəmanlar". 9, ya 10 seriya çəkiblər. Yenə çəkəcəklər. Yəni bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlarına aid sənədli kinoya ehtiyac yoxdur. Artıq insan talelərindən bəhs edən sənədli kinolara keçməliyik” - deyə rejissor sonda bildirib. 

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşənlərdən biri də  yazıçı Kəramət Böyükçöldür. O, old.pressklub.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, ədəbiyyatda qələbə və yaxud məğlubiyyət kimi mövzuları, yazıçı konkret olaraq qarşısına məqsəd qoya bilmir.

“Azərbaycan torpaqlarını  işğaldan azad etdi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bununla da hərbin işi bitdi. Vəssalam. İndi ədəbiyyat işə düşür. Və necə düşür? Mən gedim bir əsər yazım, roman yazım, orada Azərbaycan ordusunu və ya Azərbaycanın qələbəsini vəsf edim... Düzü, yazıçı kimi içimdə belə bir istək yoxdur”. 

Yazıçı qeyd etdi ki, onun üçün Ermənistanla Azərbaycanın arasındaki, Qarabağ müharibəsində insan faciəsini özündə əks etdirən əsərlər yazmaq daha maraqlıdır: “İnsan niyə şəhid olur? Çünki  vətəni sevir. Nə üçün fərari olur? Çünki həyatı sevir. Ədəbiyyat həm də fərarini anlamaqdı. Qarabağ müharibəsində insan faciəsi də var. Burda fərqi yoxdur o hansı millətin nümayəndəsidir”.

Müsahibim dedi ki, bütövlükdə insan faciəsini özündə əks etdirən əsərlərin yazılması qalıcı və daim yaşayan bir ədəbiyyat nümunəsi ola bilər. Belə əsərlərin ərsəyə gəlməsi üçün yazıçının xəyali kamerası işə düşməlidir.

“Yazıçının xəyali bir kamerası olur. O, öz kamerasını dünyanın ən uca bir nöqtəsinə qoyur. Elə bir nöqtə ki, oradan Allah da görünür, Amerika da, Azərbaycan da, Ermənistan da, Qarabağ da. Orada Azərbaycan və Ermənistan insanlarının yaşadığı evlərin içi də görünür. Qarabağ müharibəsinə bu kameradan baxanda, bəşəri dəyərləri özündə əks etdirən əsərlər yazılmalıdır. Yoxsa başla kı, ermənilər qorxaq idi, bizim ordumuz getdi, vurdu, yıxdı, azad etdi. Bu, ədəbiyyat deyil, salnamədir”.

Yazıçı sonda qeyd etdi ki, belə ideyaları özündə əks etdirən əsərlər yazır: “Qarabağ müharibəsində insan faciəsini özündə əks etdirən əsərlər yazıram, yazmaq fikrim var. Və yazacam”.

Belə. Qələbəni əldə etmək qədər onu yazmaq, ifadə etmək, onun insan üzünü göstərmək də çətin, zaman tələb edən işdir. Ordumuzun qazandığı bu qələbəni əbədiləşdirmək missiyası indi qələm adamlarımızın üzərindədir. Elə onlara da yaradıcı mübarizədə əzm və qələbə diləyək.

Mədinə Useynova