Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda ikinci rus dövrü
Bütün iplər Kremlin əlindədir, Azərbaycan status-kvonu qəbul etmir, amma... 

Bu dəfə Xankəndidə qondarma “prezident seçkisi” əvvəlkilərdən tamamilə fərqli daxili, xarici gərginlik içərisində keçirildi. “Seçki” dedikdə əslində mahiyyət etibarı ilə bunu seçim adlandırmaq doğru deyil. Təkcə ona görə yox ki, beynəlxalq qanunlara görə separatçı rejimlərin keçirdiyi seçki qeyri-legitimdir, onun nəticələri qəbul olunmur. Həm də ona görə ki, Xankəndidə səhnələşdirilən teatrda yerli ermənilər sadəcə tamaşaçı rolunu oynayırdı. 

Bunu azərbaycanlı jurnalistlər və şərhçilərdən daha detallı elə separatçıların liderlərindən biri - Samvel Babayan deyir. Onun yaydığı bəyanatda bu ifadələr diqqət çəkir:

“Parlamentdə” təmsil olunan dörd fraksiya insan ləyaqətini, onun əsas hüquq və azadlıqlarını nəinki məhdudlaşdıran, hətta pozan siyasi-hüquqi şərait yaradır. “Artsax”da hakimiyyət xalqa məxsusdur, ona görə də respublika prezidentinin geniş kütlənin rəyindən yan keçərək seçilməsi konstitusiya quruluşuna qəsddir;

“Prezidenti” ermənilər seçməlidir, Qarabağdakı xarici təsir agentləri yox. Hazırkı daxili siyasi gərginlik üç xarici təsir agentindən ibarət qrupun fəaliyyətinin nəticəsidir. Bu qrupun məqsədi Xankəndidəki “hakimiyyəti” bölüşdürmək və Babayanı rəhbərliyə buraxmamaqdır.

Qeyd edək ki, Babayanın “partiyası” səsverməyə qatılmayıb, cəmi 22 “deputatın” səsi ilə, bu “vəzifə” Arutyunyanın “dövlət naziri” təyin etdiyi Samvel Şahramanyana verilib.

Beləliklə, Xankəndidəki “hakimiyyət” dəyişikliyini dinc və ictimai dəstəklə həyata keçirmək baş tutmadı. Daha dəqiq ifadə etsək, Azərbaycanın bölgədə yaratdığı vəziyyət qısa müddətdə rejim daxilinə sıçradı və qruplararası savaşa rəvac verdi. Daxili didişmələr hərbi xuntanın deqradasiyaya uğraması üçün vacib şərtdir, çünki proseslərdə onların subyektivliyi azalacaq. Bundan sonra onların səsi Ermənistanda, Qərbdəki erməni lobbisində və Rusiyada daha zəif eşidiləcək. Qondarma rejimin başında sivil dünya qaydalarını inkar edən radikal millətçilərin gəlməsi də bu qrupların sürətlə marginallaşmasına gətirib çıxaracaq.

Əlbəttə, separatçıların hamisi Rusiya belə atmosferdə özünü rahat hiss edir, bütün iplər onun əlindədir, üstəlik, düşmənçilik ab-havasının hökm sürməsi ən azı 2025-ci ilə qədər ona hava-su kimi lazımdır. Bu, Ermənistanla getdikcə kəskinləşən münasibətlərin fonunda Kremlin bölgədəki yeganə hərbi-siyasi mövcudluq imkanıdır. 

Rusiya onun zəifləməsinin qarşısını ala bilməz, amma mövcudluğunu hələ ki, təmin etmək iqtidarındadır. Ona görə də separatçılar Kremlin bir sözündən çıxa bilməz, bütün direktivləri yerinə yetirəcəklər. Bu gün onların yeni “prezidenti” Şahramanyan artıq Kremlin “humanitar böhran”la bağlı mövqeyini təkrarlayıb. Deyib ki, Laçın dəhlizi ilə yanaşı digər yollar da açılmalıdır. Onlar dəhlizə alternativ ola bilməz, bizim üçün vacib məsələ Ermənistanla əlaqənin təmin olunmasıdır. Şahramanyan onu da vurğulayıb ki, “Artsax”ın öz müqəddəratını təyin etmək hüququ beynəlxalq səviyyədə tanınmalıdır. Rusiya rəsmilərinin son bəyanatlarında bu ifadələrin hamısını bu və ya digər şəkildə görmək mümkündür. 

Bundan başqa, dünənə qədər Ağdam-Xankəndi yolunun açılmasına dirəniş göstərən radikallar Rusiyanın həmin yol vasitəsi ilə göndərdiyi 1 yük maşınını qəbul ediblər. Doğrudur, Azərbaycanın göndərdiyi 40 ton yük hələ də Əsgəran rayonunun girişində gözləyir, amma əsas məsələ Bakının tələb etdiyi yolun açılmasıdır. Şübhəsiz ki, qısa müddət sonra Laçın yolu da açılacaq. Rəsmi Bakı dəfələrlə Ağdam-Xankəndi yolunun açılmasından 24 saat sonra Laçın yolunu açmağa hazır olduğunu bəyan edib. Nəticədə yolda gözləyən erməni və fransız yükləri olan TIR-lar Azərbaycanın nəzarət-buraxılış məntəqəsini keçdikdən sonra Rusiya sülhməramlılarının müşayiəti altında Xankəndiyə çatdırılacaq. Beləliklə, Rusiya ermənilərin xilaskarı obrazını möhkəmləndirərək, bu kartdan Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı istifadə etməyə çalışacaq.   

Bəs Azərbaycan Qarabağda suverenliyini təmin etmək üçün nə edəcək? Rusiyanı neytrallaşdırmaq, hərbi xuntanı ləğv etmək üçün “yol xəritəsi” varmı?

Bu gün Xarici İşlər Nazirliyinin Qarabağdakı qondarma seçkilərlə bağlı bəyanatında diqqətçəkən mesajlar var, amma... 

“Qeyd edilən addım (seçkilər) Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir;

Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq;

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”. 

Bakı Qarabağda Rusiyanın yaratdığı və idarə etdiyini vəziyyətlə barışmadığını nümayiş etdirir, amma situasiyanı necə dəyişəcəyini açıqlamır. Deyəsən, müharibə ritorikası da yavaş-yavaş səngiyəcək...

Turqut