Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağdan olan qarabağlı ermənilər – onlar kimdirlər?
Ermənistanın beynəlxalq qanunları tapdaq altına atması çıxılmaz vəziyyət yaradıb

Azərbaycan ərazisini birdəfəlik tərk edən etnik ermənilər hansı beynəlxalq terminlə qeyd edilməlidirlər? Onları hansı statusda qəbul etmək lazımdır? 

Ciddi şəkildə düşünsək, bunun asan sual olmadığını görərik. SSRİ-i dağılanda bu insanlar (sonradan gəlmələr deyil, onların Qarabağda yaşayan hissəsi) Azərbaycan SSR-in ərazisində yaşayırdılar və müvafiq olaraq bütün digər yerli sakinlər kimi avtomatik olaraq Azərbaycan Respublikasının vətəndaşı oldular. Lakin sonradan onların hamısı Ermənistan Respublikasının pasportlarını aldılar və artıq bu ölkənin vətəndaşları kimi işləmək, oxumaq və s. üçün xaricə getmək imkanları var idi. Amma indi vəziyyət dəyişib, onlar könüllü olaraq Azərbaycanın Qarabağ bölgəsini tərk ediblər. İndi sual yaranır - bundan sonra onlar hansı beynəlxalq terminlə qeyd edilməlidirlər? Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan onlara münasibətdə “məcburi köçkün” anlayışından istifadə edir. Amma bu termin də düzgün deyil: çünki onlar eyni dövlət daxilində köç etməyiblər. Digər tərəfdən, bu köçü məcburi adlandırmaq da mümkün deyil - axı, heç kim onları Azərbaycanı tərk etməyə məcbur etməyib.

Paşinyan oktyabrın 2-də verdiyi açıqlama zamanı deyib:

“Biz Dağlıq Qarabağdan məcburi köçkün düşmüş qardaş və bacılarımızın yaşayış xərclərini dəstəkləmək üçün proqrama başlayırıq.

Hər bir ailənin yaşayış xərclərini ödəmək üçün adambaşına ayda 40.000 dram, bütün kommunal xərclər üçün adambaşına daha 10.000 dram ayrılacaq. Bu proqram oktyabrın 1-də başlayacaq və ən azı 6 ay davam edəcək. Bu proqramın benefisiarları yaşından asılı olmayaraq bütün məcburi köçkünlər olacaqlar.

Ermənistan Respublikasında mənzili olan ailələr, həmçinin xüsusi mərkəzlərdə olan və kirayə mənzil tutmaq imkanı olmayan insanlar istisnadır. Bundan əvvəl də bildirildiyi kimi, gələn həftə hər bir məcburi köçkünə 100 min dram məbləğində birdəfəlik ödəmə verilməsinə başlanılacaq. 

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş qardaş və bacılarımızın problemləri bundan sonra da daim diqqətimizdə olacaq”.

Ermənistanın “İnfotek24” saytı isə yazır:

“Deməli, Artsaxda artıq erməni əhalisi yoxdur. Növbədə nədir? Hüquqi baxımdan onlar kimlərdir? Bəli, onlar bizim qardaş və bacılarımızdır, mənşəcə ermənidirlər. Onların əlində Ermənistan Respublikasının pasportu var. Amma onlar Ermənistan vətəndaşı deyillər. Dağlıq Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” kimi tanınır.

Bu o deməkdir ki, 2020-ci il sentyabrın 27-dən indiyədək 150 min (!) erməni əsilli insan Azərbaycandan Ermənistana gəlib. Ermənistan öz qardaş və bacılarına sığınacaq verib. Onlar qaçqındırlar. 150 ​​min erməninin 26 il ərzində de-fakto müstəqil dövlət ərazisində yaşaması heç bir halda onların beynəlxalq statusunu müəyyənləşdirmir. Onlar müharibə şəraitində qırğınlardan, soyqırımlardan qorxaraq torpaqlarını, evlərini tərk ediblər. İstər 44 günlük müharibə zamanı, istərsə də sonuncu təcavüz zamanı Bakı tərəfindən qoşunların dinc yaşayış məntəqələrinə girməyəcəyi, dinc əhaliyə qarşı qanlı qırğınlar törətməyəcəyi ilə bağlı bir dəfə də olsun rəsmi açıqlama verilməyib.

Azərbaycan Prezidentinin erməni əhalisinə təhlükəsizliyin təminatları və hüquqların qorunması ilə bağlı müraciəti olmayıb. Son terrorçu müharibədən əvvəl 9 aylıq sərt blokada da onu göstərir ki, Əliyev rejimi bir məqsəd güdüb - Dağlıq Qarabağın bütün ermənilərini deportasiya etmək.

Bundan hansı nəticə çıxır? Ermənistan öz ərazisində 150 ​​min erməni əsilli Azərbaycan vətəndaşına sığınacaq verib.

KİV-dəki materiallardan da göründüyü kimi, Bakı bizim emosiyaya qapılacağımıza arxalanır. Biz bu hiylələrə uymamalıyıq: Ermənistanda müvəqqəti sığınacaq tapmış erməni əsilli Azərbaycan vətəndaşları öz torpaqlarına, evlərinə qayıtmaq, mülkiyyət hüquqlarını bərpa etmək əzmindədirlər. Bu proses nə qədər vaxt aparacaq? Ümumilikdə götürəndə, bunun böyük əhəmiyyəti yoxdur. Ən əsası, beynəlxalq səviyyədə 150 min nəfərin qaçqın statusunun tanınmasına nail olmaqdır. Yaxud, Bakı müvəqqəti yaşayış yerindən asılı olmayaraq onları öz vətəndaşı kimi tanımalıdır.

Amma bundan əvvəl Ermənistan hökuməti rəsmi açıqlama verməlidir ki, 2020-ci il sentyabrın 27-dən etibarən 150 min Azərbaycan vətəndaşını öz ərazisində qəbul edib və onlara sığınacaq verib”.

Ortada maraqlı vəziyyət yaranır. Robert Katler müəyyən edilmiş beynəlxalq təriflərə əsaslanaraq, Tomas de Vaalın Qarabağı tərk edən ermənilərin qaçqın kimi təsnif edilməsi ilə bağlı bəyanatına cavabında onların statusuna aydınlıq gətirib:

“Qarabağda yaşayan ermənilər heç vaxt Azərbaycan vətəndaşı olmayıblar və Azərbaycan Respublikasının yurisdiksiyası altında yaşamayıblar. Müvafiq olaraq, onlar məcburi köçkünlər təsnifatına uyğun gəlmirlər.

Bu insanlar faktiki olaraq pasportları olan ölkəyə, daha doğrusu Ermənistana qayıdırlar. Ona görə də onlar qaçqın kimi də tanınma meyarlarına cavab vermirlər”.

Dr. Robert M. Katler Ottavadakı Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş elmi işçisidir. O, eyni zamanda Əlaqədarlıq və Yaranmanın Tədqiqi İnstitutunun (Boston) əməkdaşı və Yaxın Şərq və Körfəz Hərbi Araşdırmalar İnstitutunun (Dubay) qeyri-rezident əməkdaşıdır.

O zaman ortaya sual çıxır - Qarabağdan Ermənistan ərazisinə köçən və faktiki olaraq bu ölkənin vətəndaşı olan ermənilər Azərbaycan baxımından və beynəlxalq hüquq baxımından kim hesab edilməlidirlər?

Qısa haşiyə: məcburi köçkünlər hər hansı səbəbdən yaşadıqları və vətəndaşı olduqları ölkə ərazisində yaşayış yerlərini dəyişən şəxslərə deyilir. Qaçqın statusu isə vətəndaşı olduğu ölkədən başqa ölkəyə köç edənlərə verilir. 

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev old.pressklub.az-a verdiyi açıqlamada bildirib ki, bu məsələ Azərbaycan qanunvericiliyi baxımından deyil, ilk növbədə beynəlxalq ictimai hüquq və Ermənistan qanunvericiliyi baxımından araşdırılmalıdır.

Və burada belə bir faktla rastlaşırıq ki, problem daha çox Ermənistanın öz qanunvericiliyi ilə bağlıdır. Çünki onların qaçqınlar haqqında “daxildə yerlərini dəyişən şəxslər” terminini nəzərdə tutan qanunu var. Onların qanunvericiliyinə görə, bu yaxınlarda sərhədi keçərək Ermənistanda məskunlaşan şəxslər qaçqın deyillər. Çünki demək olar ki, onların hamısının bu ölkənin vətəndaş pasportları var. Amma həm də başqa dövlətin ərazisindən köçdükləri üçün məcburi köçkün deyillər. Bu qanunvericilik problemi və ziddiyyəti Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra yaranıb. Və onların qanunvericiliyində, məsələn, bizdə və bir çox başqa dövlətlərdən fərqli olaraq, “məcburi köçkün” termini yoxdur. Bu o deməkdir ki, Ermənistanın özündə də “DQR” beynəlxalq hüququn subyekti, ayrıca dövlət kimi tanınmayıb. Digər tərəfdən, Ermənistan Azərbaycanın Qarabağ torpaqlarını öz ərazisi hesab edirdi. Bu, Ermənistanın münaqişə ilə bağlı beynəlxalq-hüquq arqumentlərini daha da ağırlaşdırır”, - tanınmış hüquqşünas qeyd edir.

Fuad Ağayev bildirir ki, onların 30 ildən artıq müddətdən sonra Azərbaycan tərəfinin fikrini belə soruşmadan Qarabağda yaşayan erməni millətindən olan şəxslərə Azərbaycan vətəndaşlığı vermək qərarının özü də gülməlidir: “Yəni, belə çıxır ki, biz 150 min (ermənilərin iddia etdiyi yeni rəqəm – red.) Azərbaycan vətəndaşına öz ərazimizdə sığınacaq vermişik, lakin Bakı onların öz vətəndaşları olduğunu bu günə kimi bilməyib. Gülməlidir, başqa heç nə. Bu, onu deməyə əsas verir ki, bu insanların ümumiyyətlə vətəndaşlıq, fiziki şəxslərin mülki-hüquqi statusu, dövlət və vətəndaş arasında mülki-hüquq münasibətlər haqqında çox qeyri-müəyyən təsəvvürləri var”.

Qarabağdan Ermənistan ərazisinə köçmüş ermənilərin beynəlxalq hüquq nöqteyi-nəzərindən kim hesab edilməli olduğu sualına qayıdaraq qeyd edim ki, birincisi, bu, Azərbaycanın problemi deyil. İkincisi, bütün mürəkkəblik Ermənistan qanunvericiliyinin mükəmməl olmamasından irəli gəlir. Və nəhayət, üçüncüsü, İrəvan onları qaçqın hesab edə bilməz. Çünki onlarda Ermənistan vətəndaşlarının pasportları var. Həm də öz qanunvericiliyinə əsaslanaraq onları məcburi köçkün hesab edə bilməz. Təbii ki, mən bu hüquqi ziddiyyətin ortadan qaldırılması ilə bağlı Ermənistan Respublikasına tövsiyə verə bilərdim. Amma istəmirəm”, - deyə hüquqşünas yekunlaşdırıb.

Rauf Orucov