Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağın erməni əhalisinin taleyi necə olacaq? 
Ekspert proqnoz verdi: Köç, 20 faiz əhali və qaçılmaz böyük müharibə...

Azərbaycanın separatçı əraziyə nəzarəti bərpa etmək və üç onillikdir davam edən münaqişəyə son qoymaq məqsədi ilə başladığı əməliyyatdan sonra Qarabağın etnik erməni sakinləri bazar günündən etibarən ərazini tərk etməyə başlayıblar. Bu barədə France-Presse agentliyi yazır. 

Ötən həftə keçirilən ildırım sürətli əməliyyat tarixi geosiyasi dəyişikliyin əsasını qoya bilər: Azərbaycan separatçılara qalib gəlir və Ermənistan ənənəvi müttəfiqi Rusiyadan açıq şəkildə uzaqlaşmağa başlayır.

Onlarla insandan ibarət ilk qrup sərhədi keçərək Ermənistan ərazisindəki Kornidzorda rəsmi qeydiyyatdan keçəndən sonra Qarabağın Böyük Qaladərəsi kəndindən çıxan otuz yaşlarında bir kişi FP-yə bildirib: "Dünən silahlarımızı yerə qoymalı olduq. Ona görə də gedirik". 

Sərhədi keçənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Onların arasında Azərbaycanın anti-terror əməliyyatına başlamasından sonra yaxın ərazilərdən çıxaraq Rusiya sülhməramlı bazasının ətrafına sığınanlar da var.

Separatçıların liderləri bildirirlər ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan rəsmiləri ilə Qarabağda olan 120 minə yaxın etnik erməninin taleyi ilə bağlı danışıqlar aparırlar. Bir çoxları doqquz aylıq “blokada” zamanı ərzaq, su və elektrik enerjisi çatışmazlığı ilə üzləşib (dırnaq işarələri bizə məxsusdur - red.).

Sərhəddə dram yaşandığı bir zamanda Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətə görə etiraz aksiyalarının obyektinə çevrilib və o, məsuliyyəti Ermənistanın çoxdankı müttəfiqi olan Rusiyanın üzərinə atmağa çalışaraq, ölkələr arasında təhlükəsizlik müqaviləsinin pozulduğuna işarə edib.

Ermənistan lideri milli televiziya vasitəsilə verdiyi açıqlamada Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), eləcə də Moskva ilə İrəvan arasında hərbi-siyasi əməkdaşlığın ölkəni müdafiə etmək üçün “yetərli olmadığını” və yeni ittifaqlar axtaracağını bildirib.

Hazırda Rusiya sülhməramlıları Qarabağda separatçıları tərksilah etməkdə Azərbaycana kömək edirlər.

Paşinyan bəyan edib ki, Ermənistan Ukraynadakı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə bağlı müqaviləni ratifikasiya etməlidir.

Ermənistan onu da açıqlayıb ki, Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi İcmasının sammitində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts kimi Aİ liderləri ilə bir yerdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

ABŞ dövlət katibi Antoni Blinken şənbə günü telefon danışığı zamanı Paşinyana deyib ki, Vaşinqton Qarabağdakı etnik ermənilərlə bağlı “dərin narahatlıq” keçirir.

Amma xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı bildirib: “Azərbaycan Qarabağ bölgəsində yaşayan etnik erməniləri bərabər hüquqlu vətəndaşlar kimi yenidən inteqrasiya etməkdə qərarlıdır”.

Beləliklə, bu gün hansı şərait yaranıb? Bir tərəfdən qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah edilməsi prosesi davam edir. Digər tərəfdən, “Artsax Müdafiə Ordusunun” keçmiş silahlıları və Azərbaycanın nəzarətindəki Qarabağda yaşamaq istəməyən mülki şəxslər Ermənistana getməyə başlayıblar. “DQR”in “hökumət”, “parlament” və digər qeyri-qanuni strukturlarının buraxılması məsələsi qalır. Bunun baş verəcəyinə şübhə yoxdur. Bəs bundan sonra nə olacaq? “DQR prezidentinin müşaviri”, yaxın keçmişdə isə “DQR Xarici İşlər Nazirliyinin rəhbəri” olan David Babayan bazar günü bildirib ki, Qarabağın erməni sakinlərinin 99,9%-i Ermənistana getmək istəyir. Əgər belədirsə, bu cür bir vəziyyət Azərbaycanın maraqlarına uyğundurmu? Bu, “soyqırım”, “etnik təmizləmə” və s. bu kimi ittihamların yeni dalğasına səbəb olmayacaqmı? Və əgər demək olar ki, hamı gedirsə, o zaman Qarabağda rus sülhməramlıları niyə lazım olacaq? Amma Üçtərəfli Bəyanata görə, onlar 2025-ci ilin payızına qədər orada qalmalıdırlar.

old.pressklub.az-ın suallarını cavablandıran müstəqil analitik Rəşad Rzaquliyevin sözlərinə görə, rəsmi İrəvan və bütün Ermənistan cəmiyyəti başa düşmək mərhələsindədir ki, Azərbaycan prezident İlham Əliyevin bəyan etdiyi tamamilə hər şeyi gerçəkləşdirməyə və həyata keçirməyə meyllidir. Və Azərbaycan üçün ən sərfəli bir şəkildə. Qarabağ uğrunda son hərbi-diplomatik döyüş bunun əyani təsdiqidir.

Azərbaycan qısa zamanda Cənubi Qafqazda regional liderə çevrildi və özünü təsdiq etdi. Və o, Böyük Yaxın Şərqdə və ümumiyyətlə bütün Avrasiya qitəsində nüfuzlu dövlətlərindən biri olmaq ambisiyalarına və imkanlarına malikdir.

Qarabağın erməni sakinlərinin taleyinə gəlincə, bunu proqnozlaşdırmaq olar... Mən bu məsələdə optimistəm. Əhalinin ən azı 20 faizi qalıb Azərbaycan vətəndaşlığını alacaq. Bu, etnik qrupun ən ağlabatan hissəsi olacaq, onlar ləyaqətlərini, əmlaklarını və sosial perspektivlərini qoruyub saxlayaraq, Azərbaycandakı xalqların və millətlərin ailəsinə qoşulmaq üçün əla imkana əldə edəcəklər. Əminəm ki, Azərbaycanın sosial-iqtisadi inkişaf proqramı orada üzə çıxmağa başlayan kimi, sabit, dinc həyat tərzi bərqərar olan kimi bu regionda “soyqırım” isterikası səngiəcək”, - politoloq qeyd edib.

O, hesab edir ki, qlobal siyasi vəziyyət də bizim üçün uğurlu şəkildə formalaşır. “Azərbaycanın bəzi nüfuzlu düşmənləri dünyanın digər regionlarında öz reputasiyalarını və gələcəklərini xilas etmək üçün başqa layihələrə keçiblər. Məsələn, burada Makron nümunəsini göstərək. O və ölkəsi Afrikada onlara vurulan geosiyasi yaraları uzun müddət  sağaldacaqlar... Bob Menendes kimi digər kiçik oyunçular “mənbəyi məlum olmayan gəlirə” görə ABŞ məhkəməsi qarşısında cavab verəcəklər...

Rusiya sülhməramlı kontingenti çox güman ki, səlahiyyət müddətinin sonuna qədər - 2025-ci ilin payızına qədər qalacaq. Onlar Azərbaycanın və Qarabağın etnik erməni əhalisinin minnətdarlığını alaraq sağ-salamat buradan gedəcəklər.

Beynəlxalq kontekstdə hər şey kifayət qədər mürəkkəb olacaq. Ən azından ona görə ki, Böyük Yaxın Şərq regionu ciddi geosiyasi qüvvələr arasında mübarizə zonasında yerləşir. Bu bölgədə müharibə qaçılmazdır. Amma bu başqa söhbətin mövzusudur”, - deyə Rzaquliyev yekunlaşdırıb.

Rauf Orucov