Qarabağdan Yeni Kaledoniyaya aparan yol
Ekspert: “Güman edirəm ki, Azərbaycan qərarı təkbaşına qəbul etdmir”
24 May 2024
Fransa hökuməti ötən həftə iğtişaşların başladığı Yeni Kaledoniyaya qoşun yeridib. Ölkənin daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarlarını dəstəkləməkdə ittiham edib. Fransanın xüsusi xidmət orqanlarındakı bəzi mənbələr baş verənlərdə Rusiyanın da əli olduğundan danışırlar.
Fransa prezidenti Emmanuel Makron bölgədə fövqəladə vəziyyət elan edib və hakimiyyətin istənilən zorakılıq təzahürlərinə sərt reaksiya verəcəyini bildirib. Hakimiyyət Yeni Kaledoniyada komendant saatı tətbiq edib və TikTok sosial şəbəkəsini qadağan edib.
Yeni Kaledoniyada iğtişaşlar Fransa parlamentinin regional qanunverici orqana seçkilər barədə qanuna düzəlişlər etməsindən sonra başlayıb. Bu düzəliş son 10 ildə Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşlarına səsvermə hüququ verir.
Bu, Yeni Kaledoniyanın yerli əhalisi olan kanakların qəzəbinə səbəb olub. Onlar əraziyə yeni köçən fransız seçicilərin payının kəskin artması ilə yerli əhalinin siyasi təsirinin azalacağından qorxurlar.
Fransa parlamentinin qərarından sonra başlayan iğtişaşlar nəticəsində azı 4 nəfər, o cümlədən 3 kanak və 1 polis əməkdaşı güllə yarasından dünyasını dəyişib.
Yerli sakinlər paytaxt Numeada dükanları sındırıb, dövlət idarələrini yandırıblar....