Logo
news content
User
Kateqoriyalar

Analitika

Qaz olub uçan ümidlər
Ərdoğan-Putin dostluğunun acı sonu?

Rusiyanın Türkiyədə qurmağa hazırlaşdığı, Ərdoğanın da böyük ümidlə gözlədiyi qaz habının quraşdırılması baş tutmayacaq. Bunu Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

“Rusiya-Afrika” sammitindən sonra mətbuat konfransı keçirən Putin vaxtilə hər iki tərəfin bəh-bəhlə bütün dünyaya elan etdiyi “Türkiyədə qaz habı” məsələsinə aydınlıq gətirərək, bu habın yaradılmasının Türkiyə ərazisində əlavə qaz kəmərlərinin tikilməsini nəzərdə tutmadığını bildirib: “Bəli, qaz habı məsələsi gündəlikdə qalır. Amma istəyirəm ki, hamı bilsin: bu, neft, neft anbarları deyil, qazdır. Biz və türkiyəli dostlarımız bunu bilirik. Söhbət elektron ticarət meydançasının qurulmasından gedir. Biz orada böyük həcmdə qaz saxlamaq niyyətində deyilik”.

Putinin niyə birdən-birə fikrini dəyişməsi böyük maraq doğurur. Axı heç bir il deyil ki, Rusiya prezidenti tamamilə başqa layihə barəsində danışırdı. Ötən ilin sentyabrın 26-da “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayışdan sonra Rusiyada hasil edilən və artıq satılması mümkün olmayan qazın Türkiyəyə ötürülməsi üçün nəhəng layihələr qurulurdu. Putin 2022-ci ilin oktyabrında keçirilən “Rusiya enerji həftəsi” forumunda Rusiya qazını Qara dəniz vasitəsilə Türkiyəyə göndərmək və orada nəhəng qaz habı yaratmaq planını açıqlamışdı.

Putinin bir gün sonra Astana sammitində planını Rəcəb Tayyib Ərdoğana təklif etməsi və sonuncunun da bu məsələyə isti münasibət bəsləməsi hamını xatirindədir. Ərdoğan, artıq qaz habının yaradılması barədə razılıq əldə olunduğunu və bunun “Avropaya ən böyük qaz nəqli mərkəzi” olacağını bildirmişdi.

Bu gün Putin Türkiyəyə əlavə qaz kəməri çəkilməyəcəyini deyir. Amma hamı onu da xatırlayır ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak qaz habı yaradıldıqdan sonra Avropaya illik 63 milyard kubmetr qaz ötürülməsi imkanları barədə danışaraq, hazırkı “Türk axını” və “Mavi axın” kəmərlərinin bu həcmin öhdəsindən gələ bilməyəcəklərini bildirmişdi. 

İndi isə Türkiyəyə, kiçik bir ofisdən idarə ediləcək “qaz alveri üzrə vasitəçi” rolu ayrılır. Putin, Rusiyanın əsas gəlirini təşkil edən sahələrdən birini rəsmi Ankaranın ümidinə bağlamaq niyyətindən imtina edib. Bəs onun bu qəfil qərarına nə səbəb olub?

Öncə qeyd edək ki, iki ölkənin liderinin münasibətlərinin soyuqlaşması heç kimə sirr deyil. Hətta iş o yerə çatıb ki, Ərdoğan və Putin arasında telefon danışığını təşkil etmək müşkülə çevrilib. Türkiyə tərəfi əminliklə avqustda Putinin Ankaraya səfərinin planlaşdırıldığını, iki ölkənin lideri arasında telefon danışığı olacağını desə də, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir neçə dəfə Putinin Ərdoğanla telefon danışığının nəzərdə tutulmadığını deyib. Putinin Türkiyə səfəri də müəmma olaraq qalır...

Hələ cəmi bir neçə ay əvvəl aralarından su sızmayan iki ölkə liderinin arasında yaşanan soyuqluq isə Türkiyə prezidentinin son zamanlar tutduğu mövqe ilə bağlıdır. Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenskini ölkəsində böyük təmtəraqla qarşılaması, bu ölkəyə, eləcə də İsveçə NATO üzvlüyü sözü verməsi, “Azov” liderlərinin Kiyevə qaytarılması, “Bayraktar” zavodunun tikintisinin genişləndirilməsi, Ukraynaya silahlar, o cümlədən “Fırtına” özüyeriyən artilleriya qurğularının, “Kirpi” zirehli texnikasının verilməsi, nəhayət, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi ilə bağlı xəbərdarlığı bu münasibətləri gərginləşdirib. Elə bu səbəbdən də, hamının ümidlə gözünü dikdiyi, Rusiya və Türkiyə arasında həll edilməsi mümkün sayılan “taxıl sazişi”ni də danışıqlar masasına gətirmək mümkün olmur.

Fərqli situasiya yaranıb. Ərdoğan Putin üçün “sözünün üstündə duran əsl kişi”dən, düşmən NATO-nun üzvü və Rusiyanın bölgədə əbədi rəqibi olan Türkiyə liderinə çevrilib.

Böyük hab nağılı isə... qaza çevrilərək, yox oldu.

Press Klub