Logo
news content
User
Kateqoriyalar

Analitika

Qəfil razılaşma, sərhəd-keçid məntəqəsi və cavabı labüd olan suallar
Mümkün ssenari: Rusiya müqavimət göstərəcək, separatçı rejim ləğv olunacaq, Qarabağda...

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğu barədə məlumat yaydı. Azərbaycan cəmiyyəti çoxdan gözlədiyi bu xəbərə dərhal adekvat reaksiya verdi: ekspertlər, media bu addımı dövlətin Qarabağ üzərində suverenliyinin bərqərar edilməsi istiqamətində mühüm irəliləyiş kimi təqdim etdi. Bununla belə müəyyən suallar da var və dövlət qurumları məsələyə hələlik tam şəkildə aydınlıq gətirməyib. Ona görə də əvvəlcə hadisələrin xronologiyasına, maraqlı tərəflərin mövqelərinə nəzər salmağa ehtiyac var.

Azərbaycan Müdafiə Nazirliyi aprelin 22-də bildirdi ki, Şuşanın Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan hərbi yük maşını ermənilər tərəfindən basdırılmış minaya düşüb. Nəticədə 3 hərbi qulluqçu xəsarət alıb. Nazirliyin məlumatına görə, axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.

“Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması mütləq təmin olunmalıdır”, - Nazirlik bildirib.

Müdafiə Nazirliyinin ikinci bəyanatı Ermənistanın əvvəlcədən razılaşdırılmadan Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi qurması ilə bağlıdır.  

Nazirliyin üçüncü bəyanatında isə Azərbaycanın Ermənistanın bu addımına adekvat olaraq, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasından bəhs olunur. Bəyanatda bildirilir ki, bu addım Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılıb. 

Dördüncü bəyanat Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Nazirlik bildirir ki, Laçın yolunun başlanğıcında sərhəd nəzarəti mexanizminin yaradılması bu yolda hərəkətin qanuniliyini və şəffaflığını, bununla da hərəkətin təhlükəsizliyini təmin edəcək.

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin bu məntəqədən Ermənistan və Azərbaycana hər iki istiqamətdə şəffaf və nizamlı şəkildə keçməsi üçün yaradılmışdır”, - bəyanata deyilir.

XİN-in mövqeyində diqqətçəkən iki məsələ var:

Birincisi, bəyanatda qeyd olunur ki, sərhəddə qurulan nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək;

İkincisi, Azərbaycan tərəfi Ermənistanla sərhəddə şəffaf və təhlükəsiz nəzarət-buraxılış məntəqəsi rejiminin təmin edilməsi məqsədilə əməkdaşlığa hazır olduğunu açıqlayıb. 

Ermənistan rəhbərliyi bununla bağlı hər hansı açıqlama verməyib, Rusiya tərəfi də susqunluq nümayiş etdirib. Qarabağdakı separatçı rejim isə Azərbaycanın ünvanına aqressiv bəyanatlar səsləndirib, habelə dünya ictimaiyyətini köməyə çağırıb. 

Beləliklə, gedişat belə bir ehtimal yaradır ki, sərhəddə nəzarət-buraxılış məntəqəsinin quraşdırılması əvvəlcədən razılaşdırılıb. İlk addımı Ermənistan atıb, Azərbaycan dərhal adekvat reaksiya verərək öz nəzarət məntəqəsini formalaşdırıb. Rusiyadan nə müsbət, nə də mənfi reaksiya gəlməməsi onun oyunun içində olması şübhəsi yaradır. Əlbəttə, sərhədlərə nəzarət məsələsi ölkələrin suveren hüququdur. Amma Rusiya bölgədə “sülhməramlı” adı altında hərbi qüvvələri ilə təmsil olunur və 10 noyabr üçtərəfli bəyanatına görə rəsmən tərəfdir. Şübhəsiz ki, bu barədə hər iki tərəf Kremli məlumatlandırıb.

Bununla belə, normal məntiqə görə, Moskva-Bakı-İrəvan arasında ortaq müzakirələr nəticəsində belə bir razılaşmanın əldə olunması inandırıcı deyil. Çünki hazırda tərəflər arasında Moskvanın moderatorluğu ilə dialoq mövcud deyil. Amma ABŞ rəsmiləri hər iki tərəflə sülh müqaviləsi ilə bağlı intensiv dialoq aparır, Vaşinqton təmsilçiləri son həftədə Azərbaycan və Ermənistan rəsmiləri ilə bir neçə telefon danışığı və görüş reallaşdırıblar. Bu arada Baş nazir Paşinyanın “Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır, amma beynəlxalq birlik onun 29.8 min kvadrat kilometrlik ərazisinin qorunmasına təminat verməlidir” bəyanatını xatırlamağa ehtiyac var. Ola bilsin, Paşinyan bu danışıqların nəticəsi olaraq kompromislərə razılaşıb, Azərbaycan da Rusiya rəhbərliyini məlumatlandıraraq qarşılıqlı olaraq sərhəddə nəzarətini təmin edib. Rusiya isə fakt qarşısında qalaraq prosesə müdaxilə etməyib. 

Azərbaycan XİN-in bəyanatında yer alan “sərhəddə qurulan nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək” cümləsi də Bakı və Moskva arasında məsləhətləşmələrin olduğundan xəbər verir. Azərbaycan rəhbərliyi üçün Moskvanın aqressiv reaksiyasını neytrallaşdırmaq vacib məsələdir. Çünki Rusiya hərbçiləri ölkə ərazisindədir və 10 noyabr bəyanatı hələ ki, qüvvədədir. Amma yeni situasiyanın onları qane edib-etməyəcəyini demək çətindir. Bu suala ancaq qarşıdakı günlərdə cavab tapmaq mümkün olacaq.

Bakı Rusiya sülhməramlıları ilə birgə Ermənistanla dövlət sərhədinə nəzarəti necə həyata keçircəyinə, bu barədə razılaşmanın olub-olmadığına da aydınlıq gətirməlidir. 

Cəmiyyətdə olan suallardan biri sərhəddə qurulan nəzarət-buraxılış məntəqəsinin Xankəndi ilə Ermənistan arasında nəzarətsiz əlaqəni tam şəkildə nəzarətə alıb-almayacağı ilə bağlıdır.

Bu suala nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov belə aydınlıq gətirib: “Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer ordumuzun tam nəzarəti altındadır.  Bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km. (hava xətti ilə) cənubda yeni tikilən yoldadır.

Bəziləri ekoaktivistlərin Şuşa yaxınlığında aksiya keçirdiyi yolu bu körpü ilə qarışdırırlar. Ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar var. Amma həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, bax bu körpünün Şuşa tərəfində təxminən 7-8 km məsafədə birləşir, Qərbi Zəngəzura yeganə mümkün keçid bu körpüdür. 

Körpü yaxınlığında NBM olması o deməkdir ki, bundan sonra heç bir erməni və ya başqa şəxs, heç bir nəqliyyat vasitəsi nəzarətdən kənar Qarabağa gələ və ya oradan gedə bilməz”.

Bundan sonra necə olacaq, sərhədə nəzarətin təmin olunması Qarabağdakı separatçı rejimin ləğv olunmasına gətirib çıxaracaqmı? Təbii ki, Azərbaycanın əsas hədəfi budur, amma regiondakı hazırkı şərait qısa müddətdə bu hədəfə nail olmağı çətinləşdirir.

Birincisi, Rusiya separatçı rejimin əsas dayağı olaraq qalmaqda davam edəcək. Çox güman ki, sülhməramlıların nəqliyyatı bu günə qədər olduğu kimi yoxlanılmadan Ermənistanla Qarabağ arasında rahat fəaliyyət göstərəcək. Erməni əhalinin əsas təminatı, habelə separatçı liderlərin bölgəyə giriş-çıxışını onlar təmin edəcək;

İkincisi, yəqin ki, Laçın yolunda ekoaktivistlərin aksiyası başa çatacaq, Qarabağdakı erməni əhali yeni qurulan sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Ermənistana və geri hərəkət edə biləcək. Onların təhlükəsizliyinə Azərbaycan təminat verir, amma onlar üçün daha önəmlisi Rusiya hərbçilərinin verdiyi təminatdır. Beləliklə, separatçıların iddia etdiyi blokada aradan qaldırılır və bu, Qərbi də qane edir. 

Üçüncüsü, Qarabağdakı erməni silahlı dəstələrinin təminatı kəsilir və bu olduqca vacib amildir. Azərbaycanın Qərb və Rusiya qarşısında qoyduğu tələblərdən biri bölgənin demilitarzasiyasının həyata keçirilməsidir. Bunu Vaşinqton və Brüssel də dəstəkləyir. Yəqin ki, bu istiqamətdə danışıqlar başlayacaq, “ordunun” ağır silahlarının Qarabağdan çıxarılması, yerdə qalan kontingentin yüngül silahlı “polis” və s. adlandırılması mümkündür.

Nəticə olaraq qeyd edək ki, proseslərin gedişi Qarabağdakı separatçı rejimin ləğv olunması, yerli ermənilərin yeni rəhbərlik seçərək Bakı ilə danışıqlara başlamasını qaçılmaz edir. Amma bu, kifayət qədər zaman alacaq, çünki Rusiyanın maraqları hərbi xuntanın məhv edilməsinə qarşıdır, Moskva bölgəni nəzarətdə saxlamaq üçün özünə bağlı qüvvələrin ayaqda qalmasına çalışacaq. Hər şey Rusiya-Ukrayna müharibəsinin yaxınlaşmaqda olan nəticələrinə bağlıdır. Kremlin məğlubiyyəti Qarabağın Azərbaycanın suverenliyinə qayıtmasına, sülhməramlıların bölgəni tərk etməsinə gətirib çıxaracaq. Amma bu o demək deyil ki, regionda aktivləşən Qərb Qarabağı öz nəzarətindən kənar qoymaq istəyir. Brüsseldə Ermənistana daha 300 müşahidəçinin göndərilməsi ilə bağlı müzakirələr başlayıb. Ehtimal etmək olar ki, ümumi sayı 400-ə çatacaq Aİ missiyası gələcəkdə Rusiya sülhməramlılarını Qarabağda əvəzləmək üçün hazırlanır…

Turqut