Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qarabağ işğaldan azad edilən gün atamın ruhu şad olacaq”

Elə bir sahibi qüdrətliyə çatmış Vətənim,

Yeni dövran quraraq, köhnəni atmış Vətənim.

Əlli ildir ki, onun varlığın aləm tanıyır,

Əlli ildə yüz ilin şöhrətin almış Vətənim.

Şüarı dostluq olub, sülh olub, səadət olub,

Milyon insanlar ilə ülfəti qatmış Vətənim.

 

İndi bizdən necə gör, ölkələr ibrət götürür

Qolu zəncirli neçə xəlqi oyatmış Vətənim

Baxıram hər yana, aləm mənə cənnət görünür,

Cənnətin içrə, tamam şadlığa batmış Vətənim.

Bu cəlalla, bu büsatla, bu həyatla, ey könül,

Pünhanın dəhridə bil, ömrün uzatmış Vətənim.

(1967-ci il)

Şair, satirik Baba Pünhanın (Atababa Mədətzadə) vəfatından 17 il ötür. Qəlbi hər zaman Qarabağla döyünən, ancaq Qarabağı azad görmədən bu dünyadan köçən Baba Pünhanı qızı Cəmalə xanımla birlikdə yad etdik.

  • Cəmalə xanım, Baba Pünhan necə insan idi?
  • Atam çox vətənpərvər və mərd adam idi. Atam olduğu üçün demirəm, o, həddindən artıq gözəl insan idi. Əməllərinə, həyatına kənardan adi bir insan kimi baxıb, deyirəm: onun kimi insanlara Allahın dostu deyirlər. Atamın yalnız bir amalı var idi - insanlara kömək etmək. Heç bir maddiyyat güdmədən, xəstə ürəyi ilə insanlar üçün yardıma gedirdi. Heç kimə nə “yox” deyə bilirdi, nə də laqeyd qala bilirdi. Şəhərdə gəzərkən ona salam verməyən insan olmazdı. Kiminsə onu salamlamaq istədiyini hiss edən kimi, birinci o özü salam verirdi. Buna görə, xalq onu çox sevirdi. O zaman atamın efirlərə tez-tez çıxdığı vaxtlar idi. Hansısa mağazaya daxil olarkən hamı bir-birini çağırırdı ki, Baba Pünhan gəlib. Mağazadan çıxarkən hamı onu çöldə alqışa tuturdu...
  • Hər zaman Qarabağdan çox yanıqlı danışırdı. Qarabağ onun üçün nə demək idi?
  • Onun Qarabağ boyda bir dərdi var idi. O qədər fikir çəkirdi ki... Qarabağın azad olunmasını elə gözləyirdi ki... Məhz ona görə də, yaradıcılığının bir çox hissəsini Qarabağ haqqında şeirlərə həsr etdi. Demək olar ki, şeirlərinin çoxunda Qarabağın adı var. Ona görə də, çoxu onun qarabağlı olduğunu düşünürdü.
  • Çoxları elə fikirləşir ki, Baba Pünhan dindar olduğu üçün saqqal saxlayırdı, düzdürmü?
  • Hamı düşünürdü ki, dindar olduğu, Məşədi, Kərbəlayi olduğu üçün saqqal saxlayır. Əslində o, ziyarətə getməmişdən öncə - 90-cı illərdə, 20 Yanvar faciəsindən sonra saqqal saxlamağa başladı. Sonralar deyirdi ki, inşallah, Qarabağ işğaldan azad olduqdan sonra saqqalı qırxacam. Şəhidlərimizin qisasının alınacağı günü səbirsizliklə gözləyirdi...
  • O, necə bir dövran istəyirdi?
  • Deyirdi ki, kaş, elə bir dövran, zaman gələrdi ki, o zamana baxıb, ancaq gözəl şeirlər yazardım. O, ədalətsiz dünyadan yorulduğunu hər zaman dilə gətirərdi. Rəzillik, riyakarlıq, əyrilik, haqsızlıqdan yazmaqdan yorulduğunu dönə-dönə deyirdi.
  • Son günlərini, dünyasını dəyişdiyi günü necə xatırlayırsınız?
  • Atamın komada olduğu zamanlar - son on gün idi. Bir gün sübh namazının vaxtında əlimi göyə açdım, yalvardım ki, heç olmasa, bu gün atamdan xoş bir xəbər eşidək. Elə həmin vaxt göydən bir ulduz aşağıya yönəldi və çox güclü parlamağa başladı. Həmin ulduz aşağı endikcə, sanki daha çox böyüyür və parlayırdı. Və ulduz döndü, daha sonra sanki əridi və getdi... Evə keçdim, anama dedim, mənə elə gəlir ki, atam ölür. Bu zaman anam mənə dedi ki, yox, bu gün yaxşı yuxu görmüşəm, sağalıb, ayağa qalxacaq. Amma o hadisə sanki mənim üçün Allahdan bir işarə idi. Həmin hadisənin üstündən iki gün keçdikdən sonra atamın ürəyi dayandı...
  • Şeirlərində hər zaman sanki qəm yükü daşıyırdı.
  • O, həmişə deyirdi ki, mən bu dünyanın qəm zəncirini daşıyıram. Düzdür, bunu desə də, əlavə edirdi ki, buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Xalqın sevgisi, alqışı, yaxın, doğma münasibəti onu xoşbəxt edirdi. Şeirlərinin oxunması, əldən-ələ gəzməsi onu xoşbəxt edirdi. “Qulp” verilişinə çıxdıqdan sonra bizim ev telefonu susmaq bilmirdi. Tanınmış adamlar - musiqiçilər, xanəndələr, vəzifəli şəxslər bizə zəng vurub, atamı çıxışlarına görə təbrik edir, şeirlərini bəyəndiklərini deyirdilər.
  • İndi də onun şeirlərini bir çox insandan eşidirik. Amma fərq hiss olunur təbii ki…
  • Şeirlərini söyləyənlər indi çoxdur, amma şeirləri onun kimi çatdıra bilmirlər. Ona görə də, atam sağlığında deyirdi ki, əgər bu şeirləri özüm deməsəm, xalq onu başa düşməyəcək. Doğrudan da o, bunu bacarırdı, onda yaxşı alınırdı. Həkim həmişə ona deyirdi ki, şeirləri belə ürəkdən söyləmə, ürəyin xəstədir, sənə pis təsir edəcək. O isə cavab verirdi ki, bu şeirləri deməsəm, onsuz da ürəyim partalayacaq.
  • Təəssüf ki, bu günləri, Qarabağın azad olunmasını görə bilmədi...
  • Bu günlərdə sanki atamın da bir payı var. O, heç vaxt şəhidlərimizi, əsir qızlarımızı, qadınlarımızı unutmurdu. İnşallah, Qarabağ bütövlükdə işğaldan azad olunduğu gün atamın ruhu çox şad olacaq. Ömür vəfa etmədi. Kaş, o da bu günləri görəydi... Mənə elə gəlir ki, Azərbaycan xalqı Baba Pünhanı unutmayıb.
Ülviyyə Şahin