Qarabağ məsələsi dünyanın “ən vacib” masasında
Qüvvələr baş-başa durub, Azərbaycanla bağlı qətnamə gözlənilmir, amma...
15 Avqust 2023
Ermənistanın Qarabağ erməniləri ilə bağlı məsələni gərginləşdirməsi böhranın bu mərhələdə diplomatik müstəvidə həll imkanlarını sıfıra endirib. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın müraciəti əsasında Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı fövqəladə iclas keçirəcək. ABŞ-ın BMT-dəki missiyasının məlumatına görə, görüş günün ikinci yarısında baş tutacaq.
Ermənistan görüşə yüksək səviyyədə təmsil olunmaq qərarı verib və xarici işlər naziri Ararat Mirzoyan artıq iclasda iştirak etmək üçün Nyu-Yorka gedib.
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Markaryan bildirib ki, rəsmi İrəvan qlobal təhlükəsizliyin təmin edilməsi və kütləvi cinayətlərin, o cümlədən müharibə cinayətləri, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və soyqırımların qarşısının alınması üzrə əsas orqan kimi BMT Təhlükəsizlik Şurasının müdaxiləsini xahiş edir. Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktubda “Dağlıq Qarabağ xalqının” iyunun 15-dən etibarən “total blokada” şəraitində yaşadığı və humanitar fəlakət astanasında olduğu iddia olunur.
Ermənistan hökumətinin müraciətində Rusiya hərbçilərinin bölgədə fəaliyyətinin davam etdirilməsi də xüsusi ilə vurğulanır.
BMT TŞ bu müraciətlə bağlı hansı qərar çıxara bilər? Azərbaycana qarşı qətnamənin qəbulu mümkündürmü?
Bu suallara cavab tapmaq üçün mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, TŞ üzvlərinin regionda maraqları və tərəfdaşlıq münasibətlərinə aydınlıq gətirilməsinə ehtiyac var.
Qarabağda vəziyyətə dair 5 əsas dövlətin müzakirəsinin yekununda qətnamə, yaxud bəyanat qəbul edilməsi gözlənilir. Əvvəla, bunun üçün TŞ üzvlərinin bu məsələdə ortaq məxrəcə gəlməsi vacibdir. Əlbəttə, toplantıda Fransa Ermənistanın lobbiçiliyini edərək, qətnamə layihəsi təqdim edə bilər. O zaman ABŞ, Rusiya, Çin, Böyük Britaniyanın yanaşması əsas olacaq.
Rusiya münaqişə tərəfləri arasında və bölgədə əsas vasitəçi roluna iddia edir, onun Azərbaycanın əleyhinə hansısa qətnaməyə qoşulması mümkün görünmür. Amma Ermənistanın əleyhinə də çıxmayacaq. Rusiya nümayəndəsi özündə Laçın yolunun açılması, Qarabağda humanitar vəziyyətin sabitləşdirilməsini ehtiva edən bəyanata, çağırışa imza ata bilər.
ABŞ-ın siyasəti tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır, Vaşinqton bu məqsədlə hər iki tərəfə ardıcıl təzyiqlər edir. Azərbaycana qarşı qətnamə layihəsi Birləşmiş Ştatların formalaşdırmağa çalışdığı etimad mühitini dağıda bilər. Bir məqamı da vurğulayaq ki, Ermənistanın tələbləri sırasında Rusiya hərbçilərinin bölgədə qalması yer alıb, ABŞ heç bir halda bu reallığı BMT səviyyəsində legitimləşdirməyə razılaşmaz. Ona görə də, Vaşinqtonun belə bir addım atması inandırıcı deyil.
Böyük Britaniyaya gəldikdə, rəsmi London regionda Azərbaycan əsas iqtisadi və ticarət tərəfdaşıdır. Britaniya bu münasibətlərdən irəli gələrək hələ 44 günlük müharibə dövründə BMT TŞ-də Azərbaycana qarşı qətnaməni əngəlləmişdi. İki ölkə arasında siyasi, diplomatik, iqtisadi əlaqələr yüksələn xətt üzrə davam edir, ona görə Londonun fərqli münasibət sərgiləyəcəyi mümkün görünmür.
Çin təkcə Qarabağ münaqişəsi ilə bağlı deyil, əksər mübahisəli mövzularda bitərəfliyini qoruyub saxlamağa üstünlük verir. İndiki halda bu mövqenin dəyişməsi üçün fövqəlada yenilik baş verməyib.
Xatırladaq ki, BMT TŞ-da bütün qərarlar, qətnamələr yalnız yekdilliklə qəbul olunur. Yuxarıda təsvir olunan mənzərə TŞ üzvlərinin mövqeyində bu yekdilliyin olmadığını göstərir. Üstəlik, Laçın yolunda yaranmış vəziyyət Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarından kənara çıxmır. Ona görə də, Ermənistan ən yaxşı halda Laçın yolunun açılmasına dair bəyanata ümid edə bilər. Mövcud geosiyasi reallıqlarda bəyanatların hansı hüquqi, siyasi qüvvəyə malik olduğu haqda isə danışmağa dəyməz.
Beləliklə, əsas məsələ 17 avqustda nə baş verəcəyidir. Yəni, Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərə nə deyəcək. Azərbaycanla sülh danışıqlarının davam etdirilməsi, yoxsa, dayandırılması haqda qərar olacaq?
Paşinyan özü dəfələrlə bəyan edib ki, onun üçün strateji məsələ 29.8 min kvadrat kilometr ərazidə Ermənistanın müstəqilliyinin, suverenliyinin və təhülkəsizliyinin qorunub saxlanmasıdır. Bunun üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması lazımdır, çünki Bakı üzərinə beynəlxalq öhdəliklər götürəcək.
Əlbəttə, həm erməni lobisi, həm Qarabağ separatçıları, həm də Ermənistandakı raikal millətçilər Paşinyan hakimiyyətini Azərbaycana qarşı sərt mövqe tutmağa vadar etməyə çalışır. İndki halda nəticəsinin necə olmasından asılı olmayaraq, Paşinyan Laçın yolu problemini və Qarabağdakı vəziyyəti BMT TŞ səviyyəsinə qaldırmaqla özünə qarşı təzyiqləri neytrallaşdıra bilir. Yəni, “əlimdən gələni etdim, dünyada real vəziyyət bundan artdığına imkan vermir” bəyanatı ilə əsaslı müdafiə qura, sülh danışıqlarına qayıda bilər.
Bu mərhələdə Bakıdan verilən sərt bəyanatlar da müəyyən mənada Paşinyanın “köməyinə” gələ bilər. Rəsmi Bakı dünən bəyan edib ki, Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilmiş Ermənistan silahlı qüvvələri son həftələr ərzində hərbi mühəndislik işlərini və digər hərbi əməliyyatları gücləndirib. Azərbaycanla sərhədə çoxlu sayda silah, hərbi texnika cəmləşdirir.
Rəsmi İrəvan bu bəyanatı Azərbaycanın regionda vəziyyəti qızışdırmaq niyyəti ilə izah etsə də, aydın görünür ki, ona ünvanlanan mesajı alıb.
XİN-in bəyanatında deyilir: “Ermənistan hökuməti sülh gündəliyinə və danışıqlar zamanı əldə edilmiş razılaşmalara sadiqliyini bir daha təsdiqləyir və regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı olan beynəlxalq ictimaiyyətin bütün aktorlarını bütün vasitələrdən istifadə etməyə çağırır...”
Maraqlıdır, Paşinyanın yenidən Qərbin qurduğu masaya qayıtmasına Rusiya necə reaksiya verəcək? Azərbaycanla Laçın yolu məsələsində kompromis axtarılacaq, yoxsa, gərginlik artacaq? Bunu qarşıdakı günlərdə görəcəyik...
Turqut