Logo
news content
User
Kateqoriyalar

Analitika

Qələbə üçün çatışmayan nədir?

Azərbaycanla Ermənistan arasında atəşkəsə dair hüquqi sənəd əslində mövcud deyil. 1994-cü ilin may ayının 12-də əldə olunmuş razılaşma – Bişkek sazişi 2016-cı ilin aprel döyüşləri zamanı hüquqi və faktiki qüvvəsini itirib. Bu tarixdən sonra münaqişə tərəfləri vasitəçilərin tövsiyələrinə uyğun olaraq cəbhə xəttində nisbi sakitliyi təmin ediblər. Amma Tovuzda baş verən hərbi toqquşmalar göstərdi ki, mövcud status-kvo dayanıqlı deyil. Azərbaycan atəşkəsi pozan tərəf olmasa da, pat vəziyyəti onu qane etmir. Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə vermir, Ermənistan işğalçı olsa da, mövqeyindən geri çəkilmək istəmir. Hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn Nikol Paşinyan müxtəlif manevrlərlə Ermənistanın əldə etdiyi, hərbi, siyasi, diplomatik mövqeləri möhkəmləndirməyə çalışır. Azərbaycan da vasitəçilərə təzyiqləri artırır, ordunu möhkəmləndirir, beynəlxalq birliyə qeyri-müəyyən atəşkəs rejimin davam etməsindən ciddi narahatlığını çatdırmağa çalışır.

Müharibənin öz qanunları var. Tovuz istiqamətində davam edən gərginlik Azərbaycan rəhbərliyinin gündəliyini müharibə rejiminə uyğunlaşdırır. Azərbaycan ordusu döyüş qabiliyyətinə, təchizatına, canlı qüvvə resiursuna görə Ermənistan ordusundan kifayət qədər üstündür. Amma təcrübə göstərir ki, bu üstünlüklər qələbə çalmaq üçün kifayət deyil. Müharibəni təkcə ordu yox, bütün ölkə aparır. Milli birlik, güclü diplomatiya, məqsədyönlü daxili və xarici siyasət, güclü media qalibiyyətin əsas təminatçılarıdır. Təəssüf ki, bu sahələrdə xeyli axsamalar var. Cəbhədə baş verən toqquşmaların yaratdığı situasiyada bu boşluqlar üzə çıxdı. Təfərrüata varmadan onu qeyd etmək olar ki, cəmiyyətin silahlı qüvvələrə dəstəyi düzgün istiqamətləndirilmədi. Milli həmrəyliyin əldə olunması şansı dar siyasi maraqlar ucbatından qaçırıldı, ənənəvi daxili siyasi düşmənçilik ön planda tutuldu. Cəmiyyətdə dərin məyusluq yaradan bu addımlar Azərbaycanın daxili gücünün toparlanmasına zərbə vurdu. Media öz işini görə bilmədi, xüsusən dövlətin nəzarətində olan telekanallar proseslərin arxasınca süründü, cəmiyyətin obyektiv məlumatlandırılması işini həyata keçirə bilmədi. Dövlət qurumları da media ilə təmasları düzgün qura bilməyib dezinformasiyaların, şayiələrin meydan sulamasına şərait yaratdı. Xaricdəki diaspora Azərbaycan hökuməti, diplomatiyası ilə həmahəng oldu, öz funksiyasını doğru-dürüst icra edə bilmədi.

Xüsusən xarici diplomatiyanın yarıtmazlığı Ermənistanın bu sahədə daha çevik manevrlər etməsinə gətirib çıxardı. Məlumdur ki, ABŞ-dakı erməni diasporunun səyləri ilə Konqresə Azərbaycana sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib. Əgər bu təkliflər dəstək qazanarsa, Azərbaycan Vaşinqtonun siyasi dəstəyindən və yardımlarından məhrum ola bilər ki, bu da dövlət maraqları üçün ağır zərbədir.

Prezidentin sədrliyi ilə hökumətin iclasında bu sahədəki vəziyyət müzakirə olunub və ciddi qərarlar qəbul edilib. Xarici işlər naziri Elmar Məmmədyarov vəzifədən azad edilib, XİN sistemindəki problemlər etiraf olunub. Doğrudur, nazirə tutulan iradlar, bəzi diplomatların xarici xüsusi xidmət orqanlarının nəzarətinə düşməsi barədə məlumatların indiki situasiyada yüksək tribunadan səsləndirilməsinin nə qədər doğru olması mübahisəlidir. Çünki toqquşmalar paralel olaraq informasiya məkanında da gedir. Erməni siyasətçiləri, mediası bu faktlardan əks-təbliğatda maksimum yararlanmağa çalışır.

Ekspertlər ümid edirlər ki, yeni nazirin başqa sahədən gətirilməsi XİN sistemindəki problemlərin həll olunması üçün düşünülmüş addımdır. Yaxın gələcəkdə bu sahədə hansı keyfiyyət dəyişikliyinin baş verdiyini müşahidə etmək imkanımız olacaq.

Müharibə rejimində daha qabarıq görünən boşluqlardan biri Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik çətiri altında olmamasıdır. Məlumdur, Cənubi Qafqaz ölkələrindən Gürcüstan Qərbin güclü hərbi-siyasi ittifaqı olan NATO-nun (tam olmasa da, qismən), Ermənistan isə Rusiyanın patronajlığı altında formalaşdırılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) himayəsi altındadır. Hər iki ölkə hərbi təhlükəsziliyini beynəlxaq güclərin hesabına təmin etməyə çalışıb. Doğrudur, bu himayəçiliyin konkret hərbi situasiyada nə qədər effektli olması bir qədər mübahisəlidir. Ortada 2008-ci ildə – Rusiyanın Gürcüstan ərazilərini işğal edərkən yaranan hərbi-siyasi vəziyyət təcrübəsi var. Amma hər halda, beynəlxalq hüquqa əsaslanan öhdəliklər bu ölkələri bir çox risklərdən sığortalayır. Postosvet ölkələrinin əksəriyyəti bu yolu keçib, Rusiya və NATO sistemləri arasında seçim edərək öz təhlükəsizliklərini qarantiya altına almağa çalışıblar. (Buna nə dərəcədə nail olduqları başqa söhbətin mövzusudur, söhbət bir istiqamətdə məqsədyönlü və ardıcıl siyasətin yeridilməsindən gedir.)

Azərbaycana gəldikdə, təəssüf ki, rəsmi Bakı belə bir seçim etməyib, regionda balans siyasəti yürütdüyünü elan edib. Təcrübədə bu siyasətin üstünlükləri də olub. Azərbaycan xüsusən Rusiyanın və İranın aqressiyasından özünü qoruyub, bəzi kritik situasiyalardan itkisiz ötüşüb. Amma bu balans siyasəti Bakının iradəsindən asılı olmayan səbəblərdən dayanıqlı deyil. Konkret ifadə etsək, Ermənistan Rusiyanın hərbi-siyasi gücünü arxasına aldığı şəraitdə Azərbaycan onu balanslaşdıracaq hərbi-siyasi ittifaqa malik deyil.

Azərbaycan regionun güclü dövlətlərindən Türkiyə ilə möhkəm bağlara malikdir. Milli, dini, tarixi, mədəni birlik iki ölkə arasında təbii ittifaq yaradıb. Amma bu birlik Bakının hədsiz ehtiyatlılığından hüquqi baxımdan strateji müttəfiqlik münasibətlərinə yüksələ bilməyib. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir, bütün sahələrdə dinamik əməkdaşlıq var. Cəbhədə baş verən toqquşmalar zamanı Türkiyə hökumətinin ən yüksək səviyyədə Azərbaycana tam dəstək ifadə etməsi cəmiyyətdə böyük ümidlər, ruh yüksəkliyi yaratdı. Paralel olaraq Ankaranın bu bəyanatları Ermənistanda təşviş, Rusiyada isə narahatlığa və qıcığa səbəb oldu. Ekspertlərin də təklif etdiyi kimi, Azərbaycan ən qısa müddətdə tərəddüdlərinə son qoyub, Türkiyə ilə strateji hərbi-siyasi müttəfiqlik müqaviləsi imzalamalıdır. Türkiyə hərbi bazaları Naxçıvana və Bakıda yaradılmalıdır. Qarşılıqlı hərbi yardım haqqında müqavilə, birgə ordu birləşmələri qurulması haqqında qərar verilməlidir. Türkiyə bu addımları atmağa qeyd-şərtsiz, heç kimdən çəkinmədən atmağa hazırdır. Bütün məsuliyyət bu ittifaqa daha çox ehtiyacı olan Azərbaycan rəhbərliyinin üzərinə düşür.

Yeri gəlmişkən, təəssüflə qeyd edək ki, cəbhədəki toqquşmalar zamanı Türkiyədən gələn dəstək bəyanatları cəmiyyətdə hərarətlə qarşılansa da, siyasi rəhbərlikdə bu münasibət ifadə olunmadı. Yalnız prezidentin hərbi çevriliş cəhdinin yatırılmasının növbəti ildönümü münasibətilə Türkiyə prezidentinə göndərdiyi məktubun üçüncü abzasında Türkiyənin dəstəyinə görə minnətdarlıq ifadə olunub. Müdafiə nazirinin müavini, Hərb Hava Qüvvələrinin komandanının Ankaraya göndərilməsi də bu sıradan müsbət addım idi.

Prezident yeni xarici işlər naziri Ceyhun Bayramova tapşırıq və tövsiyələr verərkən türkdilli ölkələrlə münasibətlərin inkişafının vacibliyini də qeyd edib. Amma yaxşı olardı ki, baş diplomatın qarşısında qoyulan vəzifələrin önündə Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çıxarılması qoyulardı...

Turqut