Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarşıdurma başa çatdı, qardaşlıq qalib gəldi! Gəldimi?
Ərdoğan iki dövlətin arasını vurmaq istəyənlərin planının pozulduğunu bəyan edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qırılmaz qardaşlıq bağlarına, ortaq tarixə və həmrəyliyə əsaslanır, iki ölkə arasında nifaq salmaq cəhdləri isə uğursuzluğa məhkumdur.

Türkiyə mətbuatının məlumatına görə, Ərdoğan bunu Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirakdan sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Türkiyə lideri xatırladıb ki, ötən il Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak edib, bu dəfə isə Türkiyə Azərbaycanla həmrəyliyini Şuşada bir daha nümayiş etdirib.

Ərdoğanın sözlərinə görə, səfər zamanı iki ölkənin birliyi və həmrəyliyi ilə bağlı qətiyyətli mesajlar verilib. O, Xocalı qətliamının qurbanlarının xatirəsini yad etdiyini və Xankəndiyə səfər etdiyini də bildirib.

“Türkiyə və Azərbaycan qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkədir. Nifaq salmağa çalışan qüvvələrin cəhdlərinə baxmayaraq, biz ilk növbədə energetika, nəqliyyat və infrastruktur olmaqla, bir çox strateji sahələrdə meqa layihələri həyata keçirməklə əməkdaşlığımızı daha da möhkəmləndirmişik. Ümid edirəm ki, atacağımız yeni addımlarla həmrəyliyimizi daha da gücləndirəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan İlham Əliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin və regionda baş verən son hadisələrin müzakirə olunduğunu qeyd edib.

O, Qarabağda genişmiqyaslı bərpa və inkişaf işlərinə də toxunub. Türkiyə liderinin sözlərinə görə, Ankara həm bölgənin işğaldan azad edilməsi, həm də sonrakı inkişafı mərhələsində Qarabağa hərtərəfli dəstək göstərir.

Ərdoğan Qarabağda Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik təsərrüfatının yaradılmasından məmnunluğunu xüsusilə olaraq qeyd edib. Bundan başqa, gələn il 40 sinif otağı, iki laboratoriya və kitabxanadan ibarət məktəbin açılmasının planlaşdırıldığını bildirib.

“Türkiyə və Azərbaycan həm sevincdə, həm də kədərdə qəlbən və ruhən bir olan, bütün çətinlikləri birlikdə dəf edən iki qardaş dövlətdir. Allahın köməyi ilə heç kim xoş münasibətlərimizə, həmrəyliyimizə və qardaşlığımıza kölgə sala bilməyəcək”, – o, vurğulayıb.

Son vaxtlar Ankara ilə Bakı arasındakı münasibətlər ətrafında yayılan fərziyyələr və iki ölkə arasında nifaq salmaq cəhdləri barədə jurnalistlərin sualını cavablandıran Ərdoğan İlham Əliyevlə görüş zamanı səmimi şəkildə qucaqlaşdıqlarını və bir-birləri üçün darıxdıqları müddətin əvəzini çıxardıqlarını bildirib.

“Qardaşım İlham Əliyevlə səmimi şəkildə qucaqlaşdıq, bir-birimiz üçün darıxdığımız ayrılığın əvəzini çıxdıq. Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar mənasız işlə məşğuldurlar. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale birliyi və qardaşlıq münasibətləri mövcuddur”, – Prezident bildirib.

O əlavə edib ki, Türkiyə və Azərbaycan digər türk xalqları ilə birlikdə türk dünyasının regionda və beynəlxalq arenada mövqelərini bundan sonra da möhkəmləndirmək, eləcə də rifah dolu gələcəyi birgə qurmaq niyyətindədir.

Ərdoğanın sözlərinə görə, iki ölkəni bir-birindən uzaqlaşdırmağa çalışanlar xalqlar arasındakı tarixi əlaqələri, qarşılıqlı bağlılığı və sarsılmaz iradəni nəzərə almırlar. O, Türkiyə ilə Azərbaycanın regionda sülhün, sabitliyin və rifahın təmin olunması naminə birgə fəaliyyətlərini davam etdirəcəklərinə əminliyini ifadə edib.

Türkiyə-Azərbaycan qardaşlığını pozmaq cəhdlərinə necə qarşı çıxmaq və türk dünyasına, eləcə də Azərbaycan xalqına hansı mesajı çatdırmaq istədiyi barədə sualı cavablandıran Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və digər türk dövlətləri arasında sıx əməkdaşlıq bəzi qüvvələri narahat edir.

O qeyd edib ki, tarix bu ölkələrin birlikdə hərəkət etdikləri zaman hansı nəticələrə nail ola biləcəklərini göstərir. Dövlət və institusional quruluşlarındakı fərqlərə baxmayaraq, onları ortaq tarix, mədəniyyət və qardaşlıq münasibətləri birləşdirir.

Türkiyə lideri xəbərdarlıq edib ki, bu birliyi birbaşa poza bilməyənlər müxtəlif təxribatlar vasitəsilə onu sarsıtmağa cəhd göstərə bilərlər.

“Belə oyunlar qarşısında diqqətli və ayıq-sayıq olmaq xüsusilə vacibdir. Dezinformasiyaya inanmamalı, hər bir məsələ ilə bağlı birbaşa, səmimi və açıq kommunikasiya kanallarını dəstəkləməliyik”, – Ərdoğan vurğulayıb.

O, həmçinin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitindəki çıxışını xatırladıb. Həmin çıxışında Ərdoğan türk dünyasının ailə fotosunda parçalanmaya, fikir ayrılıqlarına və münaqişələrə yer olmadığını bildirmişdi.

“Hamımız birik, birlikdəyik. Zamanın başlanğıcından sonsuzluğa qədər, Allahın köməyi ilə qardaş olaraq qalacağıq. Çünki bizə parçalanma deyil, birlik və həmrəylik yaraşır”, – Türkiyə Prezidenti fikrini yekunlaşdırıb.

Bəs, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdəki soyuqluğun və fikir ayrılıqlarının artıq geridə qaldığına əmin olmaq olarmı? Yoxsa rəsmi Bakı ilə Ankara arasında münasibətlər heç vaxt əvvəlkindən daha yaxın səviyyəyə yüksəlməyəcək?

Türkiyənin ali rəhbərliyinin Şuşa və Xankəndiyə səfərinin əhəmiyyəti nədən ibarətdir? Bu səfər Qafqazda qüvvələr balansını hansısa şəkildə möhkəmləndirir?

İnformasiya manipulyasiyaları və dezinformasiya şəraitində birbaşa və açıq kommunikasiya kanallarının inkişaf etdirilməsi çağırışı hansı daxili və xarici risklərin aradan qaldırılmasına yönəlib?

İki ölkənin dövlət və institusional quruluşlarındakı fərqlər nə üçün kənar qüvvələrin təxribatlar törətməyə cəhd göstərə biləcəyi potensial zəiflik kimi qiymətləndirilir?

Türk dövlətlərinin həmrəyliyi kimin geosiyasi və ya iqtisadi maraqlarına toxunur və bu proses nə üçün kənar aktorları narahat edir?

Pressklub.az-ın suallarını tanınmış rusiyalı politoloq, “Poistine” portalının baş redaktoru Ruslan Aysin cavablandırıb.

Onun fikrincə, istənilən qarşılıqlı əlaqə və yaxınlaşma, xüsusilə də tərəflərin bir-birinə doğru sürətlə irəlilədiyi halda qaçılmaz olaraq çətinliklərlə üzləşir.

“Bu, fizika qanunudur və bundan yayınmaq mümkün deyil. Türk dövlətləri arasındakı münasibətlərdə də belə inkişaf çətinlikləri özünü göstərib, bu da təbii prosesdir. Bunu dərk etmək, ən optimal şəkildə aradan qaldırmaq, müəyyən nəticələr çıxarmaq və irəliyə doğru hərəkət etmək lazımdır. Burada qeyri-adi heç nə yoxdur. Məsələn, ailə quran gəncləri götürək: bir-birlərinə uyğunlaşma prosesində onlar arasında anlaşılmazlıqlar, hətta münaqişələr də yaranır. Lakin ümumi məqsəd və sevgi bu problemləri aradan qaldırır.

Buna görə də münasibətlər qarşılıqlı iddiaları müəyyənləşdirmək və inkişaf etdirilməli olan ortaq məqamları tapmaqla yeni keyfiyyət mərhələsinə keçməlidir. İctimaiyyət, alimlər və dövlət strukturları səviyyəsində institusional əlaqələri inkişaf etdirmək lazımdır. Bu, birləşməyə və bir-birinə inteqrasiyaya yönəlmiş çoxşaxəli fəaliyyət olmalıdır”, – alim hesab edir.

O, qeyd edir ki, türk dövlətlərinin və xalqlarının birləşməsini istəməyən xarici qüvvələr də var.

“Bunlar Moskva, müəyyən dərəcədə Çin və ola bilsin ki, bunu özü üçün geosiyasi və geoiqtisadi təhdid kimi görən İrandır. Təbii ki, heç kim yaxınlığında güclü rəqibin olmasını istəmir. Buna görə də xarici qüvvələr maneələr yaratmağa və təxribatlara əl atmağa çalışırlar. Bu, tamamilə təbii prosesdir. Sadəcə, bunu anlamaq və ona qarşı mübarizə aparmaq lazımdır.

Hər bir halda, Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq nəhəng tarixi əhəmiyyətə malikdir. Bu tərəfdaşlıq həm Qafqaz regionunda, həm də ön Asiyada yeni reallıq yaradır”, – Aysin fikrini yekunlaşdırır.

Rauf Orucov