Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qarabağ kimindir” sualının cavabı
“Artsax Ermənistandır” bəyanatından BMT tribunasında “Xankəndi”yə qədər

Səlim Əzizoğlu

Azərbaycan tarixinin yeni səhifəsini, yeni reallığı yaşayır. Eyforiyaya qapılmadan demək olar ki, təxminən 35 ilə yaxın ölkənin başı üzərində “Damokl qılıncı” kimi dayanan Qarabağ problemi həll olunub. 

Əlbəttə, ortada hələ tam həll edilməmiş detallar qalır. Qarabağın separatçılardan, Azərbaycan vətəndaşlığını qəbul etməyənlərdən tam təmizlənməsi, orada Azərbaycan bayrağının qaldırılması, Azərbaycan qanunlarının işləməsinə nail olmaq üçün bizi uzun yol gözləyir. Bu yol asan olmayacaq, hətta, nə qədər ağır səslənsə də, bu yolda yeni itkilərimiz ola bilər. Amma...

Amma Qarabağ problemi artıq həll olunub. Qarabağ probleminin həll olunduğunu təkcə biz demirik. Bu problemin həll oldunduğunu dünən BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan əleyhinə danışanlar, Azərbaycan əleyhinə iclas çağıranlar belə, etiraf etməyə məcbur idilər – “Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almırıq” deyərək. Başqa variantları qalmamışdı. Çünki onların barəsində danışdıqları “Dağlıq Qarabağ” (Qarabağla qarışdırmayın) daşımaq üçün qulpu olmayan ağır çantaya çevrilib. Qulpu qırıq çantanı daşımaq istəyərlərmi?

Qarabağ probleminin həll olunduğunu bu məsələdə tərəf olan Ermənistan da etiraf edir. Bunu ölkənin ən yüksək vəzifəsi sayılan Baş naziri postunu tutan Nikol Paşinyan da dilə gətirir. Təsəvvür edin, 30 il əvvəl Qarabağı işğal edən, 3 il əvvəl bu ərazi uğrunda gedən müharibədə açıq iştirak edən, itkilər verən, “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu dəfə kənarda dayanır. Azərbaycan Qarabağda separatçılara qarşı (erməni millətindən olan şəxslərə qarşı) anti-terror əməliyyatı aparır, Ermənistan isə “bizim işimiz deyil, biz qarışmırıq” deyərək, kənardan müşahidə edir. Yəni, Qarabağ atıq “Artsax” deyil?

Qarabağ probleminin həll olunduğunu Qarabağ erməniləri, separatçılar da etiraf etməyə məcbur olub. Dünənə kimi, “biz Artsax Respublikasıyıq, müstəqilik, Azərbaycanın tərkibində, türklərlə birgə yaşamarıq” deyənlər, bu gün boyunlarını bükərək, Bakının tələbi üzrə görüşmək üçün Yevlaxa kimi gəliblər. O Yevlaxa ki, bizi növbəti müharibədə oraya kimi “qovmaqla” hədələyirdilər. 

Təsəvvür edin, separatçılar silahı yerə qoymağa məcbur oldular, Qarabağda silahlı erməni qalmayacaq. Söhbət, Xankəndi ərazisində hələ də üzərində tapança, çiynində avtomat gəzdirənlərin görüntüsündən getmir. Əlbəttə, orada avtomatla gəzən şəxslər də var, onların da vaxtı çatacaq. Amma onlar artıq böyük təhlükə deyillər. Söhbət ağır silahlardan, tanklardan, toplardan, reaktiv atəş sistemlərindən, radiolokasiya stansiyalarından gedir. Azərbaycan ordusunun qarşısında dayanan bu silahlar olmayacaq! Problem necə həll olunur?

Və nəhayət! Qarabağ probleminin bitdiyini bu müharibəni alovlandıran, bu müharibədə Ermənistan qədər tərəf olan, 30 il bu müharibəni əlində təsir vasitəsi kimi saxlayan və hələ də buna cəhd edən ölkə də etiraf edir - Rusiya. Azərbaycan anti-terror əməliyyatı keçirir, bölgədə istənilən hərbi toqquşmanın qarşısını almalı olan sülhməramlılar isə tamamilə susqun formada müşahidə edirlər. Moskvadan isə qəribə bəyanatlar gəlir – “Sülhməramlıların həyatına təhlükə olmayana qədər qarışmırıq”, “Baş verənlərdən narahatıq, amma bu, Azərbaycanın daxili işidir” və s. Rusiya prezidentinin sözçüsü isə çox vacib bəyanatla çıxış edir: “Qarabağın mənsubiyyət məsələsi həll olunub”. Yəni, bu məsələ, “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Moskva üçün dünən, 3 il öncə, 30 il öncə deyil, bu gün həll olunub, son əməliyyatdan sonra! 

Ardınca isə Rusiya nümayəndəsi BMT Təhlükəsizlik Şurasında bütün dünyanın gözü qarşısında bir söz işlədir – Xankəndi. “Stepanakert” deyil, məhz Xankəndi! Qarabağ kimindir?

Görülməli çox iş var. O qədər böyük iş ki, bu, bir onilliyə sığmaya da bilər. Amma uşaqlığımızi, gəncliyimizı, qocalığımızı... həyatımızı əlimizdən alan problem tarixə çevrilir.

Qarabağ problemi həll olunub, cənablar!