Logo
news content
User
Kateqoriyalar

Analitika

Qələbəyə az qalmış mühasirəyə düşüb, son nəfəsinə qədər döyüşdü... – ŞƏHİD HƏKİMLƏR 
“O hadisədən sonra görüşə bilmədik, eşitdim ki, şəhid olub...”

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə olmuş həkimlər də var. 

old.pressklub.az-ın "Şəhid həkimlər" layihəsində növbəti yazımız şəhid həkim Anar Məmmədov barədədir.

***

Anar Məmmədov 1984-cü ilin 6 iyununda Cəbrayıl rayonunun Dağtumas kəndində sadə bir ailədə dünyaya gəlib. Valideynləri Kərəmlə Gilas bir müddət sonra iş dalınca Bakıya gəlib, Binəqədi rayonunda məskunlaşıblar. O vaxt hələ nə Qarabağ problemi vardı, nə də müharibə abı-havası. Anardan sonra ailədə bir qız da dünyaya gəlmişdi. Anarın Gülnaz adlı bir bacısı var. Uşaqların yaş fərqi cəmi bir il olduğundan məktəbə eyni ildə yollanıblar. Binəqədi rayonundakı 115 saylı orta məktəbi bitirən bacı-qardaş eyni ildə də Azərbaycan Tibb Universitetinə qəbul olunublar. 

Anar uşaqlıqdan dərsə münasibəti ilə yaşıdlarından fərqlənib. Bütün fənləri yaxşı oxuyarmış. Bütün fənlərə eyni qaydada marağı və qavrama qabiliyyəti olsa da, həkim olmağı arzulayırdı. Arzusu həyata keçdi, məktəbi bitirdiyi il Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olundu. Pediatriya hara, hərbi hara deyəcəksiniz, amma yuxarı kurslara qalxdıqca Anar fikirlərini bir məqsəd üzərində bərqərar edib - hərbi həkim, peşəkar hərbiçi olmaq üzərində. 2006-cı ildə bu istəklə təhsilini Tibb Universitetinin hərbi tibb fakültəsində davam etdirməyə başlayır. 

Yaşıdlarının əksəriyyəti ya hərbiçi olmağı, ya da hərbi həkim olmağı seçirdilər. Görünür, zaman öz diktəsini edir. Görünür, reallıqlar insanın həyatının istiqamətləndirir. Gözlərini dünyaya dinc dövrdə açsa da, Anar yeniyetməliyə, sonra da gəncliyə qədəm qoyanda onun doğulduğu torpaqlar üzərində müharibə gedirdi. Azərbaycan zorla davaya cəlb edilmiş, əzəli torpaqları uğrunda ölüm-dirim savaşına cəlb olunmuşdu. Bax, bu reallıq da vətən oğullarının həyat yollarını cızırdı. 

Anar hərbi tibb təhsilini bitirib baş leytenant kimi 2008-ci ildən Şəmkir korpusunda hərbi həkim kimi fəaliyyətə başlayır. 2009-2013-cü illərdə Füzuli, daha sonra isə Cəlilabad korpusunda xidmət göstərib. 

Cəlilabad korpusunda olduğu illərdə Əfqanıstana ezam edilib, 6 ay sülhməramlı taborda hərbi həkim kimi xidmət göstərdikdən sonra vətənə qayıdıb, müxtəlif hərbi hissələrdə xidmət keçir. 

Hər dəfə anası ona “evlən, Anar, övladını qucağıma alım, “nənə” desin mənə, ömür vəfa etməz, görmərəm övladını, arzum ürəyimdə gedərəm” deyəndə, Anar onu arxayın salırdı ki, bu il mütləq evlənəcəm. Xaraktercə qapalı olduğundan onun qəlbində, ağlında kiminsə olub-olmadığından heç kimin xəbəri yox idi, olmadı da. 

2016-cı ilin aprel döyüşlərində də iştirak etməsini ailəsi sonradan bilib. Anar bir növ vətənə borcunu yerinə yetirmişdi, həm də ləyaqətlə, amma sonra yenə rahatlıq tapmırdı. Vətən oğullarına Qarabağ bütünlüklə azadlığa qovuşmayınca rahatlıq yoxdur.  

Lələtəpə uğrunda döyüşlərdəki xidməti barədə döyüş yoldaşları ağızdolusu danışırlar. Hətta əsgərlərdən birinin çəkdiyi video sosial şəbəkələrdə də yayılıb: 

“Lələtəpədə ağır yaralanmışdım. Məni xərəkdə gətirirdilər. Bir neçə dəqiqəlik dincəlmək üçün yerə qoydular. Bir zabit yaxınlaşdı. Anar idi. Məni tanımışdı. Əyilib üzümdən öpdü, sonra “sənə ağrıkəsici vurublarmı?” – deyə soruşdu. “Yox” – dedim. Tez çantasından ağrıkəsici çıxarıb, mənə vurdu. Ürək-dirək verib, “qorxma, – dedi, - ölmə, hələ işlərimiz çoxdur”. Bundan sonra dönüb, döyüş gedən istiqamətə getdi. Onda kapitan rütbəsində idi. Mən sağaldım, amma o, Vətən Müharibəsində şəhid oldu”.

Anar 2018-ci ilin dekabrında tibb xidməti kapitanı kimi Bakı şəhəri yaxınlığındakı hərbi hissəyə təyin ediləndə ailəsi sevindi ki, yaxındır, daha yanımızda olar, evlənər. 

Yaxınkən uzaq oldu... 26 sentyabr 2020-ci ildə evə gəlir və “mən poliqona gedirəm, təlimlərə” – deyib, evdəkillərlə sağollaşır. O vaxta qədər də onlarla təlimə gedib, poliqonda olub, heç kimin ağlına da gəlməyib ki, Anar müharibəyə gedir. 

Bacısı Gülnaz deyir ki, nə biləydik o gedən gedir: 

“Oktyabrın 1-də telefonla danışdıq, “hər şey yaxşıdır” – dedi. Harada olduğunu söyləmədi. Biz də arxayın idik. 2-3 gündən bir telefonla danışırdı. Həmişə də yüksək əhval-ruhiyyədə olurdu. İşində çox ciddi idi, əsil hərbçi kimi, sirr saxlayan idi. Müharibədə olduğunu demirdi. Oktyabrın 29-u zəng vurub, mənimlə danışdı. Dedi ki, Cəbrayılın Dağtumas kəndini geri almışıq. Onda bildik ki, Anar müharibədədir. Ancaq narahat və qayğılı danışırdı.

Noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralılara kömək etmək üçün gedərkən yolda mühasirəyə düşüb, son nəfəsinə kimi vuruşub, qəhrəmancasına şəhid olub. Mənim qardaşım 44 günlük müharibənin 37 gününü qanlı döyüşlərdə olub”.

Anarın tələbə yoldaşı, həkim Nigar Haşımova deyir ki, Anarın hərbi tibb fakültəsində təhsil almağa qərar verməsinə təəccüblənmişdim: “Çox sakit təbiətli idi, öz dünyası vardı. Danışdırmasan danışmaz, dindirməsən dinməz, nadir hallarda gülərdi. Sanki hər zaman nə isə düşünürdü. Amma arada onunla zarafat eləyir, güldürməyə çalışırdım. İndi bunları deyəndə o günlər ağlıma gəlir. Bəlkə də mənim qəlbimə dəyməsin deyə gülürdü. Heç kəsin xətrinə dəyməz, səsini yüksəltməzdi, hər kəslə hörmət saxlayardı. Daha sonra təhsillə əlaqədar mən Türkiyəyə getdim, o isə hərbi tibb fakültəsinə keçdi. Tələbə yoldaşlarımdan hal-əhval tutduqca ondan da xəbər tuturdum. Eşidirdim ki, işini məsuliyyətlə, sevə-sevə görür. Vətənin ən çətin günlərində canı, qanı bahasına əsgərlərimizə xidmət etməsi də bunun bariz nümunəsidir. Anarla sonuncu dəfə 2008-ci ildə Klinik Tibbi Mərkəzin həyətində görüşmüşdüm. Və indi çox üzülərək deyirəm ki, illər sonra onunla Fəxri Xiyabanda görüşdüm. Allahdan ona rəhmət diləyirəm. Nə yaxşı ki, onu tanımışam”.

Döyüş yoldaşı Elvin onun haqqında sevgi ilə danışır: “Anar həm həkim, həm hərbçi, həm də gözəl insan idi. Yüzlərlə yaralıya ilk tibbi yardım göstərərək, təkcə öz hərbi hissəmizin yox, digər hissələrin yaralı əsgərlərini də öz qardaşı, doğması kimi həyata qaytarmışdı. Anar həkim yaralı döyüşçülərin ilk yardımdan sonra təxliyə olunmasında əsl qəhrəmanlıq göstərmişdi”.

Vasif Qəhrəmanov da Anarın döyüş yoldaşıdır: “Hərbi hissənin yanacaq xidməti rəisi idim. Anarla tez-tez görüşürdük. Tibb xidməti rəisi idi Anar. Yaxşı insan idi, tezliklə dostlaşdıq. Mənim səhhətimdə problem var, o vaxt o qədər kəskin deyildi. Anar nəzarət edirdi səhhətimə. Mənə sistem qoşurdu, müalicə edirdi. COVİD vaxtı onu daha yaxından tanıdım. Kazarma vəziyyəti əmri gəldi. Hamı eyni kazarmada qalırdı. Ürəyim sıxılırdı, təzə öyrəşirdim hərbi rejimə. Ad günümü kazarma şəraitində qeyd etdik. Tez-tez mağazaya qaçırdım, Anar deyirdi etmə, tutulacaqsan, eşitmirdim. Mart ayında pnevmoniya oldum, COVİD tutdum. Düşdüm hospitala, döyüşlər başladı, Anar getdi döyüşlərə. Sağalandan sonra getdim tapdım onu. Sentyabrın 28-də evdən zəng etdilər ki, xalam nəvəsi Dövlətzadə Cəbrayıl şəhid olub. İnanın ki, Anarın şəhidliyi mənə ondan daha çox təsir etdi. Bağlarımız möhkəm idi. Maşınımda üç nəfər otururdu, Emin, Səməndər, Anar. Üçü də şəhid oldu. Anar çox səbirli adam idi, bir az da özünə qapanmağı vardı. Mərd oğlan idi, yaxşılıq eləməyi sevirdi. Hərbi hissədə heç kimlə problemi olmadı, hamının problemini həll edirdi. Çox savadlı idi. Optik eynəkdən istifadə edirdi, çətin olurdu ona. Həmlə hissəsi idi olduğumuz hissə. Bir döyüşdən qayıtdılar, eynəyi qırılmışdı, dedi, görmürəm, ermənilərlə özümüzünküləri ayırd edə bilmirəm. Səhər getdim onun eynəyini sifariş verib aldım, gətirib verdim özünə. Ondan sonra görüşə bilmədik, şəhid oldu. Anar təsadüfən, istəməyərək şəhid olmadı, döyüşərək, qəhrəmancasına, düşmənə, ölümə baş əymədən şəhidliyə ucaldı”.

Həmin illər eyni nəsildən-kökdən neçə-neçə igid oğullar şəhidliyə ucaldılar, amma əvəzində vətən qazandı, oğul itirib, torpaqlarını geri qazandı. Anar Məmmədovgilin nəslindən də çox şəhidlər var. Əli Mahmudov, Söhrab Məmmədov, Məzahir Məmmədov, Vüqar Cəbrayılovdan sonra Anar nəslin 5-cı şəhididir. Adı çəkilənlər I Qarabağ müharibəsinin şəhidləridir.

Anarlar həmin yolun davamçıları idilər. Həm də II Qarabağ müharibəsində Anar bu yolun şərəfli davamçısı olduğunu göstərdi. Onun şəhid olduğunu anasına deyə bilməyiblər. Cənazə həyətə gətirilincəyə qədər anasının dalağı sancıb, özünə yer tapa bilmirmiş. 

Anar Məmmədov özündən əvvəl şəhid olan poqondaşları, silahdaşlarının cərgəsində - II Fəxri Xiyabanda uğrunda şəhid olduğu torpağa tapşırılıb. 

Tibbi xidmət kapitanı Anar Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün təmin edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Məzarı nurla dolsun.

Ramilə Qurbanlı