Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda kiminlə danışıq aparmalıyıq?
İlham Əliyev separatçıların rəhbərliyi ilə danışıq imkanından imtina edib

Prezident İlham Əliyev Qarabağ ermənilərindən separatçı strukturları ləğv etmək və Azərbaycan qanunlarına tabe olmağı tələb edib. Bu tələb yerinə yetirilərsə, qeyri-qanuni “respublikanın” vəzifəli şəxsləri amnistiyaya ümid edə bilərlər. Dövlət başçısı mayın 28-də Laçındakı yurduna qayıdan sakinlərin birinci qrupu qarşısında çıxış edən zaman belə bir mesaj göndərib.

Onun sözlərinə görə, Qarabağ regionunda yaşayan ermənilər aprelin 23-də Ermənistandan Qarabağa və əks istiqamətdə hərəkəti tam nəzarətə götürməyə imkan verən “Laçın” sərhəd-keçid məntəqəsinin quraşdırılmasından nəticə çıxarmalıdırlar.

“Təəssüf ki, onlar (Qarabağ erməniləri - R.O.) hələ də kiməsə ümid bəsləyir, kiminsə Azərbaycanla müharibə aparacağını, onları xilas edəcəyini gözləyirlər. Bütün bunlar cəfəngiyyatdır. Biz İkinci Qarabağ müharibəsi zamanı güclü iradə nümayiş etdirdik və o zaman heç kim kənardan müdaxilə etməyə cəsarət etmədisə, indi biz yenidən torpaqlarımıza sahib olandan sonra heç kim gəlib ermənilərin əvəzinə bizimlə vuruşmayacaq”, - Əliyev bildirib.

O, “miatsum” ideyasının da iflasa uğradığını vurğulayıb.

“Müstəqillik illüziyası da bizim İkinci Qarabağ müharibəsi zamanı lazımi yerə göndərdiyimiz statusun ardınca getdi”, - Əliyev deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin yalnız bir yolu var. “Azərbaycan qanunlarına tabe olmaq, ölkənin normal, sadiq vətəndaşı olmaq, saxta “dövlət” atributlarını zibilliyə ataraq “parlament”i buraxmaq”, - deyə Əliyev davam edib.

O, Qarabağ separatçılarının vəzifəli şəxslərinin məsuliyyətdən azad edilməsi şərtlərini də açıqlayıb.

“Hamı bilir ki, bizim bu regionda (Qarabağ) istənilən əməliyyatı həyata keçirmək üçün hər cür imkanımız var. Ona görə də separatçı “parlament” buraxılmalı, “prezident” deyilən ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrindən getməlidirlər. Yalnız bu halda vəziyyət yüngülləşə bilər, amnistiyadan danışmaq olar”, - Əliyev vurğulayıb.

Bu bəyanatdan məntiqi sual doğur – bəs Bakı bu halda Qarabağda danışıqları kiminlə aparacaq? Əvvəllər güman edilirdi ki, söhbət bu və ya digər şəkildə separatçı rəhbərliyi təmsil edən şəxslərdən gedir. “Təhlükəsizlik Şurasının katibi” Balasanyanın, “prezident” Arutyunyanın və ona tabe olan məmurların adları çəkilirdi. Əliyevin belə bir bəyanatından sonra onları kim əvəz edəcək? Bu insanlar necə seçiləcək? Axı rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir. Bu, beynəlxalq ictimaiyyətin müvafiq sorğularına cavab olaraq dəfələrlə müzakirə olunub.

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah Press Klubun suallarını cavablandırıb.

Onun sözlərinə görə, İlham Əliyevin Laçın şəhərinə qayıdanlarla görüşündə səsləndirdiyi fikirlər həqiqətən də problemin həllinə yanaşmada yeni mərhələdir.

“Əgər indiyə qədər aparılan danışıqların mövzusuna nəzər yetirsək, görərik ki, rəsmi Bakı Brüsseldə Ermənistanla danışıqlar zamanı Qarabağın keçmiş ərazisinin yerli erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi prinsipini qəbul etdiyini dəfələrlə bəyan edib. O, onlarla bu prinsip çərçivəsində danışıqlara hazır olduğunu bildirirdi. Ancaq son çıxışından görünür ki, İlham Əliyev onlarla dialoq haqqında deyil, Azərbaycanın şərtlərini diktə etmək haqqında düşünür. 44 günlük müharibədən sonra danışıqlar prosesinin müxtəlif formatlarına diqqət yetirsək, belə bir fərqi görə bilərik: Brüssel danışıqlarında sülhə olan ümidlər Moskvadakı danışıqlarda tez bir zamanda əks istiqamət alır. Bu baxımdan, Brüssel formatını sülh danışıqları, Moskva formatını isə “sülhdən geri çəkilmə” adlandırardım.

Bildiyiniz kimi, bu yaxınlarda Brüsseldə keçirilən danışıqlarda çox mühüm razılaşma əldə olundu. Ermənistan tərəfi keçmiş Dağlıq Qarabağın da daxil olduğu 86,6 kvadrat kilometr Azərbaycan ərazisini tanıdığını bəyan edib. Bu, son iki ildə aparılan danışıqların konkret uğurlu nəticəsidir. Elə bu razılaşma sayəsində həqiqətən düşünmək olar ki, tərəflər sülhə yaxınlaşıblar. Ancaq bir neçə gün əvvəl Moskvada Əliyevlə Paşinyan arasında növbəti qarşıdurma dialoqunun, yəni onların “sülhdən yayınma” davranışının şahidi olduq. 

İlham Əliyevin keçmiş Dağlıq Qarabağın separatçı rəhbərliyi ilə danışıqların qeyri-mümkün olması barədə bəyanatına və yerli ermənilərlə əslində necə və hansı formatda danışacağı sualına gəlincə, güman edirəm ki, İlham Əliyev yerli ermənilərlə danışmaq istəmir. O hesab edir ki, indiki təzyiq siyasəti erməniləri ərazini tərk etməyə sövq etməlidir. Ola bilsin ki, bu işi sürətləndirmək üçün hakimiyyət Xankəndi və ətraf ərazinin sakinlərinə qeyri-rəsmi şəkildə şirnikləndirici maliyyə təklifləri göndərib. Yəni İlham Əliyev problemi həll etmək üçün bu alətdən istifadə etməyi düşünür. Ona görə də mesaj verməyə çalışır ki, onların gələcəyi burada qeyri-müəyyəndir”, - ekspert hesab edir.

Rauf Orucov