Logo
news content
User
Kateqoriyalar

Analitika

Qələbə gününü gördü, şəhid olduğu yerə iki saat sonra bayraq sancıldı - ŞƏHİD HƏKİMLƏR
Ermənilərin pusqusuna düşən polkovnik-leytenant son arzusunu qardaşına deyib...

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var. 

old.pressklub.az-ın “Şəhid həkimlər” layihəsində növbəti yazımız şəhid həkim Rasim Abdullayev barədədir.
***
Bu da yol ayrıcı, bu da son vida…

İndi günəş soyuyacaq, tələsmə!

Ayrılıq gələcək əlində qılınc,

Bizi qana boyayacaq, tələsmə..!

Şeiri oxuyuram və mənə elə gəlir ki, şəhid polkovnik-leytenant son nəfəsində özünün yazdığı bu misraları pıçıldayıb, əgər buna macalı olubsa… Şeir elə bil məhz həmin məqamda, o məqam üçün yazılıb. Bəlkə o məqamı dəfələrlə yaşayıb müəllif, onların birində yazılıb, yaxud onu bir gün yaşayacağını bilərək qələmə alıb. Sağ olsaydı, ona ilk sualım elə bu barədə olardı – nə yaşadınız ki, bu misraları yazdınız? O an üçün yazılan bu şeir son pıçıltınızda səsləndimi? Nə yazıq ki, şəhid olmuş hərbi həkimlərimizin ən yüksək rütbəlisinə indi nə bu sualı vermək şansımız var, nə də cavab almaq. Sual fikrimizdə səslənir və cavablar yalnız fərziyyələrdir…

Görəsən, dünyada nə qədər nəsilbənəsil öz ata-baba yurdundan didərgin olmuş millət var? Hansı xalqda babanın taleyini nəvə-nəticə də yaşayır, bizdən başqa.

1918-ci ildə Dərələyəzdən zorla deportasiya edilib çöllərə salınmış azərbaycanlılar arasında Rasimin babası da vardı. O vaxt Rasim heç yer üzündə yox idi. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdən gedir. O, Kəlbəcər rayonunun Milli kəndində, 1975-ci ilin fevralında dünyaya gəlib. Fevral sakit, qarlı qış kimi deyildi o gün, payızın noyabr ayında olduğu kimi küləkli, yağışlı və sazaqlı idi, elə bil, nə üçünsə peşmanlıq yaşayırdı payız…

Həyat məni məngənədə əzdirib,

Ağrıları ürəyimdə gəzdirib,

Çox deyirdin fikir məni bezdirib

İndi gözün quruyacaq, tələsmə!...

Atası Yaqubla anası Nübar hərdən qış gecələrində soba ətrafına toplaşanda baba-nənələrinin 1918-ci ildə qarlı aşırımdan ayaqları don ata-ata aşıb Kəlbəcərə necə gəlib çıxdıqlarını nəql edərdilər. Bu ağrılı hekayəni çox dinləmişdi. 7 nəfərdən ibarət bu ailənin hər bir üzvü o hekayəni ən xırda detallarına qədər əzbər bilirdilər. 

Qardaşı Əvəz, bacıları Yeganə, Aybəniz, Əntiqə ilə o günü yaşamış kimi idilər.

Kəlbəcər onlara doğma idi, axı uşaqlar hamısı orda dünyaya gəlib, orda da orta məktəbi bitirmişdilər. Rasim Abdullayev 1982-ci ildən Milli kənd orta məktəbində təhsil almağa başlasa da Kəlbəcər şəhər 1 saylı orta məktəbi bitirib. Həmin il də Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. 

Bacısı Yeganə Abdullayeva: “Həmişə yaxşı oxuyub dərslərini. Məktəbin əlaçısı idi. Şəkli şərəf lövhəsində olurdu, mən də ondan 6 yaş kiçiyəm, gedib şəklinə baxıb, qürurlanırdım”

Qardaşı Əvəz Abdullayev: “Şəraitsiz kənd, işıqlar tez-tez sönürdü. 1991-ci ildən mühasirə şəraitində idik. Çıraq işığında gecə-gündüz oxuyurdu. Məktəbə gedib-gəlmək, müəllim yanına getmək ondan da çətin idi. Kilometrlərlə məsafə qət edirdi. Anam tez-tez xəstələnərdi, Rasim anamı sağaltmaq istəyi ilə həkimlik oxudu. Sonra da dərdini özü tapdı ki, problem anamın ürəyində imiş. Balacalıqdan deyirdi, ana, həkim olub, səni sağaldacam”. 

Arzusu həkim olmaq idi, məktəbi də yaxşı qiymətlərlə başa vurmuşdu. Ailəsi o qədər imkanlı olmasa da, demişdilər ki, tələbəlik illərində çətinliyin olmayacaq, mal-qaradan satıb, göndərəcəyik ki, yemək-içməkdən, geyimdən şəhər yerində korluq çəkməyəsən. 

Qardaşı deyir ki, Rasimin Tibb İnstitutuna qəbul olunduğu xəbərini onlara helikopterlə çatdırıblar: “Rasimin qəbul xəbəri qəzetdə çıxmışdı, bizim xəbərimiz yox idi. Helikopter gələndə kənddən bir oğlan qəzeti vermişdi ki, bizə çatdırsın. Sevincimizin həddi yox idi”.

1993-cü il aprelin 2-də Kəlbəcər, yaşadıqları Milli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndə Rasim tələbə idi. Onların sarsıntıları sadəcə təzələndi, ata-babaları ilə eyni taleyə nə vaxtsa imza atıblarmış kimi. 

Yenə qaçqınlıq, köçkünlük həyatı və üstəlik, müharibə davam edir. Rasim Abdullayev cəbhəyə könüllü getmək istəyir, amma müəllimləri onu bu fikirdən yayındırırlar ki, sən indi hələ burda qalmalı, təhsilini davam etdirməlisən. Cəbhədə həm də həkimə ehtiyac var, amma tələbəyə yox, həkimə. Rasim Abdullayev təhsilini başa vuranda 1998-ci il idi, ölkədə müharibə atəşkəs şəraitində davam edirdi. Rasim də həkim kimi özünü inkişaf etdirməkdə israrlı idi. 2000-ci ilə qədər Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında interna keçəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçu kimi fəaliyyətə başlayır. Qarşıda bizi nəyin gözlədiyini bilirdi, düşünürdü ki, bu xəmir hələ çox su aparacaq. O da tələbə ikən edə bilmədiyini həyata keçirəcək. 

2003-cü ildə ailə qurur, amma hərbi həkimin ailəsi də qulluq etdiyi hərbi hissədir. Hər iki övladı dünyaya gələndə xanımı Səadətə tapşırır onları: “Onları sənə, səni də övladlarımız Miryaqubla İslama həvalə edirəm”

Xidmətə 2000-ci ildə Füzuli rayonunda Əhmədbəyli hospitalında başlayır. 2005-ci ildən 2015-ci ilə qədər Mərkəzi Hərbi Poliklinikanın terapiya şöbəsində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirir. Şöbənin rəisi də işləyir. Qüsursuz xidmətlərinə görə ilk dəfə 2010-cu ildə, yəni fəaliyyətinin 10 illiyində müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilir. 

2015-ci ildə 15 illik qüsursuz xidməti də belə dəyərləndirilir. 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunur. 2015-ci ildə onu Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsinə yüksəldirlər. Rasim Abdullayev sevinir, ancaq rəis olduğuna görə deyil, cəbhə bölgəsinə yaxınlaşdığına görə. Gəncə Murovun, Kəlbəcərin iki addımlığındadır. Deyir, Murovun havasını doyunca ciyərlərimə çəkib, məqam yetişən kimi gedib oraların azad olunmasında iştirak edərəm.  

Bunları danışan qardaşı Əvəz deyir ki, Rasimin iki arzusu vardı: “Birincisi, atamı dəfn edəndə məzarı başında dedi ki, ata, sənə söz verirəm, məzarını Kəlbəcərə aparacam, sən doğma torpağına qovuşacaqsan. Bir də Kəlbəcərdə qurban kəsəcəm deyirdi. Bu iki arzusu barədə danışanda gözlərində işıq yanırdı, elə bil bütün qüvvəsi ilə inanırdı ki, bunlar həyata keçəcək, edəcək dediklərini”.  

Bir yer boş qalacaq burada bizsiz,

Arzular, ümidlər itəcək izsiz,

Eşqimiz susacaq səssiz, səmirsiz,

Körpə kimi uyuyacaq, tələsmə!

2016-cı ilin aprel döyüşləri zamanın tələbi idi. Döyüşçülər üçün isə zərurət imiş, onları qələbəyə aparan yolun başlanğıcı, Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi. 

Rasim Abdullayev rütbəli zabit olmasına rəğmən döyüşlərə yollanır. Yaralı döyüşçülərə elə güllə yağışının altında ilk tibbi yardım göstərirdi. O zaman Rasim Abdullayev hərbi tibb qulluqçusu kimi Gəncə Hərbi Poliklinikasının rəisi idi. Onlarla döyüşçünü, əsgəri, zabiti vaxtında yardım göstərməklə ölümün pəncəsindən almışdı. 

2016-cı ilin sonlarında Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunur. Bu, onun zəhmətinin bəhrəsi idi. Amma dağlarda doğulanın aranda nə işi var, onu dinc həyat qane etmirdi. 

Qardaşı deyir, bizim uşaqlığımız viran oldu, hələ də yuxularımızda Kəlbəcəri görürük: “Rasimin hərbiyə getməyinin səbəbi, məqsədi də bu idi. O yerlərə qayıtmaq, oraları qaytarmaq üçün”.

Yeganə Abdullayeva: “Geri qaytarılan torpaqlara ayaqqabılarını soyunub ayaq qoyurmuş ki, vətən torpağıdır, müqəddəsdir”. 

2020-ci ildə Vətən Müharibəsi başlayanda polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri vəzifəsini yerinə yetirirdi. Hadrut istiqamətində gedən döyüşlərə qoşulmuşdu. Döyüşlərin ən qızğın nöqtələrinə özünü atıb, güllə altında köməksiz qalmış yaralılara yerindəcə tibbi yardım göstərirdi. Cəbhə yoldaşları danışırmışlar ki, ağır yaralıları heç kimə etibar etmirdi, sağaldıb, ayağa qaldırıb, sonra rahat olardı. 

Qəribədir, bütün haqqında yazdığım şəhid həkimlər barədə bu fikirləri yazmalı oluram, çünki şahidlər, onların döyüş yolu bunu diktə edir. Hər birisi özünü odun-alovun ağzına atıb ki, bircə yaralılara yardım göstərib, onları xilas etsinlər. Heç birinin ağlının ucundan belə özünü qorumaq, özünü xilas etmək keçməyib. Bəlkə də keçib, amma o fikrə belə qalib gəlib qəhrəman oğullar. Rasim Abdullayev Vətən müharibəsinin son gününə qədər bu missiyanı yerinə yetirib. Tanrı o doğulanda bu missiyanı ona həvalə edib, alnına yazıbmış. Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərib Rasim Abdullayev. İşğaldan azad edilən ərazilərə girib, oradakı yaralıların yarasını sarıyıb, çiyninə alıb təhlükəsiz yerə daşıyır və yaralıya, “bəxtəvər, sən öz torpağını işğaldan azad etmisən, mən bəxtəvər də səni xilas edirəm” deyirmiş. 

Ailəsi isə ondan nigaran. Son dəfə 26 sentyabrda görüşüb, yola salıblar. Bir də 9 noyabrda telefonla danışıblar. Səsində sevinc, həyəcan: “Hər şey yaxşıdır” - deyib. 

Əvəz Abdullayev: “Atəşkəsdən sonra danışdıq telefonla, bir-birimizi təbrik etdik. Dedi, gedəcəyik Kəlbəcərə, hazırlaş. Çox sevindik... Elə həmin gün də şəhid oldu. Şəhid olduğu yerə iki saat sonra bayraq sancıldı”. 

10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələrində Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev özü gedir bu işin arxasınca. Hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış həmin maşın qarşı tərəfin qurduğu pusquya düşür. Üstlərinə güllə yağış kimi yağır. Çoxsaylı yaralardan dünyasını dəyişən Rasim Abdullayev Azərbaycanın hərb tarixində və həmçinin, Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur. O, indi II Şəhidlər Xiyabanında öz silahdaşları ilə bir sırada məğrur-məğrur uyuyur. Xilas etdiyi hərbi qulluqçulardan bəziləri onun doğulduğu, azad Kəlbəcərdə zabit kimi xidmət göstərirlər. Həmin hərbiçilər Kəlbəcərdə “Tərəzi daşı” zirvəsinin adını dəyişib, Rasim Abdullayev zirvəsi qoyublar. Adını daşıyanlardan biri də Rasim Abdullayevin yaxın dostunun övladıdır, Rasim Abdullayev şəhid olan gün dünyaya gəlib və atası dostunun adını oğluna verib. 

Yeganə: “Çox qürur duyuram onunla, amma heç bir qürur hissi ürəyin yanğısını sakitləşdirə bilmir Bacı kimi ürəyimin başı od tutur adı gələndə. Bununla belə, istəyirəm həmişə onu pozitiv xatırlayaq. Ata kimi əvəzi yoxdur, o balalarını qoxulamadan yatmazdı, sevgisini onlardan əsirgəməyib. Ana kimi ata idi”. 

***

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rasim Abdullayev ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Rasim Abdullayev şeir yazmağı çox sevərmiş. Ailəsindən onun yalnız yuxarıda yazının içində səpələdiyim misralarını aldım. Çoxlu yarımçıq şeirləri var, həyatı kimi... Vəfatından sonra “Son nida” adlı kitabı çap olunub. 

Oğlu Miryaqub Abdullayevin atasının məzarı başında dedikləri çox təsirlidir. Deyir, bu reallıqla barışmaq çox çətindir, amma mən atamla qürur duyuram və mən onu görürəm, hər zaman yanımda, arxamda olduğunu hiss edirəm...  

Rasim gözlərinə görünməyəcək,

Bu həsrət heç kimlə bölünməyəcək,

Xatirəm beynindən silinməyəcək,

Bir gün səni qınayacaq, tələsmə.

***

O, yer üzünə Kəlbəcər rayonunun Milli kəndində 1975-ci ilin fevralında gəldi. Fevral sakit, qarlı qış kimi deyildi o gün, payızın noyabr ayında olduğu kimi küləkli, yağışlı və sazaqlı idi, elə bil, nə üçünsə peşmanlıq yaşayırdı qış…

Ramilə Qurbanlı